Angela Merkeldən Rusiyaya "qırmızı işıq"

Kansler: "Moskvaya qarşı hazırkı sanksiyaları azaltmaq üçün imkan yoxdur"

"Uzunmüddətli dövrdə Avropa İttifaqı (Aİ) Rusiya ilə enerji əməkdaşlığına yenidən baxa bilər. Moskvaya qarşı hazırkı sanksiyaları azaltmaq üçün imkan yoxdur." Bunu Almaniya kansleri Angela Merkel Berlində Finlandiyanın Baş naziri Aleksandr Stubbla görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva Şərqi Ukraynada əsas prinsipləri pozmağa davam edərsə, Almaniya və Aİ Rusiya ilə enerji siyasətlərini yenidən dəyərləndirməlidirlər. Buna baxmayaraq, münasibətləri davam etdirmək üçün yaxşı səbəblər var. Gələcəkdə bunun bir daha nəzərdən keçirilməsi əməkdaşlığın birdəfəlik dayandırılmasına səbəb olmamalıdır.
A.Merkel finlandiyalı həmkarı dünən keçirdiyi görüşdən sonra vurğulayıb ki, Moskva əleyhinə sanksiyaları azaltmağa imkan yoxdur: "Təəssüf ki, indi belə fikrimiz yoxdur. Şərqi Ukraynada vəziyyət heç də qənaətbəxş deyil. Elementar atəşkəs məsələsi, Luqansk və Donetsk əyalətlərinin gələcək statusu və onların Ukrayna mərkəzi hökuməti ilə əməkdaşlığı məsələsi həllini tapmayıb. Luqansk və Donetsk əyalətləri boyunca sərhədlər mühafizə olunmur - nə nəzarət var, nə də bufer zonaları. Halbuki bütün bunlar sanksiyaların azaldılması üçün minimum şərtlərdir."
Onun sözlərinə görə, regionda Kiyev hökuməti ilə razılaşdırılmış qaydada ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Ukraynada azad seçkiləri müşahidə etməsi üçün tam atəşkəs vacibdir. Rəsmi Kiyev və Qərb Moskvanı silah və döyüşçülər göndərməklə Şərqi Ukrayna qiyamçılarını dəstəklədiyini iddia edir. Moskva isə qəti şəkildə bu ittihamları inkar edir.
Finlandiyanın Rusiya ilə uzun quru sərhəddi olduğunu söyləyən Baş nazir A.Stubb NATO üzvlüyü üçün müraciət etməyəcəklərini bildirib: "Bunlar vəziyyət gərgin olmayanda müzakirə olunacaq məsələlərdir."
Xatırladaq ki, Ukrayna münaqişəsində indiyədək 3 minə yaxın adam ölüb. Sentyabrın 5-də atəşkəs əldə olunsa da, zorakılıq davam edir.
"Rusiya Federasiyası Avropa Birliyi-Kiyev danışıqlarında problemli sferalar üzrə təklifləri gözləyir". Bu sözləri Rusiyanın Avropa Birliyindəki (AB) daimi nümayəndəsi Vladimir Çijov deyib.
Xatırladaq ki, Avropa Birliyi srağagün azad ticarət zonasının yaradılması haqqında bölmə istisna olmaqla, Ukrayna ilə imzalanan assosiasiya haqqında razılaşmanı bəyənib. Razılaşmanın bu ilin 1 noyabr tarixindən tətbiqi nəzərdə tutulur. Azad ticarət zonasının yaradılması isə 1 yanvar 2016-cı ilə qədər təxirə salınıb.
"Avropa Birliyinin bu qərarı gözlənən idi və razılığa tamamilə uyğundur. Brüsseldə Rusiya - Ukrayna - Avropa Birliyi üçtərəfli formatda 12 sentyabrda keçirilən toplantıda belə bir razılıq əldə olunmuşdu", - deyə Rusiyanın AB-dəki daimi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, növbəti üçtərəfli görüşün tarixi haqqında razılıq hələlik yoxdur: "Ekspertlər sərbəst şəkildə işi davam edirlər. Ancaq top Avropa Birliyinin sahəsindədir. Onlar bizim narahat olduğumuz məsələlərin siyahısını alıblar. İndi biz onlardan təkliflər gözləyirik. Hesab edirəm ki, nailiyyət üçün güzəştlər lazımdır. Rusiya beş problemli istiqamət göstərib: tariflər, standartlar və texniki nizama salınma məsələləri, fitosanitar və baytarlıq normaları, energetika və nəhayət gömrük inzibatçılıq məsələləri. Biz Avropa Birliyinin cavabını gözləyirik".
Ukrayna və AB arasında assosiasiya haqqında razılaşma assosiasiyanın yaradılması, ümumi dəyərlər əsasında Ukrayna və AB arasında tədricən yaxınlaşma, iqtisadi və ticarət münasibətlərinin dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Assosiasiya haqqında razılaşmada prioritet tərəflər arasındakı iqtisadi münasibətlərdir. Xüsusi olaraq azad ticarət zonası yaradılır. Bu zona AB-nin daxili bazarına Ukrayna iqtisadiyyatının tədricən inteqrasiyasını təmin etməlidir.
Bu arada Almaniyanın "Stern" qəzeti Ukrayna hadisələrindən sonra kəskinləşən Rusiya-Qərb münasibətləri haqqında "Yeni soyuq müharibə" adlı maraqlı yazı dərc edib. Müəllifi Katya Qloger olan həmin yazıda bildirilir ki, Putin Ukraynada öz təsirini təmin edib: "Krım zəbt edilib, ölkənin şərqindəki münaqişə artıq dondurulub. Bu vaxt ərzində təxminən 3 min insan həlak olub, şəhərlər və kəndlər dağıdılıb. Putinin iştirakı olmadan gələcəklə bağlı planlar haqqında danışmaq isə qeyri-mümkündür. Amma heç kim bilmir ki, Putin uzağa getməyə nə qədər hazırdır. Onun Gürcüstana qarşı müharibəsindən düz 6 il keçdi. Növbə Ukraynaya gəldi. Və birdən o, Baltikyanı ölkələrin, yaxud da Moldovanın ilhaqına qərar verəcək?
Çünki Rusiya hərbi gücün tətbiqi ilə bağlı yeni tarixini yazır. Qərb, ilk növbədə Almaniya uzunmüddətli perspektivdə Avropanın parçalanmasının qarşısını ala biləcəkmi? Görünən odur ki, Berlin çaşqın vəziyyətdədir. Sevindirici haldır ki, Ukrayna ümumiyyətlə hələ suveren dövlət olaraq qalır. Angela Merkel nə vaxtsa hesab edirdi ki, Putini yaxşı tanıyır. Amma o, səhv edirdi. Alman tərəfi hazırda özünü aldadılmış hiss edir.
Kreml tərəfdarı politoloq Sergey Karaqanovun bu yaxınlarda "Financial Times" nəşrində dərc edilmiş məqaləsini Berlində qorxu ilə oxudular. "Rusiya güzəşt etməyəcək. Bizim həyatımız və millətimizin taleyindən söhbət gedir", - deyə politoloq yazırdı.
"Soyuq müharibə" indiki halda tamamilə dəqiq termin deyil. İki sistemin hazırkı qarşıdurmasında Rusiya çox zəifdir. İnkişaf edən ölkələr putinizm nə təklif edə bilər? O, müttəfiqlərini harada tapacaq? Rusiya yalnız iqtisadi deyil, həm də hərbi planda NATO çox zəifdir. Yalnız ABŞ Rusiyanın hərbi büdcəsini yeddi dəfə üstələyir. Qərbin texnologiya üstünlüyü haqqında danışmaq ümumiyyətlə lazım deyil. Bu halda Rusiya dünya iqtisadiyyatına birləşə bilmir. Axı, Rusiya büdcəsinin gəlirlərinin yarısı neft və təbii ixracından formalaşır.
İkinci Dünya Müharibəsindən sonrakı "Soyuq müharibə" hər iki tərəf üçün təhlükəli, amma etibarlı qaydalar üzrə aparılırdı. Bir-birinə qarşı eyni güclü blok dayanırdı. Amma hazırda Putin nə qədər güclü təqdim edilsə də, onun ölkəsi bir o qədər zəifdir. Rusiyanın müasirləşdirməsi üzrə Putinin vədləri elə vəd olaraq qalıb. Rusiyada artıq heç kəs gələcəyindən əmin deyil. Hazırda oliqarx Vladimir Yevtuşenkov ev həbsindədir. O, çirkli pulların yuyulmasında ittiham olunur. Oliqarx yaxın vaxtlara kimi ona aid olan "Rosneft" neft şirkətini satmaqdan imtina edirdi. Verilən mesaj aydındır: Hamı Putinin qarşısında "əyilməli" və milyardlarını onun sərəncamına verməlidir. Sonra nə olacaq? Daxili düşmənlər və xarici düşmənlər birlikdə "sağ qalmaq strategiyası"nı işə salacaqlar.
"2014-cü il sınaqların ili olacaq", - deyə alman tarixçisi Henrix Avqust Vinkler bildirir.
Qərbdə bir vaxtlar səmimiyyətlə ümid edirdilər ki, Qorbaçovun Sovet İttifaqı, daha sonra Yeltsinin Rusiyası Qərb üçün əsl partnyor olacaq və dünya nizamı ilə birləşəcək. O vaxtdan 25 il keçdi. Qərb hesablayırdı ki, Rusiya və postsovet məkanının digər ölkələri, xüsusi olaraq Ukrayna iqtisadi və siyasi islahatlar keçirəcəklər. Qorbaçov "Ümumi Avropa evi"nin yaradılmasını nəzərdə tuturdu. Almaniyanın xarici işlər naziri Hans Ditrix Qenşer isə Vankuverdən Vladivostoka qədər təhlükəsiz cəmiyyət haqqında düşünürdü. ABŞ prezidenti Bill Klinton Boris Yelstini bildirmişdi ki, Rusiya NATO-un üzvü ola bilər. Hətta Putin 2000-ci il prezident olduqdan dərhal sonra deyirdi: "Mən Rusiyanı Avropadan təcrid edilmiş şəkildə təsəvvür edə bilmirəm. NATO-nu düşmən adlandırmaq mənim üçün çətindir".
Amma bunların heç biri olmadı. Qərbin strateji səhvi idi ki, "soyuq müharibə"nin keçmişdə qaldığını düşünürdü.
İkinci Dünya Müharibəsində qalib gələn SSRİ "soyuq müharibə"dən sonra uduzmuş rolunda çıxış edirdi. Putin SSRİ-nin dağılmasını Qorbaçovun xəyanəti və amerikalıların "Böyük oyun"da geosiyasi gedişlərdən biri hesab edirdi. Qərb Rusiyanın iştirakı olmadan Avropada təhlükəsizliyin mğhkəmləndirilməsi yolu ilə gedirdi. Şərqə genişlənməni strategiyasını əvvəlcə NATO, daha sonra Avropa Birliyi həyata keçridi. Şərqi Avropa ölkələri bu qurumlarda öz gələcəyini axtarırdı, xüsusilə Baltikyanı ölkələr və Polşa tələsirdi. Qərb əmin idi ki, Şərqi Avropadakı sülh və sabitlikdən Rusiya udardı. Vaşinqtonda bunu "bərabər olmayanlar arasında bərabər hüquqlu əməkdaşlıq" adlandırırdı. Lakin bu strategiya işləmədi. Rusiyanın imperialist refleksləri çox güclü idi".
Yazıda daha sonra deyilir: "ABŞ prezidenti Barak Obama ilə görüşdə Putin açıq şəkildə SSRİ-nin keçmiş respublikalarını tərk etməyi tələb etdi. İlk növbədə Ukraynanı. Obama hər halda bu təhlükəni qiymətləndirmədi. "Rusiya yalnız regional dövlətdir", - ABŞ prezidenti bir neşə ay əvvəl söyləmişdi. Onda başqa xarici siyasət prioritetlər düşündürürdü: Çin, Yaxın Şərq, Əfqanıstan.
Hazırda Vaşinqton siyasi "buz dövrü"nə hazırlaşır. Obama Amerikanın nüvə potensialının müasirləşdirməsi üzrə nəhəng proqram elan edib və bu Moskvanın ünvanına dəqiq siqnaldır. "Bizə bu rejimi sakitləşdirməliyik. Amma biz adi insanlar üçün körpüləri yandırmaq istəmirik. Biz daha "soyuq müharibə" şəraitində yaşamırıq. Demokratik cəmiyyətlər Putin sisteminə qarşı intellektual mübarizəni aparmalıdır. Bu mübarizədə qalib gəlmək üçün ABŞ-ı müasirləşdirməliyik", - Maykl Makfol deyir.
Bu baxımdan cəsarətli bir fikir yaranır ki, Putinin hərəkətləri Qərb üçün yeni bir şans ola bilər.
Amma Qərb silahlanır, "qırmızı xətlər"i keçir və hərbi blokların keçmiş qarşıdurması haqqında xatirələri oyadır. Belə, üç həftə əvvəl NATO-nun Uels sammitinə gedən Obama yolüstü Estoniyada dayandı və fövqəladə vəziyyət halında NATO qoşunları, eləcə də Birləşmiş Ştatların əsgərlərinin köməyə gələcəyini bəyan etdi.
Estoniyanın "Emari" kiçik təyyarə bazasındakı vəziyyətdən danışmaq olar. Sentyabrın əvvəlində Almaniya Hərbi Hava Qüvvləri "hava nəzarəti" proqramı çərçivəsində birada dört ədəd "Eurofighter" təyyarəsini yerləşdirdi. Eyni zamanda deyirlər: "Bu müharibə deyil, biz buraya sülhün qorunması üçün gəlmişik".
Bu, ilk növbədə NATO-un ölkələrinin həmrəyliyi haqqında siqnaldır. Amma Qərb müttəfiqlərində müəyyən tərəddüdlər də var. Almaniya Xarici İşlər Nazirliyində Heç kəs daha illüziyalarla qidalandırmır. Rusiyaya etibar demək olar ki, itirilib. Xarici işlər naziri Ştaynmayeranın şəxsi "Müsir əməkdaşlıq" layihəsi artıq ölüb. "Strateji əməkdaşlıq"dan artıq heç kəs danışmır.
"Soyuq müharibə"nin tərkib hissəsi olan iqtisadi müharibə isə artıq başlanıb. İlk növbədə maliyyə sanksiyalarından, Rusiyanın enerji sektoruna ciddi zərbə vurmağa hesablanan qadağalardan söhbət gedir".

Kənan Rzaquliyev