Azərbaycanın dövlət maraqları və milli mənafeyi əsas götürülməlidir
Azərbaycanın dövlət maraqları və milli mənafeyi əsas götürülməlidir

Seymur Verdizadə: "Bəzi xarici donorlar QHT-ləri özlərindən asılı
vəziyyətə salmaq üçün onların maliyyə maxinasiyalarına göz yumurlar"

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra "dəmir pərdə"nin aradan qalxması nəticəsində cəmiyyətdə yeni münasibətlər sistemi formalaşdı. Vətəndaş cəmiyyəti institutlarının yaranması fərdi təşəbbüslərin önə çıxmasını daha da sürətləndirdi. Müxtəlif sahələri əhatə edən ictimai birliklər və fondlar bütövlükdə cəmiyyətin həyatına yeni ab-hava gətirdi. Milli donorların fəaliyyətə başlaması bu prosesi daha da sürətləndirdi. Dövlət tərəfindən bu sahənin inkişafına külli miqdarda vəsaitin ayrılması Qeyri-Hökumət Təşkilatlarının xaricdən asılılığına son qoydu. QHT sektorunun inkişafı yeni ictimai birliklərin və fondların yaranmasına rəvac verdi. Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə ilə söhbətimizə də bu mövzu ilə başladıq:
- Demokratik cəmiyyətin qurulmasına töhfə vermək hər bir vətəndaşın borcudur. Ola bilsin ki, vətəndaşların bir qismi bu prosesdə aktiv, bir qismi isə passiv iştirak etsin. Amma hər bir vətəndaş üzərinə hansı öhdəliklərin düşdüyünü bilməli və onları yerinə yetirməlidir. Məsələn, seçkilərdə iştirak etmək hər birimizin vətəndaşlıq borcudur. Biz seçki prosesinə ciddi yanaşmaqla ölkədə demokratik ənənələrin formalaşmasına təkan verə bilərik. Təcrübə göstərir ki, əksər problemlər laqeydlik üzündən ortaya çıxır. Vətəndaş cəmiyyəti institutları insanları kollektiv fəaliyyətə həvəsləndirir. Biz bir araya gələndə daha güclü oluruq. Bu baxımdan insanların müxtəlif siyasi partiyalarda, ictimai birliklərdə və fondlarda bir araya gəlməsi müsbət haldır. İnsanlar başa düşürlər ki, bütün problemlərin həllini dövlətdən gözləmək doğru deyil. Məşhur bir ifadə var: yaxşı dövlət odur ki, vətəndaş onun mövcudluğunu hiss etməsin. Nəhayət, vətəndaş özü çiynini yükün altına verməlidir. Bu isə ancaq birgə fəaliyyətlə mümkündür. QHT-lər bunun üçün ən yaxşı modeldir.
- Milli donorların fəaliyyətə başlaması QHT-lərin həyatında hansı dəyişikliklərə səbəb oldu?
- Hazırda ölkədə 3 mindən artıq QHT dövlət qeydiyyatına alınıb. Bu isə onu göstərir ki, Azərbaycan dövləti QHT-lərin yaranmasında və inkişafında maraqlıdır. Milli donorların fəaliyyətə başlaması QHT-lərin həyatında yeni səhifə açdı. Bu gün QHT-lər dövlətdən vəsait alıb, öz ideyalarını reallaşdıra bilirlər. Bu, çox müsbət haldır. Milli donorlardan danışarkən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinə toxunmamaq ədalətsizlik olardı. QHT Şurasının fəaliyyətə başlaması QHT sektoruna nəfəs verdi, bu sahənin inkişafını sürətləndirdi. İşin müsbət tərəfi odur ki, Şura QHT-lər arasında ayrıseçkilik qoymur. Yəni, təşkilatları deyil, ideyaları qiymətləndirir. "Veteran" QHT-lərlə yanaşı, yeni yaranmış təşkilatlar da Şuradan maliyyə dəstəyi ala bilirlər. Üstəlik, region QHT-ləri üçün də bu cür geniş imkan yaradılıb. Bu münasibət bütövlükdə ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verir. Sevindirici haldır ki, digər donor təşkilatların sayəsində bu proses cəmiyyətin bütün təbəqələrini əhatə edib. Məsələn, Gənclər Fondunun fəaliyyətə başlaması özlüyündə çox müsbət haldır. Fondun bir neçə layihəsində ekspert olduğum üçün görülən işlərlə yaxından tanış olmaq imkanı qazanmışam. Gənclər Fondunun fəaliyyətində ən müsbət cəhət fərdi təşəbbüslərin dəstəklənməsidir. Dövlət 18 yaşlı gəncə 3-4 min manat pul verib, deyir ki, buyur, ideyanı reallaşdır. Yəqin ki, dünyanın çox az ölkəsində belə təcrübə var. Layihə başa çatdıqdan sonra isə həmin gəncdən hesabat tələb olunur. Beləliklə, gənclər həm cəmiyyətin həyatında aktiv iştirak edir, həm də pul xərcləmək mədəniyyətinə yiyələnirlər.
Bilirsiniz ki, güclü cəmiyyət yaratmaq üçün güclü mətbuata ehtiyac var. Çünki mətbuat təkcə xəbər vermir, həm də insanları maarifləndirir, onlara doğru yolu, düz istiqaməti göstərir. Azad mətbuat demokratik cəmiyyətin əsas atributlarından biridir. Sevindirici haldır ki, son illər ölkədə mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranması və fəaliyyətə başlaması bunun bariz nümunəsidir. KİV Fondu qəzetlərin layihələrinin reallaşmasına kömək edir, onlara maddi dəstək verir. Bu isə jurnalistlərin maddi durumunun yaxşılaşmasına səbəb olur, qəzetlərin ayrı-ayrı siyasi dairələrdən asılılığına son qoyur. Üstəlik, hər il 100-dən artıq jurnalist Fondun keçirdiyi müsabiqələrdə iştirak etməklə maddi gəlir əldə edə bilirlər. Bir sözlə, milli donorların mövcudluğunun bir çox üstünlükləri var və biz bu fəaliyyətin davamlı olmasını arzulayırıq.
- Azərbaycanda fəaliyyət göstərən QHT-lərin cəmiyyətin həyatındakı rolunu necə qiymətləndirirsiniz? QHT-lərin təsir imkanlarını artırmaq üçün hansı təklifləriniz var?
- QHT-lər ümummilli məsələlərdə vahid mövqedən çıxış edə bilirlər. Bu, müsbət haldır. Avqustun əvvəllərində Ermənistan cəbhə bölgəsində Azərbaycana qarşı təcavüzkar siyasətini şiddətləndirəndə yerli QHT-lər buna kəskin etiraz etdilər. Ermənistanı və onun havadarlarını hədəfə götürən bəyanatlar Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirirdi. Bu, onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin böyük əksəriyyəti müstəqildir, heç bir xarici dövlətdən və beynəlxalq təşkilatdan asılı deyil. Təkcə bu fakt göstərir ki, QHT sektorunun inkişafı həm dövlətə, həm də cəmiyyətə lazımdır. Hesab edirəm ki, QHT-lərin istər cəmiyyətin həyatında, istərsə də dövlət idarəçiliyində rolu artırılmalıdır. Bunun belə olacağına məndə bir əminlik var. Məlum olduğu kimi, ötən il noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "İctimai iştirakçılıq haqqında" Qanun imzalanıb. Qanun 1 iyul 2014-cü il tarixində qüvvəyə minib. İnanıram ki, bu qanun QHT-lərin dövlət idarəçiliyində rolunu artıracaq. Qanunda dövlət qurumlarında İctimai Şuraların yaradılması nəzərdə tutulub. Mənə elə gəlir ki, dövlət qurumları özləri İctimai Şuraların yaradılmasında maraqlı olmalıdırlar. Belə Şuraların yaradılması onların daha şəffaf fəaliyyət göstərməsini təmin edəcək və dövlət qurumları ilə bağlı xoşagəlməz söz-söhbətlərin ortaya çıxmasına son qoyacaq.
- Bir müddət əvvəl bəzi QHT-lərin bank hesabına həbs qoyuldu. Hətta bir neçə QHT rəhbərinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırıldı. Siz bu barədə nə düşünürsünüz?
- Çox vacib məqama toxundunuz. Yəqin hər kəsə məlumdur ki, burda söhbət xaricdən külli miqdarda qrant alan QHT-lərdən gedir. Azərbaycanda milli donorlar fəaliyyətə başlamamışdan əvvəl yerli QHT-lər beynəlxalq təşkilatlarla, xarici donorlarla əməkdaşlıq edirdilər. Dövlət özü vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirmək üçün vəsait ayırandan sonra da bu ənənə davam etdi. Təəssüf ki, bəzi QHT-lərin xaricdən asılılığını inkar etmək mümkün deyil. Xarici donorların öz "sevimli" təşkilatları var və uzun illərdi ki, onları maliyyələşdirirlər. Bəzi QHT-lər bu sahədə monopoliya yaradıblar. Onlar başqa təşkilatların xarici donorlarla əməkdaşlıq etməyinə imkan vermirlər. Jurnalist Araşdırmaları Mərkəzi indiyə kimi 6 dəfə qrant layihəsi həyata keçirib. Bizim maliyyə qaynağımız həmişə yerli donorlar olub. Jurnalist Araşdırmaları Mərkəzi xarici donorlardan heç vaxt vəsait almayıb. Halbuki böyük layihələr icra etməyə həm potensialımız, həm də komandamız var. Sadəcə olaraq, maliyyə mənbəyi şübhəli olan donorlarla əməkdaşlıq etmirik. Biz öz fəaliyyətimizdə Azərbaycanın dövlət maraqlarını və milli mənafeyini əsas götürürük. Üstəlik, dövlətdən aldığımız hər qəpiyin hesabatını veririk. Yəni, donor yaxında olduğu üçün bizi tez-tez monitorinq edə, fəaliyyətimizi yoxlaya bilir. Bu isə o deməkdir ki, iş prosesində yol verilən nöqsanları aradan qaldırmaq imkanımız həmişə var. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edən QHT-lərin isə belə imkanı yoxdur. Donor təşkilatlar xaricdə yerləşdiyi üçün Azərbaycandakı partnyorunun fəaliyyətini vaxtında təftiş edə bilmir. Hətta deyərdim ki, bəzən onlar özləri də bunda maraqlı olmurlar. Elə xarici donorlar var ki, QHT-ləri özlərindən asılı vəziyyətə salmaq üçün onların maliyyə maxinasiyalarına göz yumurlar. Görünür, rəsmi qurumlar bunu bildikləri üçün hüquqi müstəvidə araşdırma aparmağa qərar veriblər.
- Belə çıxır ki, siz QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsinin əleyhinəsiniz...
- Yox, belə deyil. Sadəcə, çox istərdim ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq edən QHT-lər öz fəaliyyətlərində Azərbaycanın dövlət maraqlarını və milli mənafeyini əsas götürsünlər. Təcrübədə belə təşkilatlar var. Azərbaycanın tanınmış ziyalısı Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda BAMF BMT-də yüksək statusla təmsil olunan 138 təşkilatdan biridir. Postsovet məkanında fəaliyyət göstərən QHT-lərin heç birinə belə bir status əldə etmək nəsib olmayıb. BAMF-ın fəaliyyəti milli maraqlara söykənir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa yönəlib. Bu cür fəaliyyət ölkəmizin maraqlarına xidmət etdiyi üçün biz bunu alqışlayırıq. Eyni fikirləri Jurnalistlərin Həmkarlar İttifaqına (JuHi) da şamil etmək olar. Düzdür, JuHİ heç vaxt məbləği yüz min dollarlarla ölçülən qrant layihələri həyata keçirməyib. Amma kiçik vəsaitlə böyük işlər görə bilib. Beynəlxalq qurumlarla əməkdaşlığa can atan QHT-lər BAMF, JuHİ kimi nüfuzlu təşkilatların təcrübəsindən faydalana bilərlər.