İnsan haqları ilə bağlı bəzi təşkilatların saxtakarlığı ifşa olunur
İnsan haqları ilə bağlı bəzi təşkilatların saxtakarlığı ifşa olunur

Azərbaycanda demokratik dəyərlər tənzimlənir

Azərbaycanda demokratiyanın və insan haqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb. Azərbaycanın müstəqilliyinin bərpasından qısa bir vaxt keçsə də hüquqi dövlət quruculuğu istiqamətində çox böyük bir yol keçilib. Ölkəmizdə demokratiyanın və insan haqlarının ən yüksək səviyyədə qorunması üçün Milli Məclisdə mütərəqqi qanunlar qəbul edilib, beynəlxalq konvensiyalar təsdiqlənib. Azərbaycanda qəbul olunmuş bir neçə qanun beynəlxalq səviyyədə model qanun kimi istifadə edilir. Bununla belə bir çox ölkədə olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarının qorunması məsələsi hər zaman beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Ölkəmizdə insan haqlarını qoruyan çox sayda vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərsə də, Azərbaycanda insan haqlarının qorunması ilə bağlı QHT-lərin hesabatlarında ziddiyyətlər olur.
"Unikal"ın bu mövzuda müsahibi Regional İnsan hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin sədri, Sosial Monitorinq Qrupunun koordinatoru Azad İsgəndərlidir.
-Azad müəllim, Azərbaycanda insan haqlarının qorunması istiqamətində vəziyyəti necə dəyərləndirirsiniz?
-Mən demək olar ki, bu sahədə hər hansı problem görmürəm. Şəxsən mənim özümün hüquq müdafiəçisi kimi bununla bağlı hər hansı problemim olmayıb.
-Amma bəzi hüquq müdafiəçiləri var ki, vəziyyətin əksini söyləyirlər...
-Düzdür, belələri var. Amma mənim fikrimcə, bu qərəzli hüquq müdafiəçilərinin fikridir. Onların çoxu beynəlxalq təşkilatların diktəsi ilə bu cür bəyanatlar verirlər.
- Bir az da sizin rəhbərlik etdiyiniz QHT-dən danışaq. Sosial Hüquqların Monitorinq Qrupu nə zamandan fəaliyyət göstərir və əsas məqsədi nədir?
-Qrupda 58 qeyri-hökumət təşkilatı və media qurumları birləşib. Mən isə Regional İnsan hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin sədriyəm.Təşkilat 2006-cı ildə yaranıb və həmin ildə də Ədliyyə Nazirliyindən rəsmi dövlət qeydiyyatından keçib. Qrupumuz isə, yəni Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) 2011-ci ilin may ayının 16-da, prezident İlham Əliyevin "İctimai nəzarət gücləndirilməlidir" bəyanatından sonra yaradılıb. SHMQ-nin təsis iclasında da məni səsvermə yolu ilə qrupun koordinatoru seçdilər. SHMQ olaraq məqsədimiz ölkədə sosial sahələrdə monitorinqlər aparmaq və sosial hüquqlarla bağlı pozuntuları ortaya çıxarıb hakimiyyət orqanları qarşısında problem kimi qaldıraraq onun tez bir zamanda həllinə nail olmaqdır. Bizim siyasi mənsubiyyətimiz yoxdur. Biz dövlətə , millətə xidmət edirik. Və hər bir zamanda İctimai Vəkil olaraq milləti dövlət başçısının ətrafında sıx birləşməyə çağırırıq, çünki ölkə daxilində sabitlik və birlik olmasa biz heç bir nailiyyətə imza ata bilməyəcəyik.
-Fəaliyyət dövrü ərzində nə kimi layihələr həyata keçirmisiniz?
-Qrupumuz yeni yarandığından və əsas vəzifəsi yalnız monitorinqlər aparmaq olduğundan biz layihələrə elə də üstünlük vermirik. Amma rəhbəri olduğum təşkilat bir çox layihələr həyata keçirib ki, onlardan " Şagirdlər arasında antinarkomaniya təbliğat kampaniyası", "Kür çayından düzgün istifadə qaydaları", " Ətraf mühitin sağlamlaşdırılmasında icmanın rolu" ," Sahibkarların kreditlərə və digər resurslara çıxışının təmin edilməsi və maarifləndirilməsi" və.s var. Qrupumuz prezidenti İlham Əliyevin imzaladığı "Antikorrupsiya tədbirləri haqqında" sərəncamla bağlı monitorinq apardı. Ölkədə korrupsiyaya qarşı mübarizə demək olar ki, tam şəkildə getmir , hələ də ciddi nöqsanlar var. Monitorinqlərimiz hələ də davam edir.
-Sizcə Azərbaycanda əhalini öz sosial hüququnun qorunmasında fəal hesab etmək olarmı?
