QMİ-nin  toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu

Qafqaz Müsəlmanları İdarəsinin Təzə Pir məscid kompleksində mərasim zalları açılanda bəlkə də məndən çox sevinən olmadı. "Axır ki..." dedim. Sevindim ki, nəhayətdə dinimizə böyük hörmət gətirəcək bir addımdır. Nə qədər acın, kasıbın qarnı tox olacaqdı. Özü də hər gün. Amma...
Bir necə dəfə bu mərasim zallarında keçirilən yas mərasimlərində iştirak etmişəm. Qabağıma çay qoyublar – içmişəm. Plov çəkiblər - yemişəm. Ac olmasam da... Deyiblər ki, ehsandır, zəhmət çəkiblər, yeməlisən. Ye, sonra da "Allah qəbul eləsin", "Allah rəhmət eləsin!" de. Zəhmət çəkib bu təamları hazırlayanların ölənlərinin ruhuna bir salavat da çək. Mən də məclis yiyəsinin bu sözlərinə əməl eləmişəm. Süfrədə nə olmasından, zənginliyindən asılı olmayaraq sevinmişəm. Təzə Pir məscidində bu cür geniş mərasim zallarının açılmasına sevinmişəm. Amma bir anlıq fikrə getmişəm. Əgər bura Təzə Pir məscidirdisə, onun tərkibində fəaliyyət göstərən mərasim zalı – ehsan paylanan yerdirsə, onda Mahir, sənin nə işin var burda? Yaxud qabağımda oturan nazirin, nazir müavininin, imkanlı şəxslərin? Axı, onlar bura başsağlığına gəliblər, yeməyə yox! Axı ehsan kasıb-füqəra, bir tikə çörəyə, yaxud ət yeməyinə həsəd olanlar üçündür axı? Biz isə sadəcə başsağlığına gələnlərik. Ehsan bizlərçün deyil.
Bu gün QMİ-ni taqsırlandırırlar. Hardasa həqiqət də var bu iradlarda. Adi bir detalı götürək. QMİ-nin adı rəsmi idarədir. O əmr verməlidir. Amma ki, tövsiyyə verir. Əgər Şeyxülislam da belə şeylərin əleyhinədirsə, onda onun tabeliyində olan bu mərasim zallarında niyə yemək bişirilməsi üçün mətbəx açılıb? Professional aşbazlar cəlb olunub? Bilirsiniz nəyə görə? Çünki desələr ki, burda ancaq çay, halva, limon , qənd verilir – bir nəfər də Təzə Pirdə öz yas mərasimini keçirməz. Təzə Pirdəki mərasim zalları şan-şöhrət üçündür, bir sözlə 5 ulduzdur, VİP-dir. Əgər belə deyilsə, əks reaksiya yaxın günlərdə özünü göstərəcək, əməli addımlar atılacaq – peçatlı-möhürlü, rəsmi sözçüsü olan idarə kimi.
Amma zalların adına bir fikir verin. Mərasim zalı. Yəni ki, başsağlığına gələnlər üçün zal. Burda çay, qənd, limon, su, halva olsa yetər. Ehsan zalı isə ayrıca olmalıdır. Hər gün olmalıdır. Mərasim keçirməyə gələnlər hamısı bu zala pul köçürməli, nəticədə kasıb-kusub heç olmasa gündə bir dəfə də olsa isti yeməklə təmin olunmalıdır. Buna nə bir jurnalistin, nə mənim, nə də Modern.az saytının etiraz etməyə gücü çatmaz. Əksinə informasiya dəstəyi verərlər. Məsələn: "QMİ-nin mətbuat xidmətindən kasıb-füqəranın nəzərinə. Hər gün saat 14-də Təzə Pir məscidinin ehsan zalında ehsan süfrələri təşkil olunur". Menyu vacib deyil. Nə qədər zəngin olsa alqışlayar Modern.az saytı bunu.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyət dairəsi çox genişdir. Çox insan onlara müraciət edir. Hamısı ağlayır, sızlayır, pis həyatlarından gileylənirlər. Bu cür ehsan zallarının yaradılması dövlətin sosial prinsiplərinə yardım etməzmi? Bir də ki, Təzə Pirdəki mərasim zalları dövlətin vəsaiti hesabına tikilməyibmi? Yəqin ki, nazir Səlim Müslümov bunu bizim hamımızdan yaxşı bilir, qiymətləndirir. Nəinki o, Qırmızı Aypara cəmiyyəti də, digər əlaqədar sosial institutlar da.
Təzə Pir məscidində isə mərasim zalları fəaliyyətini davam etdirir. Məhərrəmlik, Orucluq, səfər ayı toy biznesinə ildə üç ay zərbə vursa da, yas biznesi ilin 365 günü durmadan inkişaf edir, çiçəklənir. QMİ isə sadəcə tövsiyyə verir. Tövsiyyənin arxasınca da konkret menyu.
Hər gün Təzə Pirdəki mərasim zallarına başsağlığına yüzlərlə adam gəlir. Çay içir, plov yeyir, sonra da bığının yağını silir, salavat çəkib "Allah qəbul eləsin", "Allah rəhmət eləsin" deyir. Bunu yas yiyəsi şan-şöhrət kimi qəbul edir. Mollalar da razılıq edir. Bəs görəsən toxların yediyi bu ehsanı Allah qəbul edirmi?