Saakaşvili: "Mən beli yəhər görməyən at kimiyəm"
Saakaşvili: "Mən beli yəhər görməyən at kimiyəm"

"Mən həmişə müstəqil adam olmuşam. Məni nəzarətdə saxlamaq mümkün deyil".
Bunu açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. O, ABŞ kəşfiyyatı ilə sıx əlaqələrdə ittiham olunmasına belə münasibət bildirib.
M.Saakaşvili deyib ki, onun başının üstündə heç vaxt rəis-müdir olmayıb: "Mən ABŞ-da tamamilə azad adam, müstəqil bir hüquqşünas olmuşam. Sonra deputat seçilmişəm. Bəli, mən çox qısa müddət nazir olmuşam (ədliyyə naziri-red.), amma həddən artıq azad, öz mövqeyi olan bir nazir olmuşam. Sonra isə Tiflis şəhərinin özünüidarə sisteminə rəhbərlik etmişəm. Adından da göründüyü kimi, burada da müstəqil olmuşam, özüm idarə etmişəm, idarə olunmamışam. Nəhayət, gürcü müxalifətinin lideri olmuşam, daha sonra prezident seçilmişəm. Ona görə də kiminsə məni yanına çağırıb göstəriş verməyini özlüyümdə heç cürə təsəvvür edə bilmirəm. Belə şey necə ola bilər - bunu da təsəvvür eləyə bilmirəm. Belə deyim də, mən bir növ beli yəhər görməyən at kimiyəm. Xaraktercə elə adamam ki, heç bir ölkənin xüsusi xidmət orqanı mənə etibar etməz. Çünki dilimi dinc qoya bilmirəm. Mən nə sirr saxlaya bilmirəm, nə də sirləri sevmirəm".