-Deyərdim ki, yox. Çünki, əksər hallarda insanlar öz hüquqlarını tələb belə etməkdə tənbəllik edirlər. Adi ərizə ilə müraciət edib hüquqlarını tələb etmək onlara dağı aşmaq kimi çətin bir iş gəlir. Vətəndaş özü maraqlı olmalıdır ki, onun pozulmuş hüququ bərpa olunsun. Bu zaman QHT vətəndaşa bu mənada dəstək ola bilir. Amma çox təəssüf ki, insanlar çox hallarda öz hüquqlarını bilmirlər. Mənim fikrimcə, sosial baxımdan maarifləndirməyə ciddi ehtiyac var. Vətəndaş bilməlidir ki, bu ölkədə onun hüququ nədən ibarətdir və onun haqqını qoruyan QHT-lər fəaliyyət göstərir.
-Çoxları hüquq müdafiəçilərinin olduğundan xəbərsizdir?
-Əlbəttə, elə bilirlər ki, bu məsələlərdə onların yanında dayanan, təmənnasız dəstək olan təşkilatlar, şəxslər yoxdur. Bu da bu sahədə fəaliyyət göstərən QHT-lərin fəaliyyətsizliyindən irəli gılir. Bəzi QHT-lər bu istiqamətdə işlərini düzgün qurmurlar. Nəticədə QHT-lərə olan inam da azalır. Həmçinin əhali maarifləndirilməlidir. Bu istiqamətdə QHT-lər çoxsaylı layihələr həyata keçirməlidir.
-Vətəndaşların ən çox hüquqları hansı sahələrdə pozulur?
-Ünvanlı Sosial Yardımların ayrılması, əlilliyin təyinatı ilə bağlı problemlər vardı ki, bunlar tədricən ortadan qalxır. Amma hələ də bu sahədə monitorinqlərin keçirilməsinə, şəffaflığın qorunmasına ehtiyac var.
-Bu gün QHT-lərin həyata keçirdiyi layihələrin effektivliyi barəsində müəyyən fikirlər səslənir. Siz necə hesab edirsiniz, təşkilat olaraq həyata keçirdiyiniz layihələr nə dərəcədə effektli olub?
-Sizə onu deyim ki, layihələrin effektivliyi əsasən donorlardan asılıdır. Əgər donor verdiyi vəsaiti yoxlamır, nəzarətdə saxlamırsa onda təbii ki, elə bir layihələrin icrasında qaranlıq məqamlar ola bilər. Amma bunu bütünlüklə bütün QHT-lərə şamil etsək ədalətlilik prinsipi pozulmuş olar. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurasının iş prinsipini mən çox bəyənirəm. Şura verdiyi vəsaiti daima yoxlayır, nəzarətdə saxlayır və hesabat alır hər formada. Əlbəttə ki, belə olan tərzdə layihələrin effektivliyi də olacaq , davamlılığı da. Ona görə də fürsətdən istifadə edərək QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki Azərbaycanda ictimai sektorun inkişafında bu insanın zəhməti danılmazdır. Yenə təkrar edirəm, bizim həyata keçirdiyimiz layihələrin hər zaman effektivliyi də olub, davamlılığı da göz önündədir.
-QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əlaqələriniz hansı səviyyədədir?
QHT-lərə Dövlət Dəstəyi Şurası ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Ölkədə QHT-lər Şuranın hesabına ayaq üstündə dururlar. Mən eyni zamanda, təşkilatı və SHMQ adından QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranması münasibətilə dövlət başçısı Möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm.
-Yerli donor təşkilatlarla yanaşı hər hansı xarici donorlarla əlaqəniz var? Varsa bu özünü hansı səviyyədə göstərir?
-Mən ümumiyyətlə xarici donorlarla işləmirəm və işləmək niyyətim də yoxdur.Onun üçün bu sualınızla bağlı bir şey deyə bilmərəm.
-Gələcək planlarınız barəsində nə deyə bilərsiniz?
-İşlərimizi davam etdirmək, Azərbaycanda qanunçuluğun əməl olunması sahəsində dövlət orqanlarına yardımda bulunmaq, insanların sosial və digər hüquqlarını var gücümüzlə qoruyub müdafiə etmək. İnsanların bizə müraciət etmələri üçün sayt yaratmışıq. Qəzetiniz vasitəsilə bu saytı vətəndaşlarımıza çatdırmaq istəyirəm: Sosialxeber.org. Bu saytın "əlaqə" bölümünün vasitəsilə bizə ulaşmaq çox asandır. Eləcə də vətəndaşların sosial hüquqlarının müdafiəsi istiqamətində monitorinqlərimizi davam etdiririk.