Azərbaycanda ailə faciəsi üzərində qazanılan reytinqlər
Azərbaycanda ailə faciəsi üzərində qazanılan reytinqlər

Televiziyalar gələcəyimizi necə təhdid edir?

Uşaqlar və gənclərin televiziya izləmələri əslində digər məşğuliyyətlərindən sadəcə biri olmalıdır. Təəssüf ki, televiziya uşaqlar və gənclər üçün demək olar ki, zərurətə çevrilməklə yanaşı, zövq ala biləcəkləri yeganə bir vasitə kimi qəbul edilməkdədir. Əslində bir uşaq, ya da gəncin gündə 1-2 saat televiziya izləməsi kifayətdir. Məktəbdən, dərsləri hazırlamaqdan geriyə qalan zaman idmana, musiqiyə, rəsm çəkmək kimi hobbilərə ayırmalıdır. Ancaq gündəlik həyatda heç də belə olmadığının şahidi oluruq.

Bunun ən önəmli səbəblərindən biri uşaq və gənclərin valideynlərinin də televiziyadan asılı olması və hobbilərinin olmamasıdır. Uşaq evdə nəyi görürsə, ona alışır. Məktəbəqədər dövr ərzində istər anası, istər nənəsi, istərsə də dayələri ilə birgə zaman keçirən uşaqları evdə televiziya izləmək kimi bir tale gözləyir.
Məktəbəqədər dövrdə uşaq xəyalla gerçəyi də ayıra bilməz. Bir insanın uçduğunu gördüyündə bu vəziyyətə inanar və özünün də uca biləcəyini zənn edər. Bu səbəbdən izlədiyi proqramlar psixologiyasında yanlış və ziyanlı təsirlər buraxa bilər. Bizim cəmiyyətimizdə böyük ailələrdə uşaq və gənclər üçün səhv olan bir vərdiş də ondan ibarətdir ki, yetkinlər üçün və böyüklərin dünyasından bəhs edən filmlərin, serialların nənə-baba, ana-ata və uşaqların birgə izləməsidir. Halbuki, bir ailədəki fərdlər yaşlarına və təcrübələrinə görə çox fərqli hisslərə sahib olduğundan, böyüklərə mənfi təsir etməyən filmlər, seriallar uşaq və gənclər üçün ziyanlı ola bilər. Həyata inamsızlıq, qorxu, narahatlıq və qəzəb duyğularının inkişaf etməsinə səbəb olar.
Əslində sual "Uşaqlar və gənclər seriallardan mənfi təsirlənirmi?" yox, daha çox "Niyə bu qədər çox televiziya izləmə ehtiyacı hiss edilir?" kimi qoyulmalıdır. Valideynləri və yaşıdları ilə maraqlı söhbətlər edə, vaxtını daha əyləncəli, səmərəli keçirə biləcəyi hobbiləri olan uşaq, gənc ya da böyüklər televiziyaya niyə bu qədər aludə olublar?

Televiziyanın
4 ən böyük ziyanı

Amerika Pediatriya Akademiyasının mütəxəssislərinin araşdırmalarına görə, uşaqların gündə iki saatdan çox televiziya izləməsi son dərəcə zərərlidir, əks halda bu vəziyyət uşaqlarda bərpası mümkün olmayan "zədələr" açır. Çünki çox televiziya izləyən uşaqda:
1. Başqalarının çəkdikləri ağrılara və ya çətinliklərə laqeydlik yaranır
2. Ətrafına və müxtəlif hadisələrə qarşı bir qorxu yaranır
3. Başqalarına qarşı təcavüzkar və ya zərərverici davranışlara meyllik özünü büruzə verir
4. Davamlı televiziyanın qarşısında oturduğu üçün artıq çəki problemi meydana gəlir
İki yaş altı uşaqların televiziya izləməsi danışıq qabiliyyətini zəiflədir. Ekran qarşısında çox vaxt keçirən uşaqların ünsiyyət qurma qabiliyyəti də inkişafdan geri qalır. 6-30 aylıq uşaqların televiziya izləməsi söz dağarcığını kiçildir. Televiziya beyin neyronlarını və səs-küyü müxtəlif siqnallardan ayırd etməyə yarayan sinaptik əlaqələri öldürür.

Uşaqlar neçə saat
TV izləməlidir?

Bir-dörd yaş arası uşaqlar böyüklərlə birlikdə televiziya izlədikləri zaman bu onlar üçün çox faydalı olar. Uşağa izlədiyi proqram haqqında məlumat verə bilərsiniz. Uşaq onun üçün maraqlı olan şeyləri sizdən soruşa bilər. Unutmayın, bizə heç də ürküdücü gəlməyən şeylər uşaqlar üçün böyük bir qorxu qaynağı ola bilər Uşağın xüsusi qorxularının nələr olduğunu bilmək, televiziya proqramı seçimində sizə köməkçi olacaq. Oyun çağındakı uşaqların yarım saatdan çox televiziya izləmələri təhlükəlidir. Uşaq televiziya izlədikdən sonra onu dərhal yatağına yatırtmaq səhvdir. Onun gerçək dünyaya geri dönməsi, yəni filmin təsirindən çıxmaq üçün yarım saat vaxt verilməlidir.
Beş-on iki yaş arası uşaqlara şiddət və cinsəllik ehtiva edən proqramların izləmələrinə icazə verilməməlidir. Onların izləyə biləcəkləri proqramları təyin etməyiniz o qədər də çətin deyil. Ancaq digər uşaqlar bəzi serialları izləməyə təkid edirsə, bunları izləməsinə icazə vermək məcburiyyətində qala bilərsiniz. Yoldaşlarının yanında gülünc vəziyyətə düşməsi ehtimalını diqqətə almaq məcburiyyətindəsiniz. Bu təqdirdə uşağa proqramın zərərləri mövzusunda məlumat verməyiniz yerində olar Uşaqlar üçün hazırlanan proqramlardan başqa, maarifləndirici xarakter daşıyan, heyvanlar aləmindən, təbiətdən bəhs edən filmlər izləmək onlar üçün faydalıdır. Bu yaşlardakı uşaqların iki saatdan çox televiziya izləmələrinə icazə verilməməlidir.
Artıq uşaqlıq dövrünü geridə buraxdıqlarını düşünən yeniyetmələr televiziyada hər növ proqramı izləmək istəyəcəklər. Cinsəllik və kriminal hadisələrlə bağlı proqramlar əsnasında yeniyetmələrə məlumat vermək lazımdır. Romantik seriallarda yaşanan hadisələr yeniyetmələrin daim diqqətini çəkir. Onlara serial qəhrəmanları ilə bağlı nümunələr göstərmək, bunların sadəcə film olduğunu xatırlatmaq lazımdır.
Şiddət ehtiva edən serial və filmləri izləyən yeniyetmələrə gerçək həyat ilə televiziyada göstərilənlərin fərqli olduğunu izah etmək lazımdır. Kiçik uşaqlar kimi yetkinlik çağına yaxınlaşanların da böyüklərlə birlikdə televiziyada bəzi filmləri, proqramları izləmələrində fayda var. Uşaqların otaqlarına kiçik ekranlı bir televizor yerləşdirmək isə onlara zərər verər.

Televiziya seriallarının
şok təsirləri!

Bəzi seriallar, xüsusilə yüksək reytinq qazanmaq naminə şiddət, mafiya çəkişmələri, xəyanət ehtiva edən filmlər telekanalları zəbt edib. Doğrudur, yerli telekanallardan xarici serialların yayımı dayandırılsa da, yenə də bu tip serialları xarici telekanallarda izləmək imkanı mövcuddur. Bir çox animasiya, uşaq filmlərində qəhrəmanın ana ya da atası ölür, bəzilərində hər ikisi həlak olur. Uşaq tamamilə təkdir və nə edəcəyini bilmədən həyatdan tutunmağa çalışır. Kimsəsiz uşaqlar evinə getməmək üçün səy göstərər, uşaq kədərlidir və s. Bunları izləyən uşaqlar da kədərli olur. Bəs sonra...
Bu cür filmlərlə böyüyən bir uşaq həyatın daim ağrı-acı içində olduğunu düşünür. Uşaqlarımız bundan təsirlənər və gələcəkdə də cəmiyyətimiz təsirlənəcək. Ailə içindəki ünsiyyətsizlik uşağın daha çox televiziya izləməsinə gətirib çıxarır. Qəzəbinə hakim ola bilməyən qəhrəmanlar vurub-qırıb, insanları öldürdükcə, cəmiyyətdə şiddət də son dərəcə asan və adi bir fakt olaraq qəbul edilir. Bəzi yeniyetmə və gənclərin bu gün Polad Ələmdar kimi geyinib, onun kimi hərəkət etdikləri, onun kimi həyat sürməyə çalışdıqlarını hər kəs bilir.
Ünsiyyəti, ailədaxili, ya da yoldaşlıq münasibətləri də sıfır həddinə enir. Bütün ailə axşam bir araya gəlib, televizoru açıb serialları izlədiyində, heç kim bir-birilə danışmaq ehtiyacı duymur, getdikcə təkləşən fərdlər meydana gəlməkdədir.
İzlədikləri serial qəhrəmanlarını uşaqlar özləri üçün ideal olaraq qəbul edir, onun hərəkətlərini təkrar etməyə çalışırlar.

Uşaqlarımız reytinqdən
daha önəmlidir

Əzəli bir rəqabət içində olan televiziyalar uşaqlar və ailələr üzərində mənfi təsir yaradan verilişləri bir çox şeyi hesaba almadan yayımlayırlar. Televiziyaların ailə məzmunlu proqramlarında zərərçəkmişin açıq ünvanı verilərək, ailədaxili problemlər çılpaq şəkildə ortaya qoyulur. Bu cür proqramlarda problemlər heç bir gizliliyə, etik qaydalara diqqət yetirilmədən yayımlanır.
Çox təəssüf ki, ailədaxili problemlər televiziya verilişlərinin əsas mövzusuna çevrilib. Bir insanın, ailənin faciəsindən reytinq naminə istifadə edirlər. Kriminal xəbərləri "ən qaynar" formada təqdim edilməsi uğurunda kanallar arasında "savaş" gedir. Bu proqramların isə cəmiyyət üzərində buraxdığı mənfi təsirlərin kompensasiyası mümkün olmaya bilər.
Gələcəyimiz reytinqdən daha önəmlidir!

Cabir Məmmədov