Milli Məclis QHT sektorunda hüquqi bazanı möhkəmləndirir
Milli Məclis QHT sektorunda hüquqi bazanı möhkəmləndirir

Son illər Azərbaycanda hüquqi sahədə kifayət qədər islahatlar aparılıb. Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinin stumullaşdırılması istiqamətində bir sıra qanunvercilik təşəbbüslərinin həyata keçirilməsi də faktdır.
Ölkənin milli təhlükəsizliyinin təmini üçün də Milli Məclis də müvafiq addımlar atır. Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir. Milli Məclisdən bildiriblər ki, bununla bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna bir sıra əlavələr edilir.
Əlavə edilən 4.2-1-ci maddədə göstərilir ki, istənilən xarici qeyri-hökumət təşkilatının Azərbaycanda yalnız bir nümayəndəliyinin və yaxud filialının açılmasına icazə veriləcək. Qanuna yenə əlavə olunan 6.1.1-1-ci maddədə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı yerli müvafiq icra orqanına təqdim etdiyi əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətləri də göstərilməlidir.
Qanuna yeni əlavə olunan 6.1.5-ci maddəyə görə, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlər arasında ona rəhbərlik edəcək şəxsin səlahiyyət müddətini də göstərməlidir. Qanuna əlavə edilən 6.1.6-cı maddədə göstərilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və yaxud filialının rəhbəri öz müavininin təyin edilməsi barədə sənədi də müvafiq icra orqanına təqdim etməlidir. Bu sənəddə müavin barədə ətraflı məlumat göstərilməlidir.
Bununla yanaşı, qanuna əlavə edilən 12.8.3-1-ci maddədə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı ona verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir. Layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay sözügedən qanunvericilik təşəbbüsünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, Qeyri-hökumət təşkilatlarının yaranış və fəaliyyəti vətəndaş cəmiyyətinin, demokratiyanın və ümumilikdə ölkənin inkişafı üçün nəzərdə tutulub: "Burada əsas məqsəd QHT-lərin qanun çərçivəsində ictimai əsaslarla fəaliyyət göstərib, müxtəlif sahələrdə hökumət strukturlarının əhatə edə bilmədiyi problemləri aşkar edib, həllinə nail olmasıdır. Dovlətlə xalq arasında anlaşma körpüsü yaradılmasıdır. Yəni, QHT yaranışının və təsisçisinin əsas ideyası xüsusi maddi kommersiya qazancı, mənfəəti güdmədən xeyirxah mövqedən xalqa, cəmiyyətə təmənnasız xidmət olmalıdır. Hökumət təşkilatlarından fərqli olaraq QHT-lər müstəqil olduqları kimi, onların qanun və nizamnaməsinə uygun çərçivədə yaranışına, təyinatına və sayına məhdudiyyət yoxdur. Ona görə də ölkədə minlərlə sayda QHT ola bilər. Bu qədər çoxsaylı təşkilatların içərisində hər cür xarakter və xüsusiyyətə malik, yəni ən müsbət və ən mənfi məqsədlisinin də olması mümkündür. Dövlət və xalq üçün xüsusi müsbət xidməti olanlar və eləcə də ölkə ücün ziyanlı fəaliyyət göstərənləri də ola bilir. Xalqa və cəmiyyətə xidmət pərdəsi altında fəaliyyəti ilə baxırsan ki, bəzən bir ictimai təşkilat hansısa kommersiya obyekti kimi işlədilir və hər addımda, hər hərəkətdə şəxsi mənfəət güdülür".
İlqar Altay onu da bildirib ki, belə ziyanlı motivli fəaliyyət içərisində əlbəttə, dələduzluq və fırıldaq məqsədlisi, ölkədə ara qızışdırıb ictimai çaşqınlıq yaradanı, hətta xarici düşmən qüvvələrə xidmət edib dovlətçilik əleyhinə işləyənləri də ola bilər: "Xüsusilə qrant xeyirxahlığı adı ilə xaricdən maliyyələşən QHT-lərin dövlət üçün ziyanlı nəticələr doğura biləcək fəaliyyəti də ola bilər. Təbii ki, bu cür QHT-lər müxtəlif ölkələrdə mövcuddur və onların qarşısı hər bir ölkədə müvafiq qanunun tətbiqi ilə alınır. Yəni, nəzarətsiz buraxılsa, bütün bu hallar hər bir dövlət üçün ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, filiallarının fəaliyyəti ilə bağlı qaydaların sərtləşdirilməsi ehtiyacı da zənnimcə yuxarıda göstərdiyim amillərdən doğur. Əgər, artıq Qaunverici orqan olan Milli Məclis səviyyəsində bu məsələyə baxılıb qərar qəbul edilməsi durursa, bu o deməkdir ki, Azərbaycanda demokratik prinsiplərə xidmət adı ilə bir sıra QHT-lər tərəfindən ölkəyə problemlər yaranıb. Mən bu yeni qanun dəyişikliyi məqsədi ilə tanışam və burada əsasən xaricdən idarə olunan QHT-lərin dovlət qeydiyyatı ilə bağlı şəffaflıq mahiyyətli bir sıra yeni öhdəlik və tələblər irəli sürülür. Düşünürəm ki, məqsəd və fəaliyyətini həqiqətən də şəffaflıq və qanun əsasında Azərbaycanda demokratiyanın inkişafı üzərində quran xarici QHT-lər üçün bu tələblər heç bir problem yaratmaz".
