Bəzi iri məmurların 2015 narahatlığı
Bəzi iri məmurların 2015 narahatlığı

Parlament seçkiləri ərəfəsində kimlərin postuna təhlükə yarana bilər?

Gələn ilin payızında Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi planlaşdırılıb. Gələn məlumatlar isə bu yöndədir ki, həmin seçkilərdə yalnız parlamentin tərkibində dəyişiklik olmayacaq. Həm də seçki öncəsi bir çox iri məmurların vəzifələri ilə vidalaşması tamamilə realdır.

Belə məmurlardan bəzilərinin adları mütiəmadi olaraq KİV-də hallanır. Bildirilir ki, gələn ilki seçki ərəfəsində postlarını itirə biləcək vəzifə sahibləri aşağıdakılar ola bilər:
Ramiz Həsənov - 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilən, 2008-ci ilin noyabrından isə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olan Həsənovun adı indiyədək bir neçə dəfə vəzifəsindən ayrılacaq məmurlar arasında hallanıb. Amma həmin iddialar indiyədək özünü doğrultmayıb.
Qərib Məmmədov - 1997-ci il iyunun 25-də Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin edilən Qərib Məmmədov artıq 17 ildir ki, bu vəzifəni tutur. Hazırda 67 yaşı olan Məmmədov, KİV-də ən çox tənqid edilən qurumlardan birinin başçısıdır. Onun indiyədək "vurulacağı" ilə bağlı dəfələrlə xəbərlər yayılıb. Hazırda ən böyük gözlənti Qərib Məmmədovun rəhbərlik etdiyi komitənin ləğv olunacağı, səlahiyyətlərinin isə Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcəyi yönündədir. İstisna deyil ki, biz 2015-ci ilin ilk yarısında belə bir islahatın aparılmasının şahidi olaq.
Azad Rəhimov - 2006-cı ildən gənclər və idman naziri postunu tutan Azad Rəhimov da son vaxtlar ən çox tənqid edilən iri məmurlardan biridir. Onun ötənilki prezident seçkilərindən sonra hazırda tutduğu postu qoruyub saxlayacağına inam az idi. Bununla belə, Rəhimov yeni formalaşdırılan hökumətin tərkibində qala bildi. Amma bunun uzun müddət davam etməyəcəyini düşünənlər kifayət qədərdir. Hesab edilir ki, Azad Rəhimov 2015-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində vəzifəsindən uzaqlaşdırılacaq iri məmurlardan biri ola bilər.
Abid Şərifov - bu ilin yanvarında 74 yaşını qeyd edən Abid Şərifov 1995-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Gələn il onun həmin postu tutmasının 20-ci ildönümü olacaq. Yayılan iddialara inansaq bu "yubiley"ə ən böyük sürpriz Şərifovun təqaüdə göndərilməsi ehtimalının kifayət qədər real görünməsidir. Əslində bunu sürpriz adlandırmaq da doğru deyil. Şərifovun ötənilki prezident seçkilərindən sonra formalaşdırılan yeni hökumətin tərkibində yer almayacağını KİV-lər az qala 100 faizlik ehtimal kimi yazırdılar. Amma bu ehtimal özünü doğrultmadı. Bununla belə, Abid Şərifov hökumət kabinetindəki hər hansı islahat dalğasında görəvdən ayrılacaq "ən potensiallı vitse-premyer" kimi görünür.
Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı olan Hacıbala müəllim bu ilin mayında 70 yaşını qeyd etdi. Ona yüksək dövlət mükafatının verilməsi isə belə ehtimallara yol açdı ki, artıq paytaxt merinin təqaüdə göndərilməsinə hazırlıq proses başlayıb. Arxada qalan dönəmdə mətbuatın geniş yer verdiyi bu iddianın gerçəkləşməməsi onun qarşıdakı aylarda, xüsusilə 2015-ci ildə reallaşmayacağını söyləmək üçün heç bir əsas vermir.
Bu adları çəkilənlərdən başqa bir çox icra başçısının "vurulması" ehtimalı da yüksək qiymətləndirilir. Bu "vurulma"ların hamısı isə parlament seçkilərində dəstəyin daha da artırılmasına hesablanıb.
Belə ki, adı daha çox tənqid hədəfində olan, barələrində mütəmadi şikayət və narazılıqların səsləndiyi iri məmurları zərərsizləşdirməklə iqtidar ictimai rəydə islahat görüntüsünü artırmaq istəyir. Seçkilərdə hökumətin aktivinə bir qayda olaraq "mənfi xal" yazmağa gətirib çıxaran məmurlarla yolların ayrılmasının ictimai rəydə geniş təqdir toplayacağı birmənalıdır.
Elə bunlar nəzərə alınaraq bir çox iri məmurların 2015 parlament seçkiləri ərəfəsində "vurulacağına" dair iddiaları ciddi qəbul etmək mümkündür. Bunula belə, indidən səslənən iddiaların doğru olub-olmadığını da birmənalı söyləmək çətindir. Hər şey yaxın bir ildə aydın görünəcək. Odur ki, bizə oturub gözləməkdən başqa bir şey qalmır.
Ülviyyə Qasımlı