Dağlıq Qarabağ problemi və insan haqları
Dağlıq Qarabağ problemi və insan haqları

Diplomatlar Azərbaycana toplaşdı

Bu gün insan hüquq və azadlıqlarının qorunması Azərbaycan üçün prioritet mövzu olaraq qalır. Söhbət bir tərəfdən demokratik prinsiplər çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının təminatından, vətəndaşın cəmiyyətdə aktiv fərdə çevrilməsindən, siyasi maarifləndirilməsindən gedirsə, digər tərəfdən Dağlıq Qarabağ probleminin yaratdığı fəsadlar da bura şamil edilir.
Belə ki, Ermənistanın təcavüzü nəticəsində bu gün yüz minlərlə azərbaycanlının hüquq və azadlıqlarına ciddi təhlükə yaranıb və indiyə qədər bu problem , problem olaraq qalır. Məhz bu istiqamətdə də Azərbaycan hakimiyyəti ciddi addımlar atır və dünyaya azərbaycanlıların hüquq və azadlıqlarının ermənilər tərəfindən necə pozulduğunu çatdırırlar. Bu baxımdan prezident İlham Əliyevin xarici siyasətdəki aktivliyini xüsusi olaraq qeyd etmək lazımdır. Prezident sonuncu dəfə AŞPA-da da çıxış edən zaman açıq şəkildə bildirdi ki, bu gün Ermənistan nəinki Azərbaycanın ərazi bütövlüyünü pozub, həmçinin vətəndaşların hüquq və azadlıqlarına problemlər yaradıb, demokratik inkişafa regionda əngəllər törədirlər. Hələ bir neçə il öncə diplomatlar qarşısında çıxış edən prezident açıq şəkildə bildirmişdi ki, diplomatlarımız bu məsələyə həssas yanaşmalı və itirilən haqları qorumağa çalışmalıdırlar. Bu günlərdə yenə də Azərbaycan diplomatları Bakıya dəvət olundular və qarşılarına konkret məqsədlər qoyuldu."Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı.Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb".
Bu açıqlamanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: "Əsas məsələ ondan ibarətdir ki, müşavirə zamanı Azərbaycanın diplomatik korpusları, xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimiz və Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilir. Qarşıda duran fəaliyyət proqramı müəyyənləşdirilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev diplomatlar qarşısında təxminən bir saat çıxış edib. Bütün məsələlər ətrafında Azərbaycanın mövqeyini bir daha bəyan edib. Səfirlərə, XİN əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib".
Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü xarici siyasətin hücum xarakteri daşıması, Azərbaycanın maraqlarının müdafiə olunması qarşıdakı il ərzində də diplomatlarımız üçün əsas istiqamətlərdən olacaq.
Novruz Məmmədov bildirib ki, müşavirədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi, aparılacaq danışıqlar və görülən işlərdən danışılıb.
"Prezident İlham Əliyev müşavirədəki çıxışının 30 dəqiqəsini məhz Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Bununla bağlı Azərbaycanın beynəlxalq aləmdə yerinin, mövqeyinin getdikcə güclənməsi, beynəlxalq təşkilatlarda iştirakı, regionda liderliyi, irimiqyaslı layihələrin həyata keçirilməsi, xarici ölkələrə sərmayələrin qoyulması, eyni zamanda BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında və digər mühüm beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin daim diqqətdə saxlanılması bir daha vurğulandı".
PA rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bir daha bəyan edib. Bundan əlavə, toplantıda Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsi, beynəlxalq aləmə daha sıx inteqrasiyası, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məsələləri də müzakirə olunub."Diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi çox əlamətdar görüş oldu. Azərbaycan Prezidenti xarici siyasətimizin prioritet istiqamətlərini bir daha bəyan etdi. Azərbaycanlı diplomatları qarşısında mühüm və yeni vəzifələr qoyuldu". Bu açıqlamanı isə Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Aqşin Mehdiyev verib.
"Qarşıya qoyulan mühüm tapşırıqlardan biri xarici təşkilatlarla iş aparmaq, o cümlədən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafına nail olmaq idi".
Aqşin Mehdiyev Azərbaycanın xarici təşkilatlar qarşısında həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətə də diqqət çəkib. O, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru adlandırıb.
Diplomatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur."Prezident İlham Əliyevlə diplomatların görüşü mühüm ictimai-siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüş növbəti bir ildə görəcəyimiz işlərin əsasını müəyyən edir. Bu gün Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün müşavirənin keçirilməsi yeni imkanlar açacaq".Bu fikirləri də Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov deyib
"Qarşımıza qoyulan əsas istiqamətlərdən biri də beynəlxalq müstəvidə iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi oldu. Eyni zamanda diplomatlara beynəlxalq təşkilatlarla işin daha da canlandırılması tövsiyə olundu. Qazanılmış uğurları və nailiyyətlərin davam etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın münaqişənin həllində qəti mövqeyi, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına qətiyyətlə yol verilməməsi istiqamətində mühüm işlərin aparılması əsas məqsəd olaraq yenidən qarşımıza qoyuldu".
Hidayət Orucov qeyd edib ki, gündəlikdə olan strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək, ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələr səviyyəsinə yüksəltməkdir. Ekspertlər hesab edir ki, prezidentin diplomatlarla görüşü Azərbaycanın xarici siyasətində növbəti canlanma yaradacaq. Bunu da qeyd edək ki, bu il Ermənistan dünya miqyasında qondarma erməni "soyqırım"ının 100 illiyini qeyd etməyə hazırlaşır və sözsüz ki, hədəf həm də Azərbaycan olacaq. Ekspertlər hesab edir ki, buna görə Azərbaycan diplomatiyası hücum diplomatiyasını davam etdirməli və ölkədəki bir milyon qaçqın və məcburi köçkünün insan hüquq və siyasi azadlıqlarının qorunmasını təmin etməlidir. Haqlı olaraq bir sual ortaya çıxır, bir insan öz vətənindən qovulursa, illərdi ki, tapdalanmış haqlarını bərpa edə bilmirsə hansı demokratik inkişafdan danışmaq olar?belə olan halda necə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından danışmaq olar? Məhz bunları əsas gətirən ekspertlər hesab edir ki, bu istiqamətdə maarifləndirmə işlərini də gücləndirmək çox vacibdir. Bunu da qeyd edək ki, hazırda beynəlxalq təşkilatların özləri də etiraf edirlər ki, yaranan münaqişələr ilk növbədə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Nəzərinizə çatdıraq ki, Ermənistan işğalçılıq siyasətini davam etdirməklə tək azərbaycanlıların hüquqi və siyasi azadlıqlarına maneələr törətmirlər,həmçinin Erməninstanda yaşayan ermənilərin özləri də bütün insan hüquq azadlıqlarından, siyasi azadlıqlardan mərhum olublar. Çünki Ermənistan rəhbərliyi hazırda tam təcrid siyasəti həyata keçirir və bunun üçün ölkədə demokratik ab-havanın yaranmasında maraqlı deyillər. Amma bütün bu əngəllərə baxmayaraq Azərbaycan ölkədə insan hüquq və azadlıqlarının qorunması üçün əlindən gələni edir və vətəndaşlar arasında ayrıseçkiliyin yaranmamasından tutmuş, daha yaxşı yaşamaq haqlarının qorunması üçün bütün addımları atır. Bunun məntiqi nəticəsidir ki, artıq neçə ildir ki, Azərbaycanın dövlət büdcəsi sosial yönlüdür və əsas məqsəd insan faktorunun inkişafına yönəlib. Bundan başqa vətəndaş cəmiyyətinin formalaşdırılması ilə ölkədə kütləvi şəkildə həm də siyasi maarifləndirməyə xüsusi diqqət ayrıldı. Məhz prezident İlham Əliyevin əmri ilə ölkədə beyin mərkəzlərinin yaranmasına start verildi və bu gün peşəkar vətəndaş formalaşdırmaq istiqamətində mühüm addımlar atılır. Bunlarla yanaşı bu gün dövlət hesabına minlərlə gənc ölkədən kənarda təhsil almağa göndərilir ki, burada da əsas məqsəd cəmiyyətin maarifləndirilməsidir. Təhsil sektorunda həyata keçirilən islahatlar, Elmlər Akademiyasında yeni yanaşmaların ortaya çıxması cəmiyyətdə ziyalıların rolunu daha da artırmağa başlayıb. Bunlar isə özlüyündə daha demokratik bir cəmiyyət qurmağa və insan hüquq və azadlıqlarının qorunması deməkdir.