Ukraynada separatçılar Donbasın kömürünü satmağa başladılar

Qondarma respublikanın keçmiş "nazir"i Putini necə hədələdi?

Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası" ("DXR") Rusiya tərəfindən ilhaq olunan Krıma bu həftə kömürün çatdırılmasına başlamağa hazırdır. Bu barədə separatçı qurumun "yanacaq energetika naziri" Aleksey Qranovski bildirib.

Onun sözlərinə görə, Krımla müvafiq razılıq artıq əldə olunub. "DXR"in baş naziri Aleksandr Zaxarçenko Krıma bu həftənin cümə gününə qədər kömür göndərilməsi barədə göstəriş verib. Daha əvvəl Krımın yanacaq və energetika naziri Sergey Yeqorov bildirdi ki, "DXR"dən kömürün idxalı barədə danışıqlar aparılır.
Krıma çatdırılacaq kömürün həcmi və qiyməti barədə məlumat verilmir.
"DXR"in baş naziri Ukraynanın Donetsk kömürü olmadan qışda donacağını deyib. O, Ukraynanın kömür ehtiyatının 85 faizinin Donetsk vilayətində olduğunu xatırladıb.

"DXR"in hərbi texnikası Kiyevə qədər çatdı
Bu arada Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası"nın yanmış və vurulmuş hərbi texnikası Kiyevə gətirilib. Hərbi texnikanın xüsusi "sərgi"sini Milli Qvardiyanın "Azov" batalyonunun polk komandiri Andrey Bileski təşkil edib.
Rusiya daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko isə "Facebook" səhifəsində yazıb ki, Rusiya ordusunun məxsus "BTR-80" zirehli texnikası "sərgi"nin əsas bəzəyi olub. Onu Novoazovsk ətrafında gedən döyüşlərdə ələ keçirmişdilər.
Mariupolun azad olunması üçün 13 iyunda həyata keçirilən əməliyyatda qumbaraatanla vurulmuş "BRDM-2" də nisbətən yaxşı vəziyyətdədir.

Donbasa Rusiya
desantçılarının növbəti qrupu yerləşdirildi
Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi bölmələrinin Donbas hövzəsində yerləşdirilməsi prosesi davam edir. Bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində bildirib.
"Xüsusi olaraq Omskdakı xüsusi təyinatlılar və 331-ci paraşüt-desant alayının (Kostrama şəhəri) döyüşçüləri Donetsk vilayətində yerləşdirilir", - deyə hərbi ekspert yazıb.
Bundan başqa, D.Tımçuk qeyd edib ki, "Uspenka" sərhəd buraxılış məntəqəsi vasitəsilə Donetsk vilayətindən Rusiyaya son günlər dəfələrlə yük avtomobillərin yedəkçiləri keçib. Onlarla daha əvvəllər Ukrayna ərazisinə hərbi texnika keçirildiyi təxmin edilir.

"DXR"-in "sabiq müdafiə naziri" Putini Haaqa
Tribunalı ilə hədələdi
Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti, Donetskdə döyüşən rusiyayönümlü silahlıların keçmiş rəhbəri İqor Strelkov Rusiya prezidenti Vladimir Putini Haaqa Tribunalı ilə hədələyib.
"Novorossiya" informasiya agentliyinin verdiyi xəbərə görə, o, hazırkı komandanın Vladimir Putinə yalnız Haaqa Tribunalına çatmağa zəmanət verdiyini deyib.
Qurkin (bu, onun ləqəbidir - Ö.D.) hesab edir ki, Ukrayna münaqişənin eskalasiyası və onun ərazisi üzərində nəzarətin təmin olunması Rusiyanın sağ qalması və onun prezidenti üçün yeganə zəmanətdir.
Xatırladaq ki, avqustun ortalarında İ.Strelkovun ağır yaralanması barədə xəbər yayılıb. O, bir neçə gün sonra "Donetsk Xalq Respublikası"nın "müdafiə naziri" postundan istefa verib.

Lavrov Ukraynanın
böhranının
əsas səbəbini açıqladı
Ukrayna böhranı avroatlantik sərhədlərin şərqə çəkilməsi ilə bağlı Qərbin cəhdlərinin bilavasitə nəticəsi idi. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Cənclər İctimai Palatasının üzvləri ilə görüşündə bildirib.
Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Rusiya Federasiyası beynəlxalq hüquq normalarına ciddi tərəfdar olaraq milli maraqları müdafiə etməkdə davam edəcək: "Biz kiminləsə qarşıdurmaya getmək istəmirik. Amm bu kimi cəhdlərə qarşı çıxırıq və ədalətli hesab etdiyimiz milli maraqlarımızı möhkəm müdafiə edəcəyik. Biz dövlətlərin beynəlxalq hüquq normalarına əsaslanan qarşılıqlı münasibətləri dəstəkləyirik".
S.Lavrov əmin olduğunu söyləyib ki, hələlik çoxqütblü dünyanın həqiqətlərini qəbul etmək istəməyənlər bu fikirlərindən daşınacaqlar: "Bu, beynəlxalq münasibətlərin inkişafına daha yaxşı imkan yaradacaq".

CIA-dan şok iddia:
"Rusiya Şərqi Ukraynaya ordu yeridəcək"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Leon Panetta Rusiya Prezidenti Vladimir Putinin Krım ssenarisini Şərqi Ukrayna üçün planlaşdırdığını açıqlayıb. Panetta qeyd edib ki, Rusiya Şərqi Ukraynaya da ordu yeridəcək: "Putin Ukrayna kimi digər qonşu dövlətləri də təhdid edir. Bu hücumların qarşısını almaq üçün sürətli hərəkət etməliyik". Ukrayna mətbuatının məlumatına görə, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əhəmiyyətli olduğunu deyən Panetta qeyd edib ki, əgər Rusiya digər ölkələrlə müttəfiqlik etmək istəsə, bu yaxşı nəticələr ortaya qoyacaq: "Lakin Rusiya digər dövlətlərin ərazilərini də özünə ilhaq etmək istəyirsə, onu dayandıracağıq".
Kənan Rzaquliyev