Sabah DÇ-2014-də yeni həyəcan başlayır
Sabah DÇ-2014-də yeni həyəcan başlayır

Tülküdən də bic olanlar: kim kimi aldadacaq?

Sabah Braziliyada keçirilən dünya çempionatının yarımfinal mərhələsi başlayır. Həyəcanın daha da artacağı bu mərhələdə Braziliya yığması Almaniya, Argentina isə Hollandiya ilə görüşəcək.
1/4 finalda Braziliya Kolumbiya üzərində qələbə qazanıb (2:1), almanlar isə fransızlardan üstün olublar (1:0). Argentina Belçikaya qalib gəlib (1:0), Hollandiya isə penaltilər seriyasında Kosta-Rikanı məğlub edib (4:3).
Artıq komandaların hansı şəhərdə, eləcə də hansı stadionlarda üz-üzə gələcəyi müəyyənləşib:
9 iyul
01:00 Braziliya - Almaniya
Belo Horizonte. "Mineyran" stadionu
10 iyul
01:00 Hollandiya - Argentina
San-Paulo. "Arena de San-Paulo"
"Hələ çox müzakirə olunacaq sürpriz komandalar, sürpriz nəticələr. Amma nə fayda, yarımfinalda yenə də favoritlərdi. Çoxları Braziliya, Almaniya, Argentina və Hollandiyanın yarımfinalda olacağını proqnozlaşdırırdı. "Day bunun nəyi sürpriz oldu ki" deyə bilərsiz". Bunu isə publika.az saytı yazır.
Yazıda deyilir: "Kosta-Rikanın 2 dünya çempionunu qrupda saxlaması, Əlcəzairin göstərdiyi oyun, Meksikanın Braziliyaya məğlub olmaması, Çilinin meydan sahiblərini sürüməsi sürpriz deyilsə, day mənim də sizə sözüm yoxdur.
İndi hər kəs möhtəşəm yarımfinal və final qarşılaşmalarının olacağından danışır. Fərqi yoxdur, finala hansı komanda çıxacaq. Hansı komandanın finalda olmasına baxmayaraq, arzulanan finalın olacağı şəksizdi.
Guya, yarımfinalda Meksika, Çili, Kolumbiya, lap elə Kosta-Rika olsaydı, nə olacaqdı? Mundialın üzüyünün qaşı düşəcəkdi? Qətiyyən! İnanmıram ki, kimsə bu komandaların yarımfinalda olmasına təəssüflənə, bunu futbolun ədalətsizliyi hesab edəydi.
Meydanda tökdükləri tərlə, sərgilədikləri oyunla, qoyduqları ürəklə bu komandalardan hər biri nəinki yarımfinalda, hətta finalda olmağı da haqq etmişdi.
Ancaq futbolun belə bir deyimi də var axı: "Bəxt güclülərin tərəfində olur".
Çili ilə oyunun son dəqiqəsində top qapı tirinə dəyərkən Braziliyanın tərəfində olan bəxti deyirəm ha. Və birdə təcrübə, təcrübə, yenə təcrübə. Min bəxtə dəyən təcrübə. İndi kimsə Hollandiyanın qələbəsindən danışmır ey, Lui van Qalın əlavə vaxtın son dəqiqəsində qapıçını əvəzləmsini müzakirə edir.
Budu ey təcrübə, taktiki uzaqgörənlik. Kolumbiyanın Braziliya ilə qarşılaşmada məhz bu təcrübəsi çatmadı. Argentina Belçikanı nəyin hesabına üstələdi? Elə təcrübənin. Yaxud Almaniya Fransaya necə qalib gəldi ki? Nizam-intizamlı oyunun və təcrübənin hesabına.
Hə, qırğın bundan sonra olacaq. Yarımfinalda təcrübəli, nizam-intizamlı 4 komanda var. İndi başaq amil tapmaq lazımdı ey qalib gəlmək üçün. Yazıq məşqçilər... Biz müzakirə aparırıq, futbolçular dincəlir, onlar isə axtarırlar. Qələbənin reseptini.
Tülküdən də bic olan bu 4 məşqçidən kim kimi aldadacaq? Yarımfinalda komandaların əsas ifaçısı baş məşqçilər olacaq. Meydanda can qoyacaq futbolçular məşqçilərin beyninin düşüncəsini canlandıracaqlar. Yarımfinalda futbol yox, beyin savaşı olacaq. İnanın mənə, bu savaş futbolu daha maraqlı edəcək".
İlkin Həsənoğlu