"Gələn il parlamentin tərkibi xeyli dərəcədə dəyişəcək"


"Gələn il parlamentin tərkibi xeyli dərəcədə dəyişəcək"

İlqar Altay: "Çünki indiki mürəkkəb geosiyasi dövr və məkanda parlament ayaqlaşmağı bacarmalıdır"

Hazırda seçki ilini yaşasaq da, ölkə daxilində ictimai-siyasi proseslərdə durğunluq müşahidə olunur. Bunu qarşıdan gələn bələdiyyə seçkilərinin bir o qədər də əhəmiyyətli olmadığı ilə əlaqələndirirlər. Bu və ya digər məsələlərlə bağlı "Unikal"a müsahibə verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb:

- İlqar müəllim, bu il bələdiyyə seçkiləri ilidir, amma ölkədə ümumi bir passivlik var. Sizcə, ictimai-siyasi arenadakı süstlük nə ilə bağlıdır?
- Adətən, bizim kimi yeni müstəqillik əldə etmiş postsovet ölkələrində ictimai-siyasi aktivlik iki səbəbdən asılı olur. Birincisi daxili stimuldur, yəni xalq və cəmiyyətdə ölkə siyasi sistemindəki yenilik və dəyişikliyə maraq ruhunun oyanması. İkinci isə xaricdən gələn impulslardır ki, bu zaman beynəlxalq ictimaiyyətin bu ölkəyə diqqət və marağı intensiv dərəcədə artır. Bu hər iki faktor ölkədəki siyasi mühiti, müxalifəti, ictimai təşkilatları, potensiallı ictimai-siyasi xadimləri oyadır, aktivləşdirir. Təbii ki, siyasi hakimiyyət də oyanma qarşısında boş dayanmır, adekvat aktivliyini artırır. Nəticədə baxırsan ki, ölkədə canlanma, hətta müsbət mənada bir çalxalanma yaranıb. Azərbaycanda bu il hələlik bunların heç birisi yoxdur, müşahidə olunmur. Ümid edək ki, qarşıdakı bələdiyyə seçkiləri buzu sındırsın.
- Maraqlıdır, göstərdiyiniz aktivlik yaradan səbəblər niyə sönükdür bu il?
- Dediyim o xalq, cəmiyyət faktorunun sönüklüyünü, passivliyini götürsək, mənim fikrimcə bunun səbəbi keçən ilki prezident seçkiləri ilə bağlıdır. Prezident seçkiləri bilirsiniz ki, ölkədə digər parlament və sair kimi seçkilərdən daha həlledici, daha diqqət çəkəndir. Xalq da oyandı, diqqət yönəltdi, böyük ümidlə gərgin 2013-cü il seçki mübarizəsini gözlədi. Özünü iqtidarın əsas rəqibi kimi, yəni müxalifətin indiyəcən ən geniş birliyi kimi irəli sürən Milli Şura bir yetkin təşkilat kimi iflsa uğradı. Seçki mühitində sanki mübarizə tükəndi. İqtidar heç bir müqavimətsiz öz liderinin seçkisini təmin etdi. Xaric də bununla sanki barışdı. Nəticədə isə, xalqda gözlənilən maraq öldü, ümumi bir durğunluq yarandı. Həmin durgunluq hələ də davam edir. Qaldı ki, beynəlxalq faktor bu saat Azərbaycan üçün yox dərəcəsindədir. Beynəlxalq güclərin başı bu saat son dərəcə təhlükəli Ukraynaətrafı hadisələrə qarışıb.
- 2013-cü il seçkilərində siz də prezidentliyə namizədliyinizi irəli sürdünüz. Amma nədənsə son anda geri çəkildiniz, rəsmi olaraq namizədliyinizi geri götürdünüz.
- Bilirsiniz, partiyasız müstəqil insan seçkilərdə o zaman nəticə göstərə bilər ki, ortada mübarizə qızışsın, siyasi tərəflər, böyük təşkilatlar arasında rəqabət güclənsin. Əgər həlledici anda rəqabət sönürsə, syasi partiya və birliklər faktiki olaraq iflas olub sıradan çıxırsa və ölkədə tək bir namizədin prezident olacağına şübhə qalmir. Və o zaman bir tək müstəqil namizədin sonacan mübarizə görüntüsü yaratmasının, reklam xatirinə bunu etməsinin mənası qalmır.
