Qorxulu Yaxın Şərq məzarlığı: strateqlər, İŞİD və diktatorlar

"Sykes-Picot" müqaviləsi əsasında bölgə ingilis kəşfiyyatçısı Gertrud Bell tərəfindən Londonun planlarına daxil edilib

Yaxın Şərqdə (Cənubi-qərbi Asiya) qorxulu dəyişmələr davam edir. İŞİD-in gəlişi ilə bölgə böyük bir məzarı xatırladır.
Bir tərəfdə İslam Dövləti militanları, bir tərəfdə Əsəd, digər tərəfdən İŞİD-ə qarşı yaradılmış koalisiya regionu cəhənnəmə çevirir. Peşmərgələrin və "Hizbullah"-ın aktivləşməsi isə xaosu dərinləşdirir. Stratejistlərin hədəf kimi Yaxın Şərqi seçməsinin isə bir sıra məqamları var. Region Ərəbistan yarımadasının 1/3 hissəsini təşkil edir. Qərb isə onun Pakistan və Aralıq dənizinə qədər olan böyük arealı əhatə etdiyini iddia edir.
"Yaxın Şərq" termini isə siyasətə Birinci Dünya Müharibəsindən sonra gətirilib. 1916-cı ildə İngiltərə və Fransa arasında gizli imzalanmış "Sykes-Picot" müqaviləsi əsasında bölgə ingilis kəşfiyyatçısı Gertrud Bell tərəfindən Londonun planlarına daxil edilib. Hələ 1902-ci ildə amerikalı strateq Alfred Tayer Yaxın Şərqin strateji əhəmiyyətindən bəhs edirdi. Plan gerçəkləşmədiyi üçün hazırda da baş verən müharibələr özünün ən təhlükəli mərhələsindədir. Bölgədə silahlı insidentlərin başlanması İkinci Dünya Müharibəsində İngiltərənin təşkilatçılığılı ilə Avropa yəhudilərini bura köç etməyə məcbur edilməsindən sonraya təsadüf edir. Regionda İsrail dövlətinin varlığını qəbul etməyən ərəblər (Misir istisnadı) yəhudiləri sıxışdırmağa başladılar. Nəticə etibarilə bu qlobal güclərin yəhudiləri qorumaq adı altında Yaxın Şərqə axınını yaratdı. Hazırda da İraqda 12, Suriyada 3 ildir davam edən müharibələr qlobal güclərin geosiyasi planlarının təzahürüdür.
İngilis siyasi analitik Devison bildirir ki, Yaxın Şərq İslam dini ətrafında qlobal güclərin əsas geosiyasi mərkəzini təşkil edir. Region eyni zamanda Balkan və Qafqaz kimi Qərb üçün strateji anlayış obyektidir. İslamın mərkəzi olmaqla yanaşı, zəngin təbii neft ehtiyatları da Yaxın Şərqin cazibəsini artırır. Həm də terror təşkilatlarının ən geniş şəkildə fəaliyyət göstərdiyi bölgədir. Bu faktor Yaxın Şərqdə möhkəmlənmək istəyən güclər üçün vacib məsələdir. Üç səmavi dinin yaranış mərkəzi də buradır. Xristian-Yəhudi bloku üçün Yaxın Şərqin ələ keçirilməsi "müqəddəs vəzifə"-dir. Masonların Kabala təlimlərində və Yevangelizmdə bununla bağlı geniş məlumatlar var. Bütün bu amilləri nəzərə alanda Yaxın Şərqdə hərarətin düşməməsini anlamaq mümkündür.

Bağdadi ilə sövdələşmə

İŞİD də güclərin Yaxın Şərq ambisiyasının məhsuludur. İslam Dövlətinin ortaya çıxması ilə Yaxın Şərqdə kimin şah, kimin piyada olması müəmmaya çevrilib. İŞİD regionda əhəmiyyətli mövqe əldə edəndən sonra qlobal oyunçular kələfin ucunu itiriblər. Qərbin nizami ordusuna qarşı peşəkarlıq nümayiş etdirən İŞİD planları alt-üst edir. İndi Amerika bilmir ki, peşmərgələrə yardım etsin, Əsədlə vuruşsun, yoxsa ki, İŞİD-ə qarşı mübarizə aparsın. Ukrayna məsələsi də digər yandan müttəfiqlər arasında çaxnaşma yaradır. Strateqlərin özləri də həqiqətdə nələrin baş verdiyindən xəbərsiz kimi görünürlər. Yaxın Şərqin ən əhəmiyyətli enerji qaynaqlarını ələ keçirən Bağdadi neftin barrelini 50 dollardan satır. Bu dünya birjasında neftin qiymətlərinə də təsir edir. İŞİD-in nefti birjadakı qiymətlərdən aşağı təklif etməsi bir sıra dövlətlərin marağına səbəb olub. Artıq həmin dövlətlər hegemon neft ixracatçıları ilə deyil, Bağdadi ilə sövdələşirlər. Bu isə neft tacirlərinə ağır zərbə vurur. Nəticədə birjadakı qiymətlər sürətlə düşür. Digər tərəfdən Suriya və İraqın ən böyük banklarını ələ keçirən İŞİD pulları təsir dairəsində saxladığı insanlara paylayaraq özünə əhəmiyyətli dəstək təmin edir. İndi İŞİD-in sıralarına Avropa və Asiyanın yoxsul təbqələrinin güclü axını var. Nəticədə isə İslam Dövləti dağıdıcı sunami kimi sürətlə irəliləyir.

Diktatorlar, kütlələr
və strateqlər

Uzun illər region dövlətlərinin teoktarik və avtoritar rejimlər tərəfindən idarəçilikdə olması da Yaxın Şərqin qarışmasına rəvac verən amildir. Təbii ki, həmin rejimlər iri neft maqnatlarıdır və əldə etdiklərini asanlıqla dağıtmaq istəmirlər. Xalqlar isə buna qarşı çıxacaq qədər siyasiləşmiş deyil. Bu da qərbli strateqlərin maraqlarını əks etdirmir. Çünki belə rejimlər Qərb və ABŞ-la əlaqələri inkişaf etdirmək əvəzinə ya fərdi şəkildə, ya da onların rəqibləri olan dövlətlərlə inteqrasiya şəraitində olurlar. Nəticədə bu balansı pozmaq üçün ABŞ 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə İraqa ordu yeridir. 2008-ci ildə Livanın baş naziri Rəfiq Həririni, arxasınca isə Qəddafini öldürür. 2011-ci ildə Suriyanı qarışdırır. Yerli xalaqların öz maraqlarını təmin etmək gücündə olmaması müttəfiqlərin belə yollara əl atmasına məcbur edir.
Mənsur Rəğbətoğlu