Zakir Həsənov 6 ölkə rəsmisi ilə hərbi məsələləri müzakirə edib
Zakir Həsənov 6 ölkə rəsmisi ilə hərbi məsələləri müzakirə edib

"Bakı Ekspo Mərkəzi"ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Müdafiə Sənayesi Təşkilatının baş direktoru briqada generalı Qasım Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı regional təhlükəsizlik və ölkələrimiz arasında hərbi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də iştirak edib.
Həmin gün Z.Həsənov "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Koreya Respublikası Müdafiə Təminatı Proqramı Administrasiyasının nazir müavini Kim Çul Sunu qəbul edib.
Görüş zamanı regionadakı vəziyyət və ölkələrimiz arasında hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktorluğunun rəisi general Stefan Rebin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Fransaın ölkəmizdəki səfiri Paskal Mönye də iştirak edib.
Z.Həsənov, həmçinin ölkəmizdə səfərdə olan Çexiya müdafiə nazirinin müavini Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın müdafiə naziri Bəhreyn Krallığı Müdafiə Qüvvələri Komandanının müdafiə məsələləri üzrə məsləhətçisi general-mayor Əbdüləziz bin Əhməd Əl-Xəlifəni qəbul edib.
Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, Z.Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası "Ümumiçin İdxal-İxrac Dəqiq Maşınqayırma" korporasiyası İdarə Heyətinin vitse-prezidenti Van Suçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı regionlardakı hərbi-siyasi vəziyyət və ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.