AXCP-yə qarşı etirazlar artır
AXCP-yə qarşı etirazlar artır

BAXCP sədrinin müavini: "Əli Kərimli Azərbaycan siyasətində xəyanət simvoludur"

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışı narazılığa səbəb olub.
ADP sədrinin Azərbaycanda xalq hərəkatı ilə bağlı bütün məsələləri AXC lideri Əbülfəz Elçibəyin adı ilə bağlamağın düzgün olmamasını deməsi aranı qatıb. Bu vaxt AXCP üzvləri səs-küy salaraq onun çıxışına etiraz ediblər. AXCP üzvləri isə yenidən etiraz etdikdə, S.Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib.
Cəbhəçilərin siyasi mədəniyyət qaydalarına, eyni zamanda, milli mentalitetə uyğun olmayaraq, tədbirə qonaq kimi dəvət olunan şəxsi qovmaqları digər müxalifət partiyaları tərəfindən də pis qarşılanıb.
Bu barədə "Unikal"a açıqlama verən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı cəbhəçilərin bu hərəkətini mədəniyyətsizlik kimi dəyərləndirib. Onun sözlərinə görə, Əli Kərimlinin yanındakı olan adamlar qaraguruhdur: "Bu adamların evə dəvət etdiyi qonağa hörmət etmək qabiliyyətləri də yoxdur. Dünən Yurdun keçirtdiyi tədbirin,eləcədə Əli Kərimlinin Əbülfəz Elçibəyin AXCP-nə heç bir aidiyyatı yoxdur., Tədbirdə Sərdar Cəlaloğluna qarşı baş verən hadisəyə yalnız onu demək olar ki,bu Əli Kərimlinin mədəniyyətsizliyi kimi qəbul edilməlidir. Bu adam Əbülfəz Elçibəyi daim təhqir etdirib və onun əleyhinə uzun müddət hakmiyyətdən pul almaqla fəaliyyət göstərib. Belə bir adam indi utanmadan özünü "Əbülfəz bəyin AXCP-nin varisiyəm" adlandırır. Əbülfəz bəy dünyasını dəyişəndən sonra AXCP-nin son qurultayında Əbülfəz Elçibəyin özünün formalaşdırdığı AXCP Rəyasət Heyətinin 19 nəfər üzvündən bir nəfər də Əli Kərimlinin yanında qalmayıb. Əbülfəz bəyin vaxtından Əli Kərimlinin yanında motros Faiqdən başqa bir kimsə yoxdur".
Müsahibimiz onu da nəzərə çatdırb ki, AXCP rəhbərliyinin yürütdüyü siyasət nəticəsində belə bir iyrənc mühit formalaşıb: "Bu, birbaşa siyasi mədəniyyətsizlikdir. Məncə , Əli Kərimlidən bundan artıq nəsə gözləmək düz deyil. Onu yaxından tanıyan adamlar bilir ki, o əsl bolşevikdir və bu təfəkkürlə yaşayan adamdır. Əli Kərimli Azərbaycan siyasətində xəyanət simvoludur".
Qərib Gərayzadə