Prezident Bakıdakı 46 nömrəli məktəbdə
Azərbaycan prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımı avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub.