Uşaqların ekstremal hallarda hüquqları necə qorunur?
Uşaqların ekstremal hallarda hüquqları necə qorunur?

Bu gün bütün dünya dövlətlərində, xüsusən də silahlı münaqişə şəraitində olan dövlətlərdə uşaq hüquqlarının müdafiəsi müxtəlif formalar, mexanizmlər, orqan və təşkilatlar çərçivəsində həyata keçirilməlidir. Tərəflərin hərbi münaqişədə əsas humanitar öhdəliklərinə əməl olunduğu şəraitdə daha ədalətli və humanist dünya düzəninə nail olmaq olar. Humanitar hüquq normalarına bütün hallarda əməl olunmalıdır.
Çünki bu, bəşəriyyətin həyatının və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Uşaqlar dövlətin və cəmiyyətin gələcəyidir. Ona görə də onların hüquqlarının müdafiəsi və problemlərinin həlli günümüzün ən aktual məsələlərindən birini təşkil edir. Müasir qloballaşma şəraitində uşaqların hüquqlarının dolğun şəkildə təmini konkret bir dövlətin imkanları xaricində olmaqla, bütün dünya birliyinin səylərinin birləşdirilməsini tələb edir.Müasir silahlı münaqişələri xarakterizə edən təhlükəli tendensiyalardan biri onların iştirakçılarının gəncləşməsidir. Bu baxımdan uşaqlar silahlı münaqişədə silahlı əsgər kimi də çıxış edə bilərlər. Ona görə də silahlı münaqişə dövründə uşaqların hüquqi statusu əhəmiyyətli dəyişikliyə məruz qalır. Belə ki, silahlı münaqişə zamanı onlar həm zorakılıq subyekti, həm də obyekti ola bilərlər. Statusuna görə subyekt olan uşaqlara silahlı münaqişə dövründə müəyyən hallarda silah tətbiq edilə bilər, obyekt uşaqlara isə heç bir halda silah tətbiq edilə bilməz. Çünki, subyekt uşaqlar silahlı münaqişənin bilavasitə iştirakçısı kimi, obyekt uşaqlar isə mülki əhalinin bir kateqoriyası kimi nəzərdən keçirilir. 1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlayaraq BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı ilk açıq müzakirələrini keçirib. Lakin bütün bunlara baxmayaraq bu gün yenə də silahlı münaqişələr dövründə uşaqların qarşılaşdığı və öz həllini gözləyən çoxsaylı problemlər mövcuddur.BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Haqqında Konvensiyası məcburi qüvvəyə malik ilk beynəlxalq sənəddir ki, bütün növ insan hüquqlarını - mülki və siyasi, eləcə də iqtisadi, sosial və mədəni hüquqları özündə cəmləşdirir. Respublikamız 1992-ci ildə bu konvensiyaya qoşulduqdan sonra onun müddəalarını rəhbər tutaraq 19 may 1998-ci ildə "Uşaq hüquqları haqqında" qanun qəbul edilib. Bundan başqa ölkəmizdə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunlar qəbul edilib."Uşaqların hüquqları haqqında " qanuna görə, 18 yaşına çatmayan şəxs uşaq hesab olunur və adıçəkilən qanunda əks olunan hüquqlar və məsuliyyət bu yaşa çatmayanların hamısına şamil olunur. Qanuna görə, dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların təsirinə məruz qalan, habelə yetim uşaqların, natamam, aztəminatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında təmin edir. Eyni zamanda Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquqi normalara uyğun olaraq təmin etməyi öz üzərinə götürür. Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər. 15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Həmçinin dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara təcili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görür. Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn
himayəsindən məhrum olmuş digər uşaqlar üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar.
Uşaq Hüquqları Haqqında Konvensiyanın 38-ci maddəsinə görə, iştirakçı dövlətlər bütün mümkün tədbirlərin görülməsini təmin etməlidirlər ki, 15 yaşına çatmayan uşaqlar hərbi əməliyyatlarda birbaşa iştirak etməsinlər. "15 yaşınadək olan heç bir uşaq silahlı qüvvələrdə hərbi xidmətə çağırılmamalıdır. Beynəlxalq hüququn müvafiq müddəalarına uyğun olaraq dövlətlər silahlı münaqişələrdən ziyan çəkmiş uşaqlara qayğı göstərməli və onların müdafiəsini təmin etməlidirlər."
Uşaqların müdafiəsi ilə bağlı respublikamızda nə qədər çox iş görülsə də, nə qədər ürəkaçan faktlar mövcud olsa da, problemlər də yox deyil. Tarixdə təsadüf olunan hər bir silahlı münaqişə ilk növbədə uşaqlara təsir edir. Uşaqlar hələ də zorakılığın, istismarın və təhqirin qurbanlarına çevrilməkdə davam edirlər. Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizdə minlərlə uşaq valideynsiz qaldı, minlərlə uşaq sağlamlığını itirdi. Respublikamızda bu gün xüsusi qayğıya ehtiyacı olan 21 mindən çox uşaq var. Əhalisinin 1 milyonunu qaçqın və məcburi köçkünlər təşkil edən Azərbaycanda öz hüquqlarından xəbərsiz olan, təhsil, səhiyyə sahəsindəki hüquqlarından istifadə etməyən, bəzən isə ondan xəbərsiz olan minlərlə uşaq var. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməməsi üzündən öz ev-eşiklərinin, yurd-yuvalarının həsrəti ilə yaşayan uşaqlar bu mənəvi və psixoloji zorakılıqla böyüyüblər. Bu gün məcburi köçkün düşərgələrində yüzlərlə körpə dünyaya gəlir. Bu sahədə problemləri aradan qaldırmaq üçün uşaqlarla işi artırmaq, treninqlər keçirmək, ixtisaslaşmış hüquq yardımı göstərmək və bu kimi plan və layihələrin işlənib-hazırlanması məsələləri vacibdir.
Uşaq və Gənclərin Sosial Reabilitasiyası Mərkəzinin psixoloqu Asəf Kərimovun sözlərinə görə, uşaqların qarşılaşdıqları hər hansı ekstremal vəziyyətlə bağlı düşdükləri psixoloji gərginlik, stress və depressiyadan çıxması üçün müəyyən işlər görülür. Onun sözlərinə görə, bütün dünyada bu məsələ çox geniş yayılıb:"Xüsusən müharibələr, təbii fəlakətlər, zəlzələlər zamanı ən çox ziyan çəkən uşaqlardır. Birincisi uşaqlar oradan çıxarılan kimi mütləq onlardan şok effektinin aradan qaldırılması üçün müəyyən treninqlər keçirilir. Musiqi terapiyası, hərəkət terapiyasından istifadə etməklə onlar müalicə olunurlar. Eyni zamanda daha çox uşaqlar üçün müəyyən şərait yaradılır ki, onlar öz fikirlərini ifadə etsinlər. Danışa bilməyənlər üçünsə daha çox şəkillər çəkməklə, müəyyən oyunlar, mimik hərəkətlər vasitəsilə onların mənfi emosiyaları aşağı salınır, müsbət emosiyaları isə yüksəldilir. Xüsusən, Çində və Rusiyada bu cür treninqlərdə müsbət nəticələr əldə olunub. Bu ölkələrdə belə işi əsasən sosialogiya və psixologiya fakültələrində oxuyan tələbələr həyata keçirirlər."
Psixoloqin fikrincə, Azərbaycanda da Fövqəladə Hallar Nazirliyinin tərkibində mərkəzlər yaradılmalı və belə komanda hazırlanıb təşkil olunmalıdır:"Bizdə Fövqəladə Hallar Nazirliyi hələ təzə-təzə fəaliyyətə başlayıb. Yəqin ki, bu istiqamətdə də qrup yaradılacaq. Məsələn, televiziyada göstərilən hər hansı ekstremal hadisə uşaqlara tez təsir edə bilər. Qeyd edim ki, hətta yaxın adamının ölümü uşaq üçün ekstremal vəziyyət sayılır. Bununla əlaqədar xüsusi psixoloqlar işləməlidir. Xüsusən psixoloji yardım mərkəzlərinin sayı artırılmalıdır."
