Politoloq: "Qeyri-formal hərbi qruplaşmaların
Dağlıq Qarabağ münaqişəsi regionuna gətirilməsi
ideyasını rəsmi Yerevan populyarlaşdırır"

İran İslam Respublikası və əksər ərəb dövlətləri ilə Ermənistanın çox sıx münasibəti vardır. Ermənistan və erməni diasporu bu münasibətlərdən xeyli faydalanıb, indi də faydalanır.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, lakin bu fayda Ermənistanın İslam dininə və müsəlmanlara normal münasibətini formalaşdırmadı: "Müsəlman dünyası haqqında neqativ məlumatların yayılmasında dünya erməniləri və onların tabeçiliyində olan mətbu orqanları mühüm rol oynayırlar. Bütün müsəlman dünyasında indi ekstremist qruplaşmaların aktivləşmə dövrüdür. Əfqanıstanda "Taliban" formalaşarkən erməni siyasətçiləri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın əfqan mücahidlərindən istifadə etdiyindən yazırdılar və indi də bu mövzunu diqqətdə saxlayırlar. Şimali Qafqazda qeyri-formal hərbi qruplar yaranıb aktivləşən kimi ermənilər onları Dağlıq Qarabağ münaqişəsi regionunda "axtarmağa" başladılar. Suriyadakı bəlli proseslər zamanı ermənilər iddia edirdilər ki, rəsmi Bakı adamları xüsusi olaraq Suriyaya döyüşməyə göndərir ki, onları Qarabağ münaqişəsi regionunda müharibəyə hazırlasın. İŞİD məsələsi indi çox dəbdədir. Ermənilər güman edirlər ki, Azərbaycan İŞİD-in imkanlarından yararlanıb, Dağlıq Qarabağ regionunda vəziyyəti gərginləşdirəcək. Bu mövzuya diqqət verməmək olardı, çünki bu mövzudan yazan və danışanların əksəriyyəti türkoloq və ya şərqşünas olsa da ermənidir və antiazərbaycanlı və antitürk instinktlərlə idarə olunan toplumun üzvləridir. Onların bu fikrinə həm də erməni qorxaqlığının təzahürü kimi yanaşırdıq. Lakin yaxınlarda Ermənistanın müdafiə naziri S.Ohanyan Yerevan Dövlət Universitetində keçirdiyi görüşdə bu məsələyə toxundu".
M.Əhmədoğlu deyib ki, S.Ohanyan ekspert və ya siyasətçi deyil, rəsmi şəxsdir: "Ona görə biz bu məsələyə diqqət yönəltdik. Əvvəla, bəri başdan deyək ki, Azərbaycan heç vaxt belə qeyri-formal hərbi qruplaşmalardan istifadə etməyib və indi də etmək fikrində deyil. Azərbaycan indi özünün regionun sabitliyinin sahibi kimi dərk edir. Hər hansı qruplaşmanın buraya dəvət edilməsi regional sabitlik üçün uzun müddətli təhlükə yarada bilər. İkincisi, Azərbaycanın ordusu vardır. Ordu regionda ən güclüdür. O cümlədən dünyada ən güclülər sırasına qoşulmağa real iddialıdır. Son hadisələr bunu deməyə tam əsas verir. Erməni nadanlığı nə qədər böyük olsa da nəhayət ki, ermənilər Azərbaycan həqiqətlərini dərk edəcəklər. Çünki həqiqətən Azərbaycan ordusu güclüdür. Qeyri-formal hərbi qruplaşmaların - radikal islamçıların Dağlıq Qarabağ münaqişəsində istifadəsini gündəliyə gətiriən ermənilər başa düşməlidirlər ki, əgər Azərbaycan istəsə, Dağlıq Qarabağ münaqişəsi regionuna qeyri-formal hərbi qruplaşmaların gətirilməsi o qədər də çətin məsələ deyil. İŞİD-in döyüşçüsünə ayda 500 dollar maaş verilir. Azərbaycan bəzi qruplaşmaların hərbi əməliyyatları uğurla keçirib qayıtması məsələsini razılaşdırmaqla 3-4 dəfə artıq pul verə bilər. İndi ermənilər özləri hesablasınlar ki, Dağlıq Qarabağda ermənilərin qurduğu hərbi sistemi dağıtmağa neçə belə qeyri-formal hərbi qruplaşdırma üzvü lazımdır və buna nə qədər pul tələb olunur. Azərbaycanda bu pulu ortalığa qoya bilən neçə yaşlı və gənc imkanlı adam var. Ermənilər bu suala cavab tapıb ona uyğun hərəkət etməlidirlər. Ermənilərin uduzmaq üçün müharibə arzulaması ideyası da çox ehtimal olunandır".