Hər bir QHT, hər bir vətəndaş qanunun aliliyinə hörmət etməlidir
Hər bir QHT, hər bir vətəndaş qanunun aliliyinə hörmət etməlidir

Məhərrəm Zülfüqarlı: " Elə QHT var ki, Gürcüstanda hesab açır, layihəni Azərbaycanda həyata keçirir"

Hətta son günlər QHT sektoruna ayrılan maliyyə vəsaitlərinə dövlətin nəzarəti artırılması 3-cü sektorda bəzi vətəndaş cəmiyyəti rəhbərlərinin narazılığı ilə qarşılanıb. Unikal-ın əməkdaşı İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı ilə Azərbaycanda insan haqlarının qorunması sahəsindəki vəziyyətdən, 3-cü sektora ayrılan maliyyə vəsaitlərinin şəffaflığı məsələsindən danışıb.
Müsahibəyə keçməzdən öncə qeyd edək ki, Məhərrəm Zülfüqarlı 1955 – ci il avqustun 19 – da Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən doktorluq işi müdafiəyə hazırdır. 28 kitabın, 39 elmi, 577 publisitik məqalənin, 13 metodiki işin müəllifidir. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir. 1997–ci ildən QHT sektorunda fəaliyyət göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir. ABŞ Respublikaçılar İnstitutu Seçki Kampaniyası Akademiyasının məzunudur. 2005 – ci ildə "İctimai Liderlər" blokunun seçki qərargahına rəhbərlik edib. 2007 – ci ilin sentyabrından AVCİYA Seçki Qərargahının rəhbəridir. ABŞ, Almaniya, İsveç, Polşa, Bolqarstan, Rusiya və Gürcüstanda təcrübə mübadiləsində olub.
- Məhərrəm müəllim, Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda insan haqlarının qorunması sahəsində vəziyyət günü-gündən yaxşılaşır. Qanunvericilik mükəmməlləşdirilir, hüquq-mühafizə, məhkəmə orqanlarında korrupsiyaya qarşı mübarizə effektini verir.
- Beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı həqiqəti əks etdirməyən bəyanatlarına münasibətiniz necədir?
- Diqqət yetirəndə görürük ki, beynəlxalq təşkilatların hesabatları Azərbaycanda hakimiyyətə müxalifətdə olan bəzi qüvvələrin məlumatları əsasında hazırlanıb. Həmin qüvvələr də bir növ bizə qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatların inhisarındadırlar, həmin təşkilatlardan maliyyə alırlar. Yəni, onlar informasiyanı bilərəkdən birtərəfli alırlar. Bu baxımdan, verilən bəyanatlar Azərbaycandakı reallığı əks etdirmir. Yaxşı olardı ki, onlar informasiyaları müxtəlif mənbələrdən alsınlar, analiz etsinlər və sonra hesabata salsınlar. Amma bunu etmirlər. Çünki hesabatlarda Azərbaycanda insan haqlarının pozulduğunun göstərilməsi bir sıra beynəlxalq təşkilatlara lazımdır. Sonradan bu bəyanatlar böyük dövlətlər tərəfindən Azərbaycana təzyiq göstərmək üçün istifadə olunur.
- Bəzi dövlətlər Azərbaycandakı QHT-lərə donorluq etməkdə davam edirlər. Bu layihələrin maliyyələşdirilməsində hansı niyyətlər güdülür?
- Bu məsələ təzə deyil. Azərbaycan müstəqilliyini bərpa edəndən bu günə kimi ölkəmizdə strateji maraqları olan dövlətlər müxtəlif vasitələrlə daxili işlərimizə qarışmaq, lazım gəldikdə hakimiyyətə təsir etmək, hətta hakimiyyət dəyişikliyi etmək arzularını həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Belə fəaliyyətlərdən ən geniş yayılmışı seçki ərəfəsi özlərinə uyğun qurumlara vəsait ödəməklə niyyətlərini həyata keçirməkdir. Daha doğrusu, istədiklərini dolayısı yolla reallaşdırmaqdır. Şəxsən mən bir neçə dəfə onlarla dialoqda olmuşam. Bəzi qüvvələr öz dövlətlərinin edə bilmədiklərini müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə reallaşdırmağa çalışırlar.
- Son günlər hüquq müdafiəçilərinin həbsi məsələsi daha çox müzakirə olunur. Bu məsələyə münasibətiniz maraqlı olardı.
- Azərbaycanda bəzi QHT-lər var ki, onlar bəzi sahələri inhisara alıb. Məsələn, QHT-lər var ki, insan haqları üzrə ixtisaslaşırlar və başqa koalisiyaların ora daxil olmasına imkan vermirlər. Müəyyən donor təşkilatla əlaqə saxlayaraq onların qrantından özləri bəhrələnirlər. Sözsüz ki, onların niyyəti insan haqlarını qorumaq yox, öz şəxsi mənfəətlərini təmin etməkdir. Bu da son hadisələrə gətirib çıxardı. Artıq dövlət səviyyəsində QHT-lərə qarşı son işlər həyata keçirilir.
