Dövlət orqanlarının fəaliyyətinin  təkmilləşdirilməsi və hüquqi islahatlar
Dövlət orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi və hüquqi islahatlar

İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması yönündə mühüm addımlar atılıb

Azərbaycanda insan haqlarının qorunması yönündə davamlı olaraq yeniliklər həyata keçirilir. Bu sahədə vəziyyəti nizama salmaq və hər şeyin öz qaydasında həyata keçməsi üçün bir sıra qanun və qaydalar,fəaliyyət proqramları da qəbul olunub.
Əhalinin müxtəlif kateqoriyalarının hüquqlarının qorunması üçün müvafiq layihələr də icra olunur. Şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerində və istintaq təcridxanalarında saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi yönündə önəmli addımlar atılıb.
Bu sahədə aparılan davamlı tədbirlər həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində müsbət nəticələrə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) müəyyən edilmişdir. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" 2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Ombudsman təsisatının müvafiq səlahiyyətləri və imtiyazları müəyyən edilib. Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) bundan irəli gələn vəzifələri yerinə yetiriblər.
Bununla yanaşı, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, habelə bu sahədə institusional islahatların davam etdirilməsi də dövlətin əsas prioritetlərindən olub. Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirərək bu sahədə ciddi islahatlar aparmış, ixtisaslaşmış beynəlxalq hökumətlərarası və qeyri-hökumət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuş, həyata keçirilən müxtəlif birgə proqramlar çərçivəsində mühüm nailiyyətlər əldə edib.
Bu sahədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti mütəmadi olaraq, fəaliyyət göstərirlər.
Onu da nəzərə çatdılraq ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə növbəti illər üçün fəaliyyət planının hazırlanması kimi mühüm bir məsələ də gündəmdədir. Artıq bu istiqamətdə müvafiq addımlar atılıb, layihələr icra olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflıgın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planının (2007-2011-ci illər)" yerinə yetirilməsi nəticəsində bu sahədə mühüm irəliləyişlər əldə edilib. Korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini nəzərə alaraq, növbəti illər üçün fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 2012-ci il ərzində müvafiq tədbirlər həyata keçirib.
Bir məqamı da vurğulamaq lazımdır ki, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi də prioritet məsələlərdəndir. Ölkədə elektron hökumətə keçidin həyata keçirilməsi də buna əyani sübutdur. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanında göstərilib ki, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Bu məqsədlə mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində elektron xidmət bölməsi yaradılmalı, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin siyahısı yerləşdirilməli və vətəndaşların həmin sənədlərlə birlikdə müraciətlərinin elektron qaydada qəbul edilməsi təmin edilməlidir. Həmin Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilib. Dövlət orqanları tərəfindən elektron xidmətlərin həyata keçirilməsi ilə bağlı məsələlər Qaydalarla tənzimlənir, "Elektron xidmət növlərinin Siyahısı"nda isə hər bir dövlət qurumunun həyata keçirdiyi elektron xidmət növünün dəqiq siyahısı müəyyən edilir. Elektron hökumət portalı artıq yaradılmış və hazırda bir neçə dövlət orqanının portala qoşulması təmin edilib. Elektron xidmət göstərən bütün dövlət orqanlarının portala qoşulması məqsədi ilə tədbirlər davam etdirilir.
Artıq Elektron hökumət portalının tam istifadəyə verilməsi prosesi başa çatıb. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2012-ci il ərzində bu prosesi həyata keçirib. Bununla yanaşı, elektron xidmətlərin həyata keçirilməsinin təmin edilməsi də həyata keçirilir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları 2012-2013-cü illər ərzində elektron xidmətlərin həyata keçirilməsi üçün lazım olan bütün işləri görüb.
Son bir neçə ildə dövlət orqanlarının elektron imza ilə təmin edilməsi prosesi də həyata keçirilir ki, bu sahədə də irəliləyişlər əldə olunub. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Maliyyə, Rabitə və İnformasiya texnologiyaları nazirlikləri 2012-ci il müddətində səlahiyyətləri çərçivəsində fəaliyyət göstəriblər.
Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə regional elektron müraciət terminallarının yaradılması, şəxslərin bu terminallardan istifadəsinin təşviq edilməsi istiqamətində isə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının şəhər və rayonlarının icra hakimiyyəti orqanları 2012-2015-ci illər ərzində müvafiq tədbirlər həyata keçirəcəklər.
Onu da qeyd etmək lazımdır ki, məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılması məsələləri də dövlətin prioritet sahələrindən olub. Məhkəmə qərarlarının vaxtında və dürüst icra edilməsi şəxslərin ədalətli məhkəmə hüququnun tərkib hissəsini təşkil edir. Son illər görülmüş tədbirlər, o cümlədən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsi nəticəsində bu sahədə mövcud olmuş bir sıra problemlərin aradan qaldırılması mümkün olub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mütəmadi olaraq, bu yöndə gərəkli addımları atıb.
Hakimlərin və hakimliyə namizədlərin, hüquq mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi sahəsində də mühüm qərarlar verilib. Azərbaycan Respublikasının Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası mütəmadi olaraq, lazımı tədbirlər həyata keçirərək müəyyən irəliləyişlərə nail olublar.
İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması yönündə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu mütəmadi işlər görüb.
Şəxslərin təqsirsizlik prezumpsiyasının təmin edilməsi məqsədilə hüquq mühafizə orqanlarının əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi də mühüm tədbirlərdən olub. Bunun üçün Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası 2012-2013-cü illər ərzində təlimlərin keçirilməsini təşkil edib.
Bundan əlavə, Azərbaycan Respublikasında vəkillik institutunun gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması da həyata keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 2012-2013-cü illər ərzində bu layihələri icra edib.
Seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsi isə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən mütəmadi olaraq, həyata keçirilib.