Qeyd edək ki, stressin meydana çıxmasında ilkin şərtlərdən biri uşağın böyüdüyü və ilk addımlarını atdığı ailə şəraiti bu məsələdə başlıca və həlledici rol oynamaqdadır. Çünki uşaq məhz ən çox inandığı və güvəndiyi ailə şəraitində gözlədiyini ala bilməzsə, yaxud gözlədiyinin əksi ilə qarşılaşarsa, bu onun stress altına düşməsinə daha tez və daha çox təsir edir. Məhz buna görə də Asəf Kərimov bildirdi ki, ekstremal şərait uşağın özünün ailəsində, yaşadığı mühitdə yarana bilər. Psixoloq qeyd etdi ki, ekstremal vəziyyət deyəndə həm də uşaqlar üçün yaradılmış qaynar xəttə əsas fikir verilməlidir. Məktəblərdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına gəlincə, A.Kərimov bildirdi ki, bunun üçün vəsait lazımdır:"Bir də məktəb psixoloqunun metodikası bir o qədər də zəngin deyil. Məktəbdə işləyən psixoloqların çox az bir qismi öz işinin professionalıdır. Həm də məktəbin bu barədə texniki bazası yoxdur".
Psixoloq dedi ki, bu gün ekstremal şərait deyəndə, Azərbaycanda mərkəzləşmiş fəaliyyət yoxdur: "Azərbaycanda psixoloji yardım mərkəzlərinin yaradılması üçün Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa qurumlar hər hansı bir iş yerinə yetirməlidir. Bu cür lazımlı işə çox biganə yanaşırlar".
Uşaq Hüquqları Klinikasının direktoru Nazir Quliyevin dediyinə görə, isə bir çox hadisələr göstərir ki, ekstremal vəziyyətlərə nəinki uşaqlar, heç böyüklərin də bəziləri buna hazır deyillər. "Əksər ölkələrdə həm böyüklər, həm də uşaqlar bu vəziyyətə hazırlanırlar. Məsələn, bizdə də bununla bağlı sahəvi qurum var, Fövqəladə Hallar Nazirliyi. Bəzi hallarda müxtəlif dövlət qurumları metroda və başqa yerlərdə şərti tədbirlər keçirirlər. Dövlət qurumları bununla bağlı öz potensiallarını, hazırlıq dərəcələrini yoxlayırlar. Ümumiyyətlə, yaxşı olardı ki, bu cür tədbirlərdə ictimaiyyət yaxından iştirak etsin."
N.Quliyev bildirdi ki, silahlı münaqişələr, zəlzələlər, daşqınlar və digər təbii fəlakətlər zamanı insanlar arasında panikanın yaranması vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır: "Təəssüf ki, burada uşaqlarla bağlı müxtəlif çətinliklər ortaya çıxır; orada psixoloji gərginlikdən qorunması, uşaqların dərhal daha təhlükəsiz yerlərdə yerləşdirilməsi, bir çox hallarda uşaqların valideynlərini itirmələri və s".
Ekstremal şəraitdə uşaqların hüquqlarının tənzimlənməsi ilə bağlı Nazir Quliyev dedi ki, belə hallarda dövlətin ayrıca maddi yardımları olur. "Məsələn,bir neçə il öncə Neft Akademiyasında terror hadisəsi oldu. Həmin zaman dövlət tərəfindən zərər çəkən və həlak olanların ailələrinə müxtəlif maddi yardımlar ayrıldı. Eyni zamanda Əlillərin Sosial Müdafiəsi Haqqında və başqa qanunlar var ki, o fəsadlar nəticəsində uşaqlar hər hansı biri əlillik dərəcəsi alarsa, müxtəlif travmalar olarsa onlar üçün ümumi əsaslarla əlillik dərəcəsi müəyyən edilir. Klinika direktorunun fikrincə, belə hallarda əsas problem uşaqların daha tez psixoloji gərginliyə və stressə düşməsidir: "Bir çox ölkələrdə belə gözlənilməz vəziyyətlərdə uşaqlar dərhal hadisə yerindən uzaqlaşdırılır. Dağıntı zaman böyük fəlakətlər olur və bu, uşaq psixoligiyasına təsir edir. Bunun üçün xüsusi tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, əhalinin maarifləndirilməsi olduqca vacibdir. Belə maarifləndirmə işinə ailələrdən başlamalı, onlara hər cür psixoloji, maddi və mənəvi dəstək gücləndirilməlidir. Azərbaycan mətbuatında və televiziyalarda bu istiqamətdə hazırlanan sosial reklamların sayı artırılmalıdır".