- 2013-cu ildə YAP hakimiyyəti qalib gəldi. Son bir ildə baş verən dəyişiklikləri necə qiymətləndirirsiniz? Prezidentin apardığı kadr dəyişikliyinə münasibətiniz necədir?
- Məncə son bir ildə, yəni 2013-cü il seçkilərindən sonra müxtəlif sahələrdəki kadr dəyişiklikləri əvvəlki illərə nisbətdə daha çoxsaylı oldu. Xüsusən də, dövlət başçısının bir sira vacib sahələr üzrə addımlarını və ordu və təhsil sahəsindəki kadr islahatlarını qeyd etmək olar. Ümid etmək olar ki, bu islahatlar sonrakı dövrdə, başqa sahələrdə də daha intensiv xarakter alar. Çünki dünya sürətlə inkişaf edir və geri qalmaq olmaz. Xüsusilə də, ölkədə geniş vüsət almış korrupsiya və məmur özbaşınalığının qarşısının alınması istiqamətində kəskin addımlar atılmasının vaxtıdır.
- Hazırda müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hər bir ölkədə müxalifətin fəaliyyəti onun daxili potensialından və yerli şəraitdən asılıdır. Xüsusən güclü, oturuşmuş iqtidarın hokm sürdüyü şəraitdə xalqın və beynəlxalq aləmin dəstəyi bu fəaliyyət üçün vacibdir. Bu amillər yoxdursa, fəaliyyət də yoxdur və açığı, müxalifətdən gözlənti də yoxdur. Belə halsız durumdakı siyasi təbəqəni tənqid etmək belə yersiz kimi çıxır, açığı.
- Ötən seçkilərdən formalaşan Parlamentin fəaliyyətini necə dəyərləndirərdiniz?
- Mənim fikrimcə, elə də güclü və effektli Parlament yaranmadı ötən seçkilərdə. Azərbaycan dövlətçiliyinin inkişafı üçün indiki Parlamentin elə bir aktivliyi olmadı. Bir çox layiqli insanlar parlamentə düşə bilmədi. Bir neçə savadlı və zəhmətkeş deputatı çıxmaqla bir çoxlarının fəaliyyət aktivliyi görsənmədi. Əksinə bir sıra müxalifət və hətta iqtidar düşərgəsi sırasından çıxış edən deputatlar öz yersiz addımları ilə camaatda qıcıq yaratdılar, parlamentə və dövlətə başağrısı gətirdilər. Əminəm ki, gələn parlamentin tərkibi xeyli dərəcədə dəyişəcək. Çünki indiki mürəkkəb geosiyasi dövr və məkanda belə tərkib və keyfiyyətdəki parlament ölkənin inkişafında çətin ki, digər hakimiyyət qollarının addımları ilə ayaqlaşa bilsin.
- Qarşıdan gələn 2015-ci il parlament seçkilərindən gözləntiniz yüksəkdir deyəsən.
- Parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında böyük hadisədir. Bir cox hallarda ictimai-siyasi mühiti və nəticə etibarı ilə bütün ölkəni dəyişib irəli aparan amilə çevrilə bilir. Ona görə hər kəsdə ümid yaranır, belə genişmiqyaslı seçkilərə təbii ki.
- Sizcə, bu seçkidə müxalifətin şansı varmı?
- Parlament seçkilərinə hələ bir ildən çox vaxt var. Bir il müddəti indiki dünyada hadisələrin sürətlə cərəyan etdiyi dövrdə az müddət deyil. Yəni kifayət qədər vaxt var ki, müxalifət ayılsın, düşünsün, hazırkı passiv durumdan çıxsın. İndiyədək uzun illər apardığı köhnə nəticəsiz ideya, strateqiya və taktikasına baxıb yəni cəmiyyəti, xalqı cəlb edə biləcək yeni, nəsə ortaya qoysun. Şanslar buradan qaynaqlana bilər yalnız.
- Özünüz namizəd olacaqsızmı?
- Doğrusu, həyatım yeni və ciddi dəyişikliklər, variantlar astanasındadır. Duşüncələrim bu ilki planlarımı əhatə edə bilir yalnız. Zamanında vəziyyətə baxarıq.
- Siz tanınmış qeyri-hökumət təşkilatının rəhbərisiniz. Ümumiyyətlə, ölkədəki QHT-lərin fəaliyyəti və onlara olan münasibət sizi qane edirmi?
- Ümumiyyətlə ölkədə QHT sektorunun fəaliyyətini, aktivliyini müsbət qiymətləndirmək olar zənnimcə. Son illər QHT-lər demək olar ki, öz aktiv fəaliyyəti ilə siyasi sektoru belə üstələməyə başlayıb. Hətta siyasi partiyaların lider funksionerləri belə QHT sektorundakı fəaliyyətlərinə daha çox üstünlük verirlər. Məni isə, şəxsən QHT-lərə dəstək məsələsində qane etməyən bir cəhət var, onu açıq deməliyəm.
- Buyurun.
- QHT-lərə Dövlət Dəstəyi Şurası var. Onun vasitəsi ilə dövlət QHT-lərə dəstək yardımı edir. Müsbət haldır. Bunun üçün standart prosedur var, yəni xüsusi layihə olmalıdır, bu plan üzrə iş aparılıb dəsdək almaq üçün həmin Şuraya təqdim edilməlidir. Ancaq, belə bir sual da yaranır. Elə QHT var ki, uzun illərdir aktiv fəaliyyətdədir. Ölkə və hətta beynəlxalq səviyyəli araşdırmaları, və s. fəaliyyəti hesabına tanınır. Və həm də indiyəcən bir qəpik belə beynəlxalq təşkilatlardan qrant almayıb, bunu, özünə yaraşdırmayıb. Eyni zamanda QHT-lərə DTŞ-dan da layihə götürmür, fəaliyyəti, apardığı işlər proqrama uyğun gəlmir və öz ölkəsindən də heç bir dəsdək ala bilmir. Bu QHT onda nə etsin? Məncə dövlətin QHT-lər kimi vacib sahə üçün təsis etdiyi Dəsdək Şurası diqqətini layihələr çərçivəsindən daha genişləndirib bəzi işlək QHT-lərə bir qədər fərdi yanaşmalıdır, öz fəaliyyəti ilə bu geniş sektoru tam əhatə etməlidir.
- Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar gedir, amma hələki ortada real nəticə yoxdur. Hazırkı situasiya üçün təklifiniz nədir?
- Uzun illər Qarabağ məsələsində ermənilərlə tutaşdıq. Torpaqlarımızın 20 faizinin işğalında, Xocalımızın qətliamında, köckün, qaçqın, itkin promlemimizdə günahkar kimi Ermənistanı gördük və onu işğalçı kimi dünyaya göstərdik. BMT və digər möhtəşəm təşkilatların səhnəsinə Ermənistanı, erməniləri çıxartdıq. Qonşu Gürcüstan isə, fərqli olaraq Abxaziya və Cənubi Osetiya problemində birbaşa Rusiyanı suçlu etdi. Eləcə də Moldova Respublikası Dnestryanı separatizmində Rusiyanı əsas səbəb kimi göstərdi. Ukrayna hadisələrindən sonra tam aydın oldu ki, bizim Qarabağ dəhşətlərimizin də təşkilatçı və dəstəkçisi və həm də bu durumu bu günə kimi sürdürən Rusiyadır. Ermənilər burada sadəcə kiçik icraçıdır. Çünki, Qarabağ münaqişəsinin varlığı Rusiyanın Azərbaycana və bütün Cənubi Qafqaza təsir və təzyiqi üçün əhəmiyyət daşıyır. Çünki Azərbaycan bütün Qafqaz qədər geostrateji əhəmiyyət və çəkiyə malik ölkədir. Ona görə düşünürəm ki, biz artıq Qarabagın azadlığı ugrundakı konsepsiyamızı dəyişməliyik. Nəhayət ki, Qarabağ xəstəliyimizin əsl diaqnozunu müəyyən edib konkret səbəbin üzərinə getməli və onu aradan qaldırmalıyıq.
- Azərbaycan indiki məqamda Qərb yoxsa Rusiya yönümlü mövqe seçməlidir? Hansı perspektiv vəd edir?
- Təbii ki, Azərbaycan 70 illik SSRİ, kommunizm ideyaları bataqlığından çıxıb, özünə mütərəqqi yol seçib. Mütərəqqi yol Rusiya deyil. Putin Rusiyası bu gün təəssüflər ki, SSRİ formatını üzərinə götürüb, imperiya ambisiyalarına qurşanıb, yenidən bataqlıq, fəlakət mənbəyinə çevrilir. Mütərəqqi və dünya tarixində artıq sınaqdan çıxmış inkişaf yolu Qərb yoludur. Azərbaycan bir dövlət kimi ehtiyatlı davranışla, Rusiya ilə dinc qarşılıqlı münasibətlər saxlamaqla, addım-addım Qərbə, Avropaya yaxınlaşmalıdır.

Z.MƏMMƏDLİ