Masallıda torpaqlar zorla ələ keçirilir
Masallıda torpaqlar zorla ələ keçirilir

Torpaq şöbəsinin müdiri Hamil Hadıyev "sözə baxmayan" vətəndaşları həbslə hədələyirlər

Masallıda bir xeyli müddətdir davam edən torpaq böhranı özünün yeni təhlükəli mərhələsinə qədəm qoyur. Vəziyyətin ağırlığına səbəb isə yerli məmurların vətəndaşların paybəlli torpaqlarını zorla əlindən almasıdır.
Bildirək ki, bu problem hələ xeyli əvvəldən yaşanırdı. Belə ki, Masallı rayon Torpaq Şöbəsinin müdiri Hamil Hadıyev başının dəstəsi ilə birlikdə əhaliyə məxsus torpaq sahələrini gizli və aşkar formada başqalarına icarəyə verməyə başlamışdı. Həmin vaxt rayonun Yeyənkənd kəndində bir neçə sakinin torpaqlarının başqasına verilməsi ilə başlayan qalmaqal, sonradan sakitləşdirildi. Məsələnin ictimailəşməsindən qorxan Hadıyev geri çəkilməli oldu.
Lakin yeni icra başçısının göndərilməsindən sonra rayonda durum yenidən ağırlamşağa başlayıb. Vəziyyət belədir ki, Hamil Hadıyev bütün yararlı torpaq sahələrinin siyahısını çıxararaq, onları ələ keçirmək və ya onların vasitəsi ilə pul qazanmaq üçün hərəkətə keçiblər.
Verilən məlumatda deyilir ki, Hamil Hadıyevin ağlına belə bir ideyanı yaxın adamlarından biri salıb. Belə ki, həmin şəxslər Hadıyevi yoldan çıxararaq, onunla birlikdə əhalinin paybəlli torpaqlarını ələ keçirməyə başlayıblar. Ancaq pul xatirinə həyata keçirilən bu işlər o qədər problemlərə səbəb olub ki, artıq Masallıda hər an əhali ayağa qalxa bilər.
Məlumatlarda deyilir ki, yeni icra başçısı Rafil Hüseynov da məsələdən xəbər tutub və o da baş verənlərə bir o qədər əhəmiyyət vermir. Elə buna görədir ki, Hamil Hadıyev icarəyə vermək istədiyi torpaqlardan əldə etdiyi gəlirlərin bir qismini icra başçısına verdiyini hər yerdə deyir. Lakin narazılığın baş qaldıracağı və bunun ciddi problemlərə səbəb olacağını görən Hamