Yenə də aldanan xalqdır

Ermənistanın Abovyan şəhərində "xalqı Serj Sarkisyan istibdadından azad edəcək məxməri inqilabın başlandığı" bəyan edildi.
Erməni Milli Konqresi, İrs Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksütyun liderlərinin dediklərinə görə, hakimiyyət artıq çox ağır, çıxılmaz vəziyyətdədir, iqtidarın dayaqları laxlayaraq zəifləyib və Sarkisyanın komandasını hakimiyyətdən uzaqlaşdırmaq çətin olsa da, mümkündür.
Yəni həmişəki ritorika - "az qalıb", "biz gəlirik", "demokratiya uğrunda irəli" və ilaxır.
"Məxməri inqilab"ın başlandığının elan olunduğu şəhərin Abovyan olması da təsadüf sayıla bilməz. Bu məkan 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində Serj Sarkisyanın total saxtakarlıqlar və qanunun heçə sayılması hesabına "qələbə"sinin təmin edilməsindən sonra insanların kütləvi etiraz aksiyaları keçirdikləri əsas şəhərlərdən biri idi.
Abovyan 1988-ci ildən sonra ermənilərin öləzimiş ümidlərinin dirildiyi, misli görünməmiş dərəcədə çoxsaylı nümayişçilərin küçələrə çıxaraq demokratiya, ədalət, azad seçkilər və qanunlara riayət istədikləri şəhərdi.
Elə həmin Abovyanda indi "məxməri inqilab"dan danışan adamlar 2008-ci ildə başqa əməllərlə məşğuldular. Bu şəxslər vətəndaşları terror etmək, seçkilərin nəticələrini saxtalaşdırmaq, Levon Ter-Petrosyanın tərəfdarlarını və seçki məntəqələrindəki adamlarını qorxutmaq, təhdid etməklə məşğuldular.
Martın 1-də etiraz dalğasının mərkəzi Yerevana keçdi və hakimiyyət də ona qarşı çıxanları sakitləşdirmək üçün nümayişçiləri gülləbaran etdi, 10 ermənini öldürdü.
Özlərini "ölkə müxalifətinin liderləri" adlandıran adamlar bu barədə danışmaq istəmirlər, çünki 2008-ci ildəki etiraz dalğası və inqilab gözləntisi məhv olaraq 2014-cü ildəki efemer "məxməri inqilab" yalanına çevrildi.
Xalq hərəkatı əvvəlcə guya burjua-demokratik inqilabı istəklərinə, sonra qiyam gözləntilərinə çevrildi və sonucda Abovyanda səslənən idiotizmə döndü.
Təkamül sıravi ermənilər üçün qorxuludur. Axı xalqı küçələrə çağıran, özləri isə hakimiyyətlə sürəkli sövdələşərək mümkün qədər çox preferensiyalar, imtiyazlar və maliyyə vəsaiti əldə etməyə çalışan müxalifət partiyaları ilə təşkilatlarının rəhbərlərinin ləyaqətsizliyinin bundan sonra hansı forma alacağını təxminləmək belə, çətindir.
2008-ci ildə real inqilab mümkünlüyündən yararlana bilməyən, Yerevandakı köhnə iqtidar və yaranmaqda olan yeni rejimlə eyni vaxtda danışıqlar apararaq küçələrdə inqilabçı, kabinetlərdə isə lakey olan adamlardan düşünülmüş siyasət, məntiqli qərarlar və ən başlıcası - şərəfli davranış gözləmək əbəsdir.
6 il əvvəl Ermənistanda, gerçəkdən də, geniş kütlənin dəstəyi ilə inqilab etmək olardı.
İnqilabın uğurunu hakimiyyət dəyişikliyi faktı ilə ölçmək və ya dəyərləndirmək yanlışdır. Təbii, inqilab nəticəsində iqtidarın yenilənməsi arzuolunandır. Amma bütün hallarda yox. Nədən ki, hakimiyyət dəyişikliyi ilə sonuclanan inqilablar əksər hallarda öz "övladlarını yeyir", liderlərini əcinnə tonqallarında məhv edir.
6 il əvvəl Ermənistanda kütləvi şüurda inqilab yaşandı və nəticədə anlamlarla dəyərlər dəyişdi, böyük siyasi yüksəliş oldu. Vətəndaş təşəbbüslərinin sayı artdı, cəsur gənclər irəli çıxdılar ki, bütün bunlar hakim sistem üçün təhlükləli idi.
Xalqın etirazları səngisə də, ətalət qaydalarına uyğun olaraq indiyədək zəif şəkildə davam edirdi.
Serj Sarkisyan proseslərin qarşısını almağa və şüurunun diqtə etdiyi məntiq çərçivəsindən kənara çıxan hadisələrə yol verməməyə çalışırdı.
Məhz bu səbəbdən son iki-üç il ərzində Ermənistanda demokratik düşərgəyə çevrilmə şansı azacıq olan qüvvələr dağıdıldı, xaosa sürükləndi, sövdələşmələrə və didişmələrə sövq edildi.
Abovyandakı bəyanat da tamahına məğlub olmuş Ermənistan müxalifətinin aqoniyasının göstəricisi sayıla bilər.
Bundan sonra Ermənistanda çox hakimiyyət dəyişiklikləri ola bilər.
Amma demokratik, sivil hakimiyyət dəyişikliyi, yaxud da xalq inqilabı olmayacaq.
Ermənilərin müxalifət liderləri dəyişməyincə, indiki ləyaqətsiz və mənəviyyatsız adamlar xalqın adından danışmağa davam etdikcə heç "məxməri" inqilab da olan deyil.
Ən azı ona görə ki, Abovyan şəhərindəki mitinqdə "məxməri inqilab" barədə danışan müxalifət liderləri bununla da 2008-ci ilin martın 1-dəki gülləbaranla bağlı hakimiyyət qarşısındakı iddialarından, Yerevan küçələrinə çıxıb etiraz edənləri atəşə tutanların cinayət məsuliyyətinə cəlb edilməsi tələblərindən əl çəkdiklərini üstüörtülü şəkildə bildirdilər.
"Məxməri inqilab"ın şərtlərindən biri cinayətlərlə bağlı əfv təminatların verilməsidir. Belə təminatlar olmadan heç bir inqilab nə yumşaq, nə ahəstə, nə də məxməri alınmır.
Görəsən, ermənilər növbəti dəfə aldadıldıqlarını anlayırlarmı?
Elçin Alıoğlu