"Biz də yas mərasimlərindəki israfçılığın əleyhinəyik"

Hacı Salman Musayev: "Ehsan verilməsi dinimizə görə müstəhəb, yəni bəyənilən bir əməl sayılır və ehsanın özü inkar edilə bilməz, amma ehsanda israfçılıq və ifrata varma qətiyyətlə yolverilməzdir"
"Unikal" qəzetinin suallarını QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev cavablandırır:

- Hörmətli Müfti Hacı Salman cənabları, dindarların vahid formaya keçməsi hansı zərurətdən yarandı?
- Artıq bir neçə aydır ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Din Xadimlərini Təkmilləşdirmə Kursları layihəsi həyata keçirilir. Kursun müdavimləri Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə məscidlərdə işləyən axund və imamlardan ibarətdir. Bu yaxınlarda həmin kursları bitirən ruhani-müdavimlərin üçüncü buraxılışı oldu. İndiyədək kursları 150 nəfər bitirib. Qeyd etdiyiniz vahid forma da hələ ki, sözügedən təkmilləşdirmə kursunu bitirən axundlara və imamlara təqdim edilir.
Biz uzun müddətdir bu haqda düşünürdük, məsləhətləşmələr aparırdıq. Sonda belə qərara gəldik ki, bizim din xadimlərimiz üçün belə bir geyim forması hazırlansın. Vahid geyim forması isə bir tərəfdən həmin şəxslərin din xadimi olduğunu ifadə edir, digər tərəfdən də onların geyim sahəsində bir nizam-intizam yaradır.
Qeyd edim ki, din xadimlərimiz üçün hazırlanan bu geyimlər Azərbaycanımızın öz milli çalarlarını əks etdirir, öz tariximizə, mədəniyyətimizə əsaslanır.
Çalışmışıq ki, bu forma bir nümunəvi forma olsun və onu geyinənlər öz üzərində din xadimi olma məsuliyyətini hiss etsinlər.
Bunu da deyim ki, təqdim etdiyimiz geyim nümunəsi məzhəbindən asılı olmayaraq kurslarımızı bitirən hər bir müsəlman din xadimi üçün nəzərdə tutulub və biz müsəlmanlar arasında heç bir fərq qoymuruq. Ölkəmizdə əsrlərdən bəri müxtəlif məzhəbləri təmsil edən şəxslər birlik və qardaşlıq mühitində yaşayıblar və bu gün də həmin ənənə davam edir.
Lakin bütün bunlarla bərabər, tərəfimizdən təqdim olunan vahid geyim nümunəsi icbari xarakter daşımır. Bu, bizim təklifimiz, tövsiyəmizdir. Məcburi qaydada bütün din xadimlərinin eyni forma geyinməsi nəzərdə tutulmur.
-Bu gün rəhbərliyində Sizin də təmsil olunduğunuz Qafqaz Müsəlmanları İdarəsi kifayət qədər nüfuza sahibdir. Bu cür nüfuzlu qurumla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin münasibətləri nə yerdədir?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlətimizlə dini qurumlar arasındakı münasibətləri tənzimləyən, koordinasiya edən rəsmi dövlət qurumudur. Şübhəsiz ki, Qafqaz Müsəlmanları İdarəsinin Dövlət Komitəsi ilə münasibətləri yüksək səviyyədədir. Bu iki qurum arasında həm rəhbərlik səviyyəsində müntəzəm görüşlər keçirilir, həm də regionlarımızdakı müsəlman dini icmalar Dövlət Komitəsinin yerlərdəki qurumları ilə sıx əməkdaşlıq edir. Bütün bu fəaliyyətlər bir vətəndaş kimi dövlətçiliyimizə xidmət edir və ölkəmizdə din-dövlət arasındakı münasibətlərin yüksək səviyyəsi fonunda gerçəkləşir.
- Azərbaycanda bir vəhhabi xofu ortaya çıxdı. Sizcə bu, həqiqətən də xof yaradacaq gücdədir?
- Azərbaycanda din sahəsində tolerantlıq atmosferi mövcuddur və bu, bizim xalqımızın mentalitetindən, əsrlərdən bəri formalaşmış yüksək mədəniyyətindən irəli gəlir. Ulu Öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının layiqincə davam etdirdiyi uğurlu siyasət sayəsində bu gün ölkəmizdə sabitlik hökm sürür və heç bir kənar təsir, o cümlədən də radikal dini cərəyanlar Azərbaycanda xof yarada bilməz. Dövlətimiz və dövlətçiliyimiz kifayət qədər güclüdür və onun qarşısında heç bir gücdən söhbət gedə bilməz. Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, sözügedən cərəyanlar ölkəmizdə tolerantlıq mühitini pozmağa, insanlar arasında dini-məzhəb zəminində qarşıdurmalar yaratmağa, iğtişaşlar salmağa, radikallıq və ekstremizm meylləri aşılamağa cəhd edirlər. Bu, ümumiyyətlə məzhəbindən asılı olmayaraq, radikal-ekstremist xarakteri daşıyan və cəmiyyət üçün yad, qeyri-ənənəvi olan bütün cərəyanlara aiddir. Şübhəsiz ki, radikal-ekstremist cərəyanların bu kimi cəhdləri milli təhlükəsizliyimizi, sabitliyimizi, inkişafımızı təhdid edir və hər birimiz bu bədxah niyyətlər qarşısında ayıq-sayıq olmalı, dövlətimizi, dövlətçiliyimizi, cəmiyyətimizi və xüsusən gənclərimizi belə ünsürlərin şərindən qorumalıyıq.
Bununla belə, tam əminəm ki, bədxahlar heç vaxt ölkəmizdə öz bəd niyyətlərini gerçəkləşdirə bilməyəcəklər, inşaallah.
- QMİ-nin fəaliyyətində hər zaman bir dini tolerantlıq hiss olunur. Bu tolerantlığı dünya müsəlmanları arasında da tətbiq etmək olarmı?
- Bu tolerantlıq dinimizin mahiyyətindən irəli gəlir və hər bir müsəlman başqalarının əqidəsinə, dini inancına ehtiramla yanaşmalıdır. Quranın "əl-Hücurat" surəsinin 13-cü ayəsində buyurulur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız təqvada daha üstün olanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."
Tolerantlıq əslində bir insanlıq borcudur. Bunu da deyim ki, hazırda dünyada tolerantlıqdan bir qədər də irəliyə doğru addım atılmaqdadır. Bu, müxtəlif din və mədəniyyətlərin nəinki bir-birinə dözümlülük göstərməsi, hətta bir-biri ilə qarşılıqlı ehtiramla davranmasını nəzərdə tutur. Bu tendensiyanın dünyada inkişafına Azərbaycan da öz praktik həyatı ilə töhfəsini verir.
Sualınıza gəldikdə, şübhəsiz, bu tolerantlıq və qarşılıqlı ehtiramı dünya müsəlmanları arasında da tətbiq etmək olar. İnsanların, toplum və xalqların dinc, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün tolerantlıq və qarşılıqlı ehtiram bütün dünyada tətbiq olunmalıdır. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanımız bu məsələdə bütün dünya, o cümlədən də dünya müsəlmanları üçün gözəl bir nümunədir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının həm ölkəmizdə, həm də dünya miqyasında fəal müdafiəçisidir.
- Bu gün dini mərasimlərə yasaq qoymalar insan azadlığının pozulması kimi qiymətləndirilə bilərmi?
- Söhbət qadağadan deyil, vətəndaşlara tövsiyə xarakterli müraciətdən gedir. Belə ki, rəsmən belə bir qadağa mövcud deyil. Söhbət yas mərasimlərində israfçılıq hallarına yol verilməməsi, ifrata varma hallarının qarşısının alınması üçün xalqa edilən çağırışdan gedir. Bu isə heç bir halda insan azadlığının pozulması kimi səciyyələndirilə bilməz.
Qeyd edim ki, ehsan verilməsi dinimizə görə müstəhəb, yəni bəyənilən bir əməl sayılır və ehsanın özü inkar edilə bilməz. Amma ehsanda israfçılıq və ifrata varma qətiyyətlə yolverilməzdir. İslam dinində ümumiyyətlə, israf haram hesab edilir. Allah-Təala buyurur: "Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" ("əl-Əraf", 31).
Biz də yas mərasimlərindəki israfçılığın əleyhinəyik və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyələrimizi illərdən bəri mütəmadi olaraq xalqa çatdırırıq. Buna dair hələ 2002-ci ildə QMİ tərəfindən müvafiq fətva verilib. Daha sonra mövqeyimiz Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 2011-ci ilin iyul ayında dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində öz əksini tapıb.
Biz dini baxımdan yolverilməz sayılan israfçılığın hər zaman əleyhinəyik və tövsiyələrimiz də insanların, bütövlükdə cəmiyyətimizin xeyirinə yönəlib. Dinimiz insanlar üçün çətinlik deyil, asanlıq istəyir. Bizim də vəzifəmiz bunu cəmiyyətimizə çatdırmaqdır.
Söhbətləşdi:
Z.MƏMMƏDLİ