İnsan hüquqları
İnsan hüquqları
Beynəlxalq normalar və qaydalar

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələr Azərbaycan qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İnsan hüquq və azadlıqları Azərbaycan ərazisində birbaşa tətbiq gücünə malikdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.
Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur. Müxtəlif sahələr üzrə qəbul edilən qanun və məcəllələr Azərbaycan Respublikası qanunvericilik sisteminin güclənməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə ölüm hökmü ləğv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.
İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.
27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqram, əsasən, BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə Azərbaycanın birinci məruzəsi ilə bağlı verilmiş tövsiyələrdə əks olunan məsələləri özündə ehtiva edir. Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi (həmçinin, qanunların hazırlanması zamanı insan hüquq və azadlıqlarının əsas amil kimi götürülməsi vasitəsilə), dövlət qurumlarının işinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığın davam etdirilməsi, insan hüquqları sahəsində təlim, tədqitat və maarifləndirici tədbirlərin davam etdirilməsi, habelə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsini nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş "İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi" (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İHŞ-yə üzv seçilməsi olmuşdur. BMT Baş Assambleyasının A/60/L.48 saylı Qətnaməsinə əsasən yaradılan İHŞ İnsan Hüquqları Komissiyasını əvəz etmişdir. Azərbaycan İHŞ-nin ilk 47 üzv-dövlətindən biri olmuşdur. İHŞ 19 iyun 2006-cı ildə fəaliyyətə başlamışdır.
2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilmişdir. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılmışdır.
Azərbaycan Respublikası İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları ilə məhsuldar əməkdaşlığını davam etdirir. Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarından ölkəyə səfər etməklə bağlı məktubla müraciətlərə müsbət cavab vermişdir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, 2013-cü aprel ayında Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarına ölkəyə səfər etməklə bağlı daimi dəvət ("standing invitation") göndərmişdir.
Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə BMT-nin xüsusi məruzəçisi A.Qrover regionlarda səhiyyə sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədilə 16-23 may 2012-ci il tarixində Azərbaycana səfər etmişdir.
2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə ümumilikdə 77 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası Hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir.
2013-cü ilin 3 may tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktı üzrə üçüncü dövri məruzəsi nəzərdən keçirilmişdir. Sessiya çərçivəsində Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, nümayəndə heyətinin açılış nitqini və hesabatımızda iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini yüksək qiymətləndirmiş və sözügedən məsələləri Hökumətimizin iqtisadi, sosial və mədəni hüquqların təminatı sahəsindəki səylərinin bariz nümunəsi qismində səciyyələndirmişlər. Azərbaycan Respublikasının məruzəsi və interaktiv dialoqun gedişi Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktın yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının səylərinin təqdirəlayiq olduğu qeyd edilmişdir.
2013-cü ilin 20 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının 24-cü sessiyası çərçivəsində UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikası üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclas keçirilmişdir. Hesabata baxış zamanı təqdim edilən ümumilikdə 162 tövsiyədən 158-i Azərbaycan tərəfindən tam və ya qismın qəbul edilmiş, habelə mövcud tövsiyələrin müəyyən hissəsinin Azərbaycan Hökuməti tərəfindən artıq yerinə yetirildiyi, digər hissəsi ilə bağlı isə işlərin davam etdirildiyi qeyd olunmuşdur. İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı (A/HRC/24/13) İHŞ tərəfindən yekdilliklə qəbul olunmuşdur.
25 noyabr - 6 dekabr 2013-cü il tarixində BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri olmuşdur. Xüsusi Məruzəçi İnsan Hüquqları Şurasının 26-cı sessiyasına təqdim etdiyi hesabatın Azərbaycana səfəri ilə bağlı Əlavəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına məxsus olduğunu qeyd etmiş və münaqişə ilə bağlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etmişdir. Eyni zamanda, Xüsusi Məruzəçi hesabatında münaqişə ilə bağlı aşağıdakı tövsiyəni vermişdir: "Xüsusi Məruzəçi torpağın işğalı məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Baş Assambleyasının 62/243 saylı "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnaməsində əks olunan müddəalar əsasında tezliklə həlli ilə bağlı beynəlxalq ictimaiyyətə öz səylərini intensivləşdirməyi tövsiyə edir".
Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/5) qismində yayılmışdır.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən İHŞ-nin prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/14) qismində yayılmışdır.
1-2 aprel 2014-cü il tarixində Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası çərçivəsində "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyası üzrə Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinə dair həyata keçirdiyi tədbirlər barədə ilk məruzəsinə baxılmış və müvafiq tövsiyələr qəbul edilmişdir. Azərbaycan tərəfi sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Komitə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ölkəmizin səylərini xüsusi qeyd edərək, 31 may 2011-ci il tarixli "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi sahəsində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" və "İnkluziv təhsil üzrə Dövlət Proqramı"nın qəbul edilməsini təqdir etmişdir. Komitə həmçinin, ölkədə Konvensiyanın müddəalarının həyata keçirilməsini əlaqələndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrupunun yaradılmasını yüksək qiymətləndirmişdir. Eyni zamanda, Konvensiyadan irəli gələn məsələlər üzrə ölkəmizin regionda Konvensiyanın digər tərəf-dövlətləri ilə beynəlxalq əməkdaşlığı təqdir edilmişdir. Bununla yanaşı, Konvensiya üzrə ölkəmizin növbəti hesabatının sadələşdirilmiş hesabat proseduruna (simplified reporting procedure) uyğun olaraq təqdim edilməsi barədə Komitənin təklifi Azərbaycan tərəfindən məqbul hesab edilmiş və ölkəmiz sözügedən prosedura qoşulmuşdur.
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi eyni zamanda ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün sözügedən məsələlərə məsul olan qeyri-hökumət təşkilatları ilə təmaslarını davam etdirir. 2014-cü ilin 26 mart tarixində Daxili Yerdəyişmə üzrə Monitorinq Mərkəzi (IDMC) tərəfindən ölkəmiz üzrə hesabat buraxılmışdır. Hesabatda ölkəmizdəki məcburi köçkün vəziyyətinin Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişədən irəli gəldiyi, Ermənistanın Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu nəzarət altında saxlaması, məcburi köçkünlərin yaşadıqları torpaqların Ermənistan qoşunları tərəfindən işğal olunması və münaqişənin hazırda da cəbhə xətti boyunca davam etməkdə olması birmənalı şəkildə qeyd edilmişdir.