- Elə son günlər bəzi QHT-lərin hesablarının yoxlanılması da bəzi ictimai sektor nümayəndələri tərəfindən 3-cü sektora yönəklik addım kimi dəyərləndirilir.
- Qanunlar var, hər kəs qanunlara riayət etməlidir. QHT-lər qarant layihəsini qeydiyatdan keçirmirsə, şəffaflıq yoxdursa, vergidən yayınırsa qanun qarşısında cavab verməlidir. Uzun illər bu sahədə boşluqlar vardı. İndi isə qanunun tələbi var. Qanunla Azərbaycanda fəaliyyət göstərən QHT-lər hesabını Azərbaycan banklarında açmalıdır. Elə QHT var ki, Gürcüstanda hesab açır, layihəni Azərbaycanda həyata keçirir. Bu adətən kimlərinsə sifarişini həyata keçirməyə daha çox xidmət edir, nəinki, Azərbaycanda insan hüquqlarını qorumağa. QHT, hər bir vətəndaş qanunun aliliyinə hörmət etməlidirlər.
- Belə QHT-ləri korrupsiyalaşmış QHT-lər, "hüquq müdafiəçiləri" adlandırmaq olarmı?
- Bəzi yerli QHT-lər xarici donorlardan aldıqları qrantları təyinatı üzrə xərcləyə bilmir, daha çox öz şəxsi problemlərini həll etməyə yönəldirlər. Bir də görürsən ki, hansısa hüquq müdafiəçisi olan QHT rəhbəri birdən-birə maddi imkanlarını artırır, özünə bahalı mənzil, obyekt, avtomobil alır və sair. Bəzən də Qərb ölkələrinin ayırdığı külli miqdarda vəsait müqabilində yerli QHT-lər hansısa prosesdə aksiya keçirir, dövlət əleyhinə hansısa fəaliyyəti ortaya qoymağa çalışırlar. Əslində bunun hamısı görüntü xarakterlidir. Məsələn, seçki prosesində elə təşkilatlar var idi ki, onlar çox böyük məbləğdə qrant alırdılar. Əksər rayonlarda strukturu olmaya-olmaya, Bakıda oturub regionlardakı vəziyyət barədə geniş hesabatlar hazırlayırdılar. Bu hesabatlar isə hər kəsin bildiyi, köhnə reallıqlara söykənən hesabatlar idi. Bunu etməklə, onlar qrant verən təşkilatlara guya, iş gördüklərinin görüntüsünü yaradırdılar. Məsələ burasındadır ki, həmin QHT-lərə pul verən xarici donor təşkilatları da belə fəaliyyət qane edirdi. Çünki həmin vaxt xarici donorlara Azərbaycan barədə ancaq mənfi informasiyalar gərəkli idi. Bu məlumatları toplayıb sonradan öz məqsədləri naminə, dövlətə təzyiq etməklə nələri isə Azərbaycandan əldə etmək istəyirdilər. Uzun müddət seçki prosesində iştirak edən şəxs kimi belə halları dəfələrlə müşahidə etmişəm və bu işləri görən insanlar da göz qabağındadır.
- Xaricdən maliyyələşən Azərbaycan QHT-lərində şəffaflıq nə dərəcədə təmin olunur?
- Bu məsələ bizim yaralı yerimizdir. Biz bütün hallarda qanunlara əməl edirik. Vaxtlı-vaxtında aidiyyəti dövlət orqanlarına hesabatlarımızı veririk. Lakin qanunvericiliyə edilən son dəyişikliklər daha çox xaricdən maliyyələşən QHT-lərə aid olsa da, bəzən ölkə daxilində fəaliyyət göstərən, QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyələşən üçüncü sektor təmsilçilərinin əziyyət çəkməsinə səbəb olur. Məsələn, xaricdən maliyyələşən QHT-lər çox vaxt donor təşkilatla öz aralarında iş görürlər. Hətta bəziləri Azərbaycanda deyil, Gürcüstanda özünə bank hesabı açdırır, buradan öz işlərini görürlər. Ölkə daxilində heç bir quruma hesabat verməyən belə QHT-lərin fəaliyyətində şəffaflıq sıfır dərəcəsindədir. Amma qanunlar birbaşa Azərbaycan dövlətçiliyinə xidmət edən QHT-lərə tətbiq olunur. Biz hər rübün sonunda DSMF-yə, ildə bir dəfə Maliyyə Nazirliyinə, eyni zamanda donor təşkilata hesabat veririk. Beləliklə də biz get-gedə daha çox hesabat verən quruma çevrilirik. Amma xaricdən maliyyələşən QHT-lər isə qeyri-şəffaf fəaliyyət göstərməklə, bunların heç birini etmirlər. Hər dəfə də onlara qarşı qanuna uyğun tələblər irəli sürəndə, deyirlər ki, biz ümumiyyətlə bu fəaliyyətlə məşğul deyilik. Yəni, fəaliyyətləri şəffaf olmayan bu QHT-ləri hesabatlılığa cəlb etmək çətin olur.