Ordudan mətbuata xəbər

Ordudan mətbuata xəbər

Yeni sistem dezinformasiyaların qarşısını alacaq

Bir müddət öncə cəbhə bölgəsində atəşkəs rejimi kütləvi şəkildə pozulanda kifayət qədər maraqlı və təhlükəli bir an yaşadıq. Bu təhlükə cəbhə bölgəsində yox, elə Bakıda da yaşandı. Belə ki, sosial şəbəkələr az qala cəbhə xəttindən canlı yayımlar paylaşmağa başladılar, heç bir mənbəyi olmayan bu informasiyalar isə dövrü mətbuatda eninə-uzununa işıqlandırıldı.
Sanki bir yarış başlamışdı və bəzi hallarda hansısa hərbi hissələrin, zirehli texnikaların nömrələri, hansısa kəndlərin boşaldılması ilə bağlı xəbərlər səsləndirilirdi. Bu isə sözsüz ki, erməni kəşfiyyatı üçün gərəkli kəşfiyyat məlumatları idi və Azərbaycanın milli təhlükəsizliyi üçün real təhlükəyə çevrilmişdi. Belə olan halda hesab etmək olar ki, müəyyən ölçülər götürülməli və hərbi məsələlərdə mətbuata nəzarət etmək ehtiyacı ortaya çıxdı. Buna görə PA-in rəhbəri Ramiz Mehdiyev və bir sıra rəsmilər təcili mətbuat nümayəndələri ilə görüş keçirdilər. Həmin toplantıda çıxış edən Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib. O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. PA rəhbərinin görüşündən qısa zaman keçəndən sonra bu dəfə növbəti addım Müdafiə Nazirliyi tərəfindən atıldı. Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat" hazırlanıb.
Bunu müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.
Nazir müavini qeyd edib ki, təlimat Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamının icrası məqsədilə hazırlanıb.
Onun sözlərinə görə, təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb: "Kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda bilik və təcrübəyə yiyələnmiş şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vurmuş bir qrup hərbi qulluqçunun ilk buraxılışının həyata keçirilməsi, KİV nümayəndələrinin Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində fəaliyyət göstərməsinə dair akkreditə qaydalarının hazırlanması istiqamətində görülən işlər, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili məsələlərinin müəyyən edilməsi, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər də nazirliyin diqqət mərkəzindədir".
Müdafiə nazirinin müavini əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üzrə görüləcək tədbirlər informasiya sahəsində mövcud nöqsanların aradan qaldırılmasına imkan yaradacaq və Müdafiə Nazirlyinin fəaliyyətinin çevikliyinin daha da artmasına imkan verəcək.
K.Vəliyev məqaləsində Azərbaycanda bəzi KİV-lərin ordumuzla bağlı məlumatlarda erməni mənbələrinə istinad etməsi məsələsinə də məxsusi toxunaraq onları milli təhlükəsizliyimizin qorunmasına çağırıb: "Bəzi kütləvi informasiya vasitələri Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ictimaiyyətə çatdırır və ordumuz haqqında qeyri-obyektiv fikrin formalaşmasına cəhd göstərirlər. Bir daha diqqətə çatdırıram ki, media nümayəndələri bu kimi məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etsələr, daha yaxşı olardı.
Qeyd edək ki, bu gün dünyanın əksər ölkələrində orduya yanaşmada mətbuata ciddi senzuralar tətbiq olunub və bu müsbət effekt verir. Hətta demokratiyanın beşiyi sayılan ABŞ İraqa hucum edəndə icazəsiz cəbhə bölgəsinə gedən jurnalistlərə cinayət işi də açılırdı.
Toğrul Əliyev