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı da bizimlə söhbət zamanı Milli Məclisin bu təşəbbüsünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, əlavə edilən 4.2-1-ci maddədə göstərilir ki, istənilən xarici qeyri-hökumət təşkilatının Azərbaycanda yalnız bir nümayəndəliyinin və yaxud filialının açılmasına icazə veriləcək: "Bu dəyişikliyə qanunun sərtləşdirilməsi kimi baxmaq olmaz. Əslində, xarici QHT-lərin Azərbaycanda bir nümayəndəliyi var. Praktika hər hansı bir QHT-nin 2-ci nümayəndəliyinə rast gəlinməyib. Bu müddəanın qanunlaşdırılması məntiqə uyğundur. Qanuna yenə əlavə olunan 6.1.1-1-ci maddədə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı yerli müvafiq icra orqanına təqdim etdiyi əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətləri də göstərilməlidir.Bu dəyişiklik o deməkdir ki, xarici QHT nümayəndəliklərin milli QHT yaradanda tələb olunan sənədlərin siyahısı ilə eynidir. Yəni, bu müddəaya da "sərtləşdirilib" damğası vurmaq düzgün deyil. Yerdə qalan dəyişikliklərdə də yuxarıda qeyd etdiyim kimi heç bir sərtləşdirmədən söhbət gedə bilməz".
Birlik sədri deyir ki, Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən bir çox qanunlar qəbul edilib. "Həmçinin "QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı"nın qəbul olunması, "İctimai İştirakçılıq haqqında" qanunun qəbul olunması QHT-lərin fəaliyyətinə dövlət qayğısının təzahürüdür. QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramında QHT qanunvericiliyinin təkmilləşdirilməsi, tədris və məlumatlandırma işinin daha effektiv təşkili, QHT-lərin faydalılıq əmsalı üzrə təsnifatlandırılması, region QHT-lərinin potensialının gücləndirilməsi, dövlət-QHT-biznes əməkdaşlığı və digər məsələlər sənəddə öz əksini tapıb", – deyə M.Muradlı əlavə edib.
"Birlik" İctimai Birliyinin sədri Vüsal Hətəmov xarici ölkələrdən gələn mənfi təsirlərin qarşısını almağın vacib olduğunu bildirib: "Dəfələrlə bildirmişik ki, bu təşkilatlara nəzarət, onlarla hökumətin münasibəti şəffaf olmalıdır. Xarici ölkələrin ölkəmizdəki təşkilatları öz ölkələri üçün kəşfiyyat rolunu oynayır. Onların bizim dövlətə nə xeyri dəyə bilər ki?! Həmin təşkilatların missiyası tam ayrıdır. Hesab edirəm ki, öz ölkəmizə bağlı olan QHT-lərə maddi şərait yaradılmalıdır. Çünki xarici QHT-lər, əslində, bizim kimi dövlətlərdə özlərinə uyğun siyasi potensiallaşma mexanizminə çevrilir. Qərb dairələrindən bizə qeyri-təbii, spontan olmayan, xalqın iradəsi olmadan siyasi hakimiyyət çevrilişləri, xalqımızın milli-təfəkkür tərzinin təhrifi istiqamətində təhlükələr gələ bilər. Təbii ki, bunun bəzi ölkələrdə ən yaxşı halda vətəndaş müharibələri ilə nəticələndiyini görmüşük. Ən pis halda isə millətin manqurtlaşmış, təfəkkürsüz xalqa çevrildiyinin şahidi ola bilərik. Ona görə də bu yöndə qanunların daha da mütərəqqi formada dəyişməsi müsbətdir".