Azərbaycanda korrupsiya ilə necə mübarizə aparmalı?
Azərbaycanda korrupsiya ilə necə mübarizə aparmalı?

Ekspert: "Korrupsiyaya qarşı mübarizə tədbirləri daim yeniləşməli, qanunvericilk baza təkmilləşdirilməlidir"

2014-cü ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən vətəndaşların 1603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 53 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Bunu sözügedən idarənin rəisi Kamran Əliyev deyib.

İdarə rəisi bildirib ki, ilin birinci yarısında istintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
K.Əliyevin sözlərinə görə, cinayət başında yaxalanmış şəxslər barəsində 6, korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb. 2014-cü ilin birinci yarısında məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min manatı və ya 50,6 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb. Maraqlıdır, Azərbaycanda mütəmadi olaraq korrupsiyaya qarşı mübarizə aparıldlığı bir şəraitdə bu növ cinayətin sayının maksimum azalmamasının kökündə hansı amillər durur.
Hüquqşünas Mirzə Manafov bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksək səviyyədə aparılır və demək olar ki, nəticəsini verməkdədir: " Hələ Azərbaycanda 13 yanvar 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, korrupsiyanın qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Göründüyü kimi "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun ölkə həyatının bütün sahələrini əhatə edir. Yəni, qanunvericilikdə korrupsiya cinayətlərinin baş verə biləcəyi bütün sahələr üzrə mübarizə tədbirləri nəzərdə tutulur. O məsələni də xüsusilə qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə məsələsində dövlətin siyasi iradəsinin olması vacib şərtdir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsi arzuolunan səviyyədədir. Xüsusən son vaxtlar korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb. Ölkəmizdə korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası həyata keçirir".
Hüquqşünasın sözlərinə görə, ölkədə həyata keçirilən mübarizə tədbirlərini effektli hesab etmək olar: "Beynəlxalq təcrübə göstərir ki, korrupsiya cinayətləri əsasən yüksək rütbəli məmurlar tərəfindən törədildiyindən onun aşkar edilməsi və onun nəticələrinin aradan qaldırılması elə də asan məsələ deyil. Baxmayaraq ki, bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirirlər, ancaq bu növ cinayəti aşkarlamaq olduqca mürəkkəb prosesdir. Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Odur ki, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər və bu statusda olan digər dövlət və özəl sektorun təmsilçiləri korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri hesab olunur. Bütün bunlara baxmayaraq, təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə tədbirləri daim yeniləşməli, qanunvericilk baza təkmilləşdirilməlidir. Düzdür, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübəyə yetərincə istinad edilir, beynəlxalq konvesiyalar ratifikasiya edilir. Ancaq bununla yanaşı, bir milli mübarizə metodu müəyyən edilməlidir ki, həmin metod yerli xüsusiyyətlərə uyğun olsun".
Alim