3-cü sektor sosial sifarişlərdən məhrumdur
3-cü sektor sosial sifarişlərdən məhrumdur

"İctimai iştirakçılıq haqqında" qanun qəbul edilsə də, QHT-lərlə dövlət qurumları arasında demək olar ki, əməkdaşlıq yox səviyyəsindədir

Ötən ilin aprel ayında qəbul edilən "İctimai iştirakçılıq haqqında" qanun 3-cü sektora mərkəzi və yerli icra orqanlarının işinə ictimai nəzarət etmək imkanı yaratdı. Hələki QHT-lər bunun üçün İctimai Şuralar yaratmasalarda, bu qanun vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının işinə nəzarət imkanı verir. Amma bu QHT-lərə dövlət qurumlarının işində ictimai iştirakçılıq üçün açılan kiçik bir qapıdır. Çünki, əhalinin sosial baxımdan aktivliyinin artırılması üçün QHT-lərlə dövlət qurumları arasında demək olar ki, əməkdaşlıq yox səviyyəsindədir.
Bu gün ölkədəki Qeyri Hökumət Təşkilatları (QHT) sosial sifarişlərdən məhrumdurlar. Hazırda dövlət QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə maliyyə vəsaitləri ayırsa da, bu 3-cü sektoru maliyyə sıxıntısından qurtara bilmir. Şuranın keçirdiyi maliyyə müsabiqələrində qalib gələn QHT-lər növbəti layihəni həyata keçirmək üçün ən azı bir il gözləməli olurlar. Bəzi QHT-lər beynəlxalq təşkilatlardan aldıqları qrant hesabına ilboyu həyata keçirdikləri layihələrin sayını iki, yaxud da üçə çatdırsalar da, əksəriyyəti gözünü Şuranın növbəti il keçirəcəyi maliyyə müsabiqəsinə dikir. Bu da öz növbəsində QHT-lərin davamlı fəaliyyətinə əngəl törədir. Halbuki Avropa ölkələrində QHT-lər bu problemi çoxdan arxada qoyublar. Daha doğrusu dövlət QHT-lərin bu problemini köklü şəkildə həll edib. QHT-lərə dövlətin dəstəyi ilə bağlı dünya təcrübəsində zəngin nümunələr var. Xorvatiyada QHT-lərin dövlət tərəfindən ayrılan illik büdcəsi 264 milyon avrodur. Böyük Britaniyada QHT-lərlə iş üzrə fəaliyyət göstərən təşkilatlardan biri nazirlik statusundadır. Macarıstanda QHT-lərin dövlət tərəfindən ayrılan illik büdcəsi 3,5 milyard avrodur. Amma Macarıstan dövləti QHT-lərə bu maliyyə yardımı ilə kifayətlənmir. Bu ölkədə hökumət sosial aktivliyin artırılması məqsədilə keçirilən sosial layihələrini, sosial sahələrlə bağlı məsuliyyətini konkret bir quruma QHT-lərə verib. Macarıstanda QHT-lər hətta ünvanlı sosial yardımlar da verir. Aztəminatlı ailələrə, əlil və kimsəsizlərə, uşaqlara yardımların da QHT-lərin vasitəsilə həyata keçirilməsi nümunələri var. Bu təcrübədən bizdə də yararlanmaq olar.Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz ekspertlər də bu gün QHT-lərə dövlət büdcəsindən maliyyə müsabiqələri üçün ayırmalarla yanaşı, dövlət orqanları tərəfindən sosial sifarişlər verilməsini məqsədəuyğun sayırlar. Uşaq Hüquqları üzrə QHT Alyansının əməkdaşı Dadaş Əhmədov deyir ki, hələki Azərbaycanda dövlət orqanları ilə QHT-lərin bu cür əməkdaşlıq təcrübəsi yoxdur. Halbuki dövlət qurumlarının QHT-lərlə sosial sifariş əsasında əməkdaşlığına çox böyük ehtiyac var. Alyansın əməkdaşı bunun səbəbini ölkədə hələ indiyədək "Sosial sifarişlər haqqında" qanunun qəbul olunmaması ilə bağlayır. D. Əhmədovun sözlərinə görə, dövlət orqanlarının QHT-lərlə sosial sifariş əsasında əməkdaşlığı üçün öncə hüquqi baza olmalıdır. Amma indiyədək "Sosial sifarişlər haqqında" qanun qəbul olunmayıb. Bu səbəbdən də dövlət orqanları QHT-lərə sosial sifarişlər verə bilmir.
D. Əhmədov deyir ki, dövlət büdcəsindən QHT-lərə maliyyə vəsaitinin ayrılması bu sahənin inkişafına təkandır. Amma QHT-lərin inkişafı onda baş verər ki, Azərbaycanda "Sosial sifariş haqqında" Qanun qəbul edilsin: "Bu dövlətin özünə də xeyir gətirər. Elə işlər var ki, dövlət qurumları öz işçilərini həmin iş üçün səfərbər edə bilmir. Elə götürək rəsmi qonaqların səfərini. Xarici ölkələrin əksəriyyətində dövlət qurumları qonaqlarını yerləşdirməkdən tutmuş, yola salmağa qədər bu işləri QHT-lərə həvalə edir. Bu iş sosial sifariş əsasında yerinə yetirilir. Və çox yüksək səviyyədə nəticə əldə olunur. Amma bizdə dövlət orqanları bu işi də özləri görürlər. Çünki dövlət qurumunun vaxtını alan bu işi hansısa QHT-na həvalə etmək üçün hüququ baza, "Sosial sifarişlər haqqında" qanun qəbul olunmayıb".
D. Əhmədovun sözlərinə görə, bu gün dövlət orqanlarının çoxu vaxtını sorğu, monitorinq, qiymətləndirmə aparmağa, təlim keçirməyə sərf edir. Halbuki bu kimi çoxsaylı iş və xidmətləri sosial sifariş əsasında QHT-lərə gördürmək olar: "Bu yolla dövlət orqanlarında çalışanlar vaxtlarını daha səmərəli və vacib işlərə sərf edə bilər, QHT-lər üçün isə işsizlik problemi aradan qalxar. Həmçinin şəffalıq qorunar. Bu dövlətə başqa bir tərəfdən də xeyir gətirə bilər. Xarici təcrübə göstərir ki, QHT-lər bu cür sosial sifarişləri dövlət orqanlarına başa gələndən daha ucuz qiymətə həyata keçirirlər. Bu gün ölkədə uşaq hüquqlarını qoruyan çoxsaylı QHT-lər var. Bu sahədə icma əsaslı reabilitasiya mərkəzləri də fəaliyyət göstərir. Amma uşaq hüquqlarının qorunması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin çoxunu bu işə bilvasitə aidiyyatı olan dövlət orqanları özləri xərcləyirlər. Halbuki dövlət orqanları uşaq hüquqlarının qorunması yönündə görüləcək bəzi işləri QHT-lərə sifariş verə bilər. Bir çox ölkələrdə icma əsaslı reabilitasiya mərkəzləri dövlət orqanları tərəfindən maliyyələşdirilir. Bizdə isə icma əsaslı reablitasiya mərkəzləri ayrı-ayrı donorlar tərəfindən maliyyə dəstəyi alır. Məsələn bu gün, dövlətin çoxsaylı internat və sair yaratmasındansa, hansısa icma əsaslı reablitasiya mərkəzini maliyyələşdirməsi ona daha sərfəlidir. Rayon mərkəzindən kənarda fəaliyyət göstərən hansısa icma əsaslı reablitasiya mərkəzini maliyyələşdirməklə uşaqların gündüz həmin reablitasiya mərkəzində, axşam isə elə ailəsinin yanında qalmasını təmin etmək olar. Bu dövlətə internatı maliyyələşdirməkdən daha ucuz başa gələr".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov da QHT-lərin dövlət orqanları ilə sosial sifariş əsasında işləməsinin vacib olduğunu söyləyir. S. Məmmədov deyir ki, bu gün ayrı-ayrı dövlət orqanları, nazirliklər QHT-lər üçün kiçik qrant müsabiqələri keçirir. Liqa sədri belə dövlət qurumlarına Gənclər və İdman Nazirliyini və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasını misal gətirir. QHT-lərin dövlət orqanları ilə sosial sifariş əsasında işləməsi isə bu günkü şəraitdə mümkünsüzdür: "Çünki, bu gün "Dövlət Satınalmalar haqqında" qanunla QHT-lər kommersiya qurumları ilə bərabər şəkildə dövlət sifarişlərində iştirak etmək hüququna malik deyillər. Qanun imkan versə belə resursların və şərtlərin ağırlığı QHT-ləri bu dövlət sifarişlərində iştirakdan məhrum edir. Ona görə də "Sosial sifariş haqqında" qanun qəbul olunmalıdır ki, dövlət orqanları QHT-lərə sifarişlər verə bilsin. Bu gün nazirliklər var ki, öz işlərinə aid olmayan işləri həyata keçirirlər. Bir də görürsən ki, Dövlət Yol Polis İdarəsi yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparmaq üçün reklam çarxları hazırlayıb nümayiş etdirirdi. Xarici ölkələrdə dövlət orqanı bu işləri tender vasitəsilə QHT-lərə həvalə edirlər. Vaxtıilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların verilməsi ilə bağlı maarifləndirmə işi apardı. İcrasına 600 min manat ayrılan bu işi dövlət orqanı çox effektsiz həyata keçirdi. Halbuki bunu sosial sifariş əsasında QHT-lərə həvalə etməklə çox uğurlu bir nəticə əldə etmək olardı. Bu gün bizim tanıdığımız və ölkədə fəaliyyət göstərən ABŞ-ın Milli Demokratiya İnstitutu var ki, dövlət depatamentinin podratçı təşkilatlarıdır. Dünyanın 65 ölkəsində seçki monitorinqi keçirən bu təşkilat bu işi dövlətə başa gələndən daha sərfəli qiymətə həyata keçirir. İndi dünyada dövlətlərin çoxu öz yükün QHT-lər vasitəsilə azaldır".
Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli isə hələki gündəmdə "Dövlət Sosial Sifarişi haqqında" qanunun müzakirəsinin olmadığını bildirdi. Amma H. Rəcəbli də bu qanunun qəbuluna ciddi ehtiyac duyulduğunu etiraf edir. Komissiya sədri deyir ki, əksər ölkədə dövlət sosial sifarişlər əsasında QHT-lərə maliyyə vəsaitləri ayrır. Onun fikrincə, Azərbaycanda da dövlət orqanları ictimai təşkilatlara belə sifarişlər verə və həmin sifarişlər əsasında qrant vəsaitləri ayıra bilər: "Avropada QHT-lər dövlət və hakimiyyət orqanları üçün tədqiqatlar, monitorinqlər aparıb əvəzində onlardan qrant alır. Bizdə də "Dövlət Sosial Sifarişi haqqında" qanun qəbul olunsa, bəzi dövlət orqanları QHT-lərə sifarişlər verə bilər. Məsələn, qocalara sosial qayğı xidmətini bu gün dövlət orqanı həyata keçirir. Əgər gələcəkdə bu qanun qüvvəyə minsə, sosial sifariş əsasında dövlət orqanının bu işini QHT həyata keçirə bilər".