Azadlıqların qorunması dövlətin inkişafıdır
Azadlıqların qorunması dövlətin inkişafıdır

Ermənistan isə bu inkişafdan çox uzaqda qaldı

Bu gün insan hüquq və azadlıqlarının qorunması dünya siyasətinin bir nömrəli probleminə çevrilib və çağdaş zamanda bu normalara əməl etməyən dövlətlər sadəcə olaraq qeyri-ciddi toplumun yaşam məskəni kimi qəbul edilir. Bu prosesi biz Dağlıq Qarabağ münaqişəsinə yanaşmada artıq daha aydın şəkildə görməyə başlamışıq. İllər boyu Azərbaycanı informasiya blokadasında saxlamaqla Ermənistanın bu münaqişədə haqlı tərəf olduğunu göstərməyə çalışan erməni lobbisi artıq bunun qarşısında aciz qalıb. Çünki Azərbaycan bu informasiya blokadasından çıxmağa nail oldu və əsl reallığı dünya ictimaiətinə təqdim edə bildi. Belə olan halda aydın oldu ki, hər zaman erməni dövlətçiliyinin tarixindən dəm vuran erməni lobbisi sadəcə olaraq utopiya yaradıb. Reallıq isə budur ki, hazırda erməni cəmiyyəti erməni kilsəsi ilə erməni lobbisinin əlində acizdir. Ortada isə bir Ermənistan dövləti yox, idarə edilən bir toplu var. Bu gün artıq erməni cəmiyyətinin özü bəyan edir ki, Ermənistanda hakimiyyət yox, korrupsiyalaşmış bir cinayətkar dəstə var və bu dəstə insan hüquq və azadlıqlarını ən kobud şəkildə rədd edir. Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə bir milyondan çox azərbaycanlının hüquq və insan azadlıqlarını pozan Ermənistan rəhbərliyi artıq eyni şəkildə öz əhalisinin də hüquq azadlıqlarını tam olaraq əllərindən alıblar. Bunun nəticəsidir ki, il ərzində yüz mindən çox erməni Ermənistanı tərk etməyə məcbur qalıb. Bu günlərdə Azərbaycan tərəfinə keçən bir Ermənistan vətəndaşı da etiraf etdi ki, artıq Ermənistanda yaşamaq mümkünsüzləşib, insanlara qarrantiya verilərsə Azərbaycana belə köçməyə hazırdırlar. Bunu da qeyd edək ki, durum get-gedə daha da gərginləşir və Ermənistan bu gün faktiki Rusiyanın bir əyalətinə çevrilib. Amma cinayətkar Ermənistan rəhbərliyi hələdə təslim olmaq niyyətində deyil və erməni toplumunun tələblərini rədd etməklə yanaşı qonşu ölkələrə qarşı işğalçılıq siyasətlərini davam etdirir, yeni informasiya savaşına hazırlıq görürlər. Elə Ermənistan prezidentinin son açıqlaması da bunun təsdiqidir. Belə ki, Serj Sərkisyan rəhbəri olduğu Respublika partiyasının Şurasının iclasını keçirib və Azərbaycana qarşı təbliğat-informasiya mübarizəsini gücləndirməyə çağırıb. Sərkisyan partiyasının üzvlərini "beynəlxalq əlaqələrini gücləndirməyə və bu əlaqələrdən düşmənlə mübarizədə istifadə etməyə" çağırıb.
Sərkisyana görə şübhəsiz ki, rəsmi səviyyədə təmaslar və iş vacibdir. Lakin istənilən qeyri-formal təmaslardan "həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün" istifadə edilməlidir.
"Bizim düşmənlərimizin imkanları artır, onların işi fəallaşır, bu situasiyada bizim passivlik göstərmək haqqımız yoxdur" deyə Sərkisyan bildirib. Ermənistan prezidenti daha sonra deyib: "Son döyüşlərdə təmas xəttində nə qədər azərbaycanlının həlak olduğu hamıya məlumdur. Lakin onlar bütün dünyaya yayırlar ki, erməni tərəfinə yaxşı dərs veriblər. Hamıya bizim şahmatçılarımızın nailiyyətləri məlumdur. Bununla belə Azərbaycan prezidenti əmin edir ki, onlar bizi bu idman növündə qabaqlayıblar. Ancaq Azərbaycan yığması ancaq Avropa çempionu adını qazana bilib".
Serj Sərksyan ideologiya-təbliğat işini necə qurmaq barədə tezislərini davam etdirərək partiya fəallarına tapşırıb ki, ermənilərin şahmatda daha güclü olduğu haqda "həqiqəti" beynəlxalq ictimaiyyətə yaysınlar. "Xüsusən də Bakının Qarabağ məsələsini Minsk formatından digər müstəviyə keçirməyə çalışdığını nəzərə almaqla" o əlavə edib. "Ədalət naminə qeyd etmək lazımdır ki, bir çox hallarda onlar buna nail olurlar, mən Qarabağ məsələsinin NATO-da, həmçinin AŞ PA-da müzakirə olunmasını nəzərdə tuturam" Ermənistan prezidenti bildirib.
S.Sərkisyan daha sonra Minsk Qrupu formatının erməni tərəfinə çox sərfəli olduğunu etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi Qarabağ nizamlanmasını ATƏT-in Minsk Qrupu çərçivəsində saxlamağa nail olmalıdır. "Hansı ki, biz bu formatda əhəmiyyətli nailiyyətlər əldə edə bilmişik" deyə o, əlavə edib. S.Sərkisyana görə erməni tərəfi Minsk Qrupundakı "uğurlarını" digər strukturlarda da yaymağa nail olmalıdır.
S.Sərkisyanın partiyasının rəhbərliyini toplayaraq Azərbaycana təbliğat müharibəsində uduzduqlarını etiraf edən çıxış etməsi NATO-nun Uelsdə keçirilmiş sammitindən dərhal sonra baş verir. Ermənistan prezidenti bu sammitdə əsəbi çıxış edərək alyans üzvlərini Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdı. Lakin o, istədiyinə nail ola bilmədi. NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olundu.
Sərkisyan Uelsdən İrəvana qayıdan kimi partiyasının rəhbərliyini toplayıb və göründüyü kimi erməni yalanlarının artıq dünyada yerimədiyini, Azərbaycanın təbliğat-lobbiçilik məsələsində Ermənistanı sıxışdırdığını etiraf etməli olub. Həmçinin Sərkisyanın sonuncu çıxışı onun əsəblərinin yerində olmadığı haqda Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun qoyduğu diaqnozu da təsdiqləyir. Serj gah ermənilərin şahmatda azərbaycanlılardan güclü olduğu halda Azərbaycan prezidentinin bu "həqiqətin" dünyaya çatdırılmasına imkan verməməsindən şikayətlənir, gah cəbhədə Azərbaycan ordusunun onlara yaxşı dərs verdiyi barədə məlumatların hər yerə yayılmasından qəzəbləndiyini büruzə verir. N.Məmmədov ixtisasca psixiatr yox, keçmiş fransız dili müəllimi olsa da belə görünür ki, Sərkisyanı yaxından müşahidə edərək onun psixi durumunun yerində olmadığını tamamilə dəqiq müəyyən edə bilmişdi...Amma ekspertlər hesab edir ki, artıq Ermənistan saxta ittihamlarla informasiya savaşında qalib gələ bilməyəcək. Ən azından ona görə ki, erməni cəmiyyətinin özü Ermənistan rəhbərliyindən imtina edib. Çox maraqlıdır ki, hər il ianələr təşkil etməklə Ermənistana on milyon dollarlarla pul göndərən erməni diaspor təşkilatları da artıq bundan imtina edirlər. Bildirirlər ki, yığılan bu pullar sadəcə olaraq hakimiyyətdəki quldur dəstələri tərəfindən mənimsənilir. Erməni cəmiyyətinin öz insan hüquq və azadlıqlarını qorumaq üçün hərəkətə keçməsi həm də erməni kilsələrinə inamsızlıqla müşahidə olunur.Artıq erməni kilsəsinin toplum üzərindəki liderliyi sıradan çıxmaqda və cəmiyyətin bir tərpənişi hiss olunur ki, bu da Ermənistanın cinayətkar rəhbərliyini narahat edir. Məhz buna görə Ermənistan rəhbərliyi yenidən Azərbaycanı hədəfə almaqla erməni toplumunu qorxu altında saxlamağa çalışır. Bununla bağlı "Unikal"a açıqlama verən psixoloq Türkan Azad iddia edir ki,adətən insan haqlarının tapdalandığı, dövlətçilik ənənələri bərbad duruma düşən ölkələrdə mütləq kənarda düşmən axtarışına çıxırlar:"Bu təsdiq olunmuş bir faktdır və hazırda bunun maraqlı nümunəsini Ermənistanda müşahidə edirik. Bu gün Ermənistanda toplu normal yaşamadığını, bütün hüquqlarının pozulduğunu görərək get-gedə hakimiyyətə qarşı səfərbər olunurlar. Bunun qarşısını almaq üçün isə Ermənistan rəhbərliyi xalqı qorxu altında saxlamaq, problemləri unutdurmaq üçün qonşu ölkələrin timsalında düşmən obrazı yaradır, utopik ideyalarla xalqı aldadırlar. Diqqət yetirin Ermənistanda sosial vəziyyət günbə-gün pisləşdikcə Ermənistan rəhbərliyi Naxçıvan, Cavaxetiya iddiaları ilə çıxış etməyə başlayır. Bununla da əsas məqsəddən kənarlaşmağa çalışırlar. Amma hazırda bu proses o qədər də effekt vermir. Ona görə ki, artıq on illərdi ki, Dağlıq Qarabağı işğal edən Ermənistan bunun sadəcə olaraq ziyanını görür. Hər bir erməni özlüyündə düşünür ki, Dağlıq Qarabağ bizim oldu, bəs nəticə? Nəticə isə budur ki, əhali yoxsulluq içində əzilir, insan haqlarından söhbət gedə bilməz və Ermənistan Dağlıq Qarabağın sadəcə girovuna çevrilib. Bundan isə Rusiya maksimal şəkildə yararlanaraq Ermənistan iqtisadiyyatını tam ələ keçirə bilib". Beləliklə aydın olan budur ki, bir dövlətin güclü olması üçün heç də ərazisinin böyük olması və ya qonşu ölkələrin ərazisi hesabına sərhədlərini genişləndirmək önəmli deyil. Önəmli olan insan hüquq və azadlıqlarının qorunması, normal bir cəmiyyətin formalaşmasıdır. Normal cəmiyyət mövcuddursa deməli dövlətin də bir o qədər güclü olacaq. Necə ki, bu gün Azərbaycan bu istiqamətdə düşmənlərində etiraf etdiyi kimi uğurla addımlayır.