Türkdilli dövlətlərdə siyasi maarifləndirmə problemi
Türkdilli dövlətlərdə siyasi maarifləndirmə problemi

Azərbaycan lokomotiv rolunu oynayır

Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının təmini, siyasi maariflənidrmənin gücləndirilməsi əsas vəzifə olaraq qalır. Bu istiqamətdə ciddi uğurlara imza atılsada, qonşu dövlətlərlə bu istiqamətdə sıx əməkdaşlıq qurulsada müəyyən problemlər hələ də qalmaqdadır.
Bu problemləri akademik Ramiz Mehdiyev özünün son açıqlamasında daha tutarlı şəkildə gündəmə gətirmişdi:"Son illər Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizənin gücləndirilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Ölkədə demokratik inkişafın vacib tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Senzuranın ləğvindən və kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən dövlət orqanının fəaliyyətinə xitam verildikdən sonra KİV-lərin inkişafında yeni mərhələ başlanıbdır. Azərbaycan Respublikasının Konstitusiyası, "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında" və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir.
Kütləvi informasiya vasitələrinin əməkdaşları yaxşı bilirlər ki, Azərbaycan dövləti milli informasiya resurslarının inkişafına hərtərəfli dəstək göstərir. Bu məqsədlə 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyası təsdiq olunub, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib. Bu günədək media layihələrinin maliyyələşdirilməsi üçün Fonda dövlət büdcəsindən 17 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycanda milli mətbuatın, milli televiziya və radionun yubileyləri dövlət səviyyəsində qeyd olunur, KİV əməkdaşlarına fəxri adlar və mükafatlar verilir, redaksiyalara birdəfəlik maddi yardımlar göstərilir. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlərin mənzil-məişət problemləri dövlət vəsaiti hesabına həll edilir. Məlum olduğu kimi, 2013-cü ildə 156 KİV əməkdaşı yeni mənzillə təmin edilib, həmçinin 250 mənzilli daha bir binanın təməli qoyulub və inşası davam etdirilir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda və MDB məkanında KİV-lərin kəmiyyəti və keyfiyyəti baxımından öncül yerlərdən birini tutur. Bu gün Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti dövlətin uzunmüddətli inkişaf strategiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq güclü vətəndaş cəmiyyəti quruculuğu sahəsində üzərinə düşən vəzifələri uğurla icra edir. Prezident İlham Əliyev hesab edir ki, cəmiyyətin hazırkı inkişaf dinamikası yaxın gələcəkdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması üçün kifayət qədər ciddi əsaslar yaradır. Hakimiyyətin siyasi iradəsi də bu strateji hədəfə çatmaq üçün bütün milli resursların səfərbər olunmasına və onların səmərəli şəkildə idarə edilməsinə yönəlib.
Onu da qeyd etmək lazımdır ki, qlobal kataklizmlərin, mürəkkəb geosiyasi proseslərin müşahidə olunduğu, ikili standartlar siyasətinin hökm sürdüyü bir şəraitdə Azərbaycan öz strateji hədəflərinə doğru inamla irəliləməyi bacarır. Əminliklə deyə bilərəm ki, müxtəlif xarici antiazərbaycan dairələrin və onların nəzarətində olan daxili antimilli qrupların təxribatçı fəaliyyəti Azərbaycan hakimiyyətini öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır.
Azərbaycanın sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, ölkəmizin regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir. Son bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında da məhz bu amil durur. Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, "5-ci kolon"unu formalaşdırmağa nail olublar. Sxem çox sadədir. Həmin QHT-lər və KİV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır.". Bunu da qeyd edək ki, müəyyən çətinliklərə baxmayaraq Azərbaycan tolerantlıq, siyasi maarifləndirmə roluna lokomotivlik funksiyasını üzərinə götürə bilib və türkdilli dövlətlərin inteqrasiyasında bu daha aydın şəkildə görünür. Bununla bağlı "Unikal"a açıqlama verən yazar Elnur Eltürk bu gün türkdilli dövlətlərdə yaşayan gənclərin siyasi maarifləndirilməsi məsələsinə toxunaraq bildirib ki, bu mövzu hər zaman xüsusi prioritet təşkil edir. Demək olmaz ki, bu sahədə işlər görülmür. Məsələn, Türkiyənin nüfuzlu universitetlərində təhsil alan türkdilli gənclər siyasi biliklərə yiyələnirlər və onlar demək olar ki,qardaş ölkənin qaynar siyasi-ictimai proseslərinin içində formalaşırlar:"Həmçinin, siyasi maarifləndirmə və bu istiqamətdə görülən işlər daha da çevik aparılmalıdır ki, Türk gəncliyi ayıq və dünyada gedən dəyişikliklərdən nəticə çıxara bilən gənclik olsun. Hər şeydən öncə, bunun kökündə düzgün maarifləndirmə durur. Əsas odur ki, Türk gəncliyi siyasi cəhətdən ayıqdır və dünyada baş verənlərdən düzgün nəticələr çıxarmağı bacarır. Yetər ki,o potensialı düzgün yönəltmək lazımdır.
Amma,bu sualı təkcə,siyasi maarifləndirmək aspektindən yanaşmaq olmaz. Türkdilli dövlətlərdə yaşayan gənclərin bütün mənalarda bir-birilə yaxınlaşması əsas xətt olaraq təşkil edilməlidir. Burada siyasi maarifləndirmədən tutmuş, milli ideoloji,tarixi,mədəni,sosial və s.sahələri əhatə edən maarifləndirici işlər aparılmalıdır ki, istənilən nəticə uğurlu olsun. Əgər, bu gün Türk dünyasının birliyindən danışırıqsa,bu prosesdə gənclərin xüsusi rolu var və bunu qeyd etməmək yanlışlıq olardı. Gənclərsiz hansısa birlikdən danışmaq mənasız və içi boş qab kimi görünər. Bunu belə təsəvvür edirəm. Məsələyə sistemli şəkildə yanaşmaq lazımdır. Sistemsiz və pərakəndə iş nəticə verməz. Ortaq tədbirlərin keçirilməsi,qurultayların təşkil edilməsi işin effektli olmasına yardımçı ola bilər. Bu kimi tədbirləri müntəzəm təşkil etmək lazımdır. Hələ də türk gəncliyinin siyasi cəhətdən yaxınlaşması istədiyimiz şəkildə deyil. Bu kimi layihələrin həyata keçirilməsi,gələcəkdə bir sıra uğurlu işlərin müjdəçisi ola bilər.
Düzdü,Türkiyə və Azərbaycan bu məsələdə birgə işlər görürlər. Orta Asiya türkdilli dövlətlərində də işlər gedir.
Hesab edirəm ki, iş vahid proqram şəkilində aparılmalıdır. Ortaq metodika olmalıdır. Bu olmasa natamam kimi görünəcək. Ortaq universitetlər yaradılmalı və beyin mərkəzləri formalaşdırılmalıdır. Strateji və düşüncə mərkəzlərinin sayı artmalıdır.Bu gün dünyada 6-mindən çox düşüncə mərkəzi var. Amma,onun 3-mindən çoxu Amerikada yerləşir. İndi nəticə çıxarın bu nə deməkdir. Yəni,nəticələr populist çıxışlarla və hay-küy salmaqla əldə edilmir. Türk gəncliyi özünü hər tərəfli hazırlamalıdır". Elnur Eltürk həmçinin bu gün türkdilli dövlətlərin bütövlükdə maraqlarına cavab verən bir dərgi, sayt və ya qəzet açmaq mövzusuna da tioxunaraq deyib ki, hazırda həvəskar təşəbbüslərlə dərgilər,saytlar yaradılır. Sosial şəbəkələrdə aktivlik var:" Türk dünyasına bağlı olan gənclər bunun vasitəsilə hansısa informasiyanı bölüşürlər. Türk dünyasında baş verən hadisələr sosial şəbəkələr vasitəsilə bir-birinə çatdırılır. Dinamik fəaliyyət var. Bunu hər gün görürük və sevinirik.
Amma, hələlik bu istiqamətdə nəzərə çarpacaq uğurlu layihə, TRT AVAZ-ın yaradılmasıdır. Bu layihə göz qabağındadır. Hesab edirəm ki, ortaq saytların və dərgilərin yaradılmasından öncə,vahid əlifbaya keçmək lazımdır ki,ondan sonra bu işlər öz axarı ilə gedəcək. Çünki ortaq əlifbanın yaranmaması müəyyən qədər problemlər yaradır. Onu bilirəm ki, bu işləri birdən həyata keçirmək çətindir. Çünki 350 milyonluq bir məkanın ortaq əlifbasının yaranması üçün illər lazımdır. Proseslər ona doğru gedir. Bunu da qeyd edim ki, Türkiyəni çıxmaq şərtilə digər Türkdilli dövlətlərin müstəqillik tarixi gəncdir. Gənc dövlətlərdə insan hüquq və azadlıqları ilə bağlı problemlər yaşana bilər. Buna təbii baxmaq lazımdır. Zamanla bu problemlər öz həllini tapacaq. Düzdü, Türkiyə bu sahədə çox inkişaf edib. Demokratik təsisatlar və institutlar,müxalifətin imkanları genişdir. Dünya dəyişir və insan hüquq və azadlıqları istiqamətində görülən işlər bundan sonra da sürətlənəcək. Azərbaycanda bu sahədə irəliləyişlər var və bir sıra qanunlar qəbul edilib. Bu gələcəkdə ölkəmizdə insan hüquq və azadlıqlarının daha da inkişafı üçün baza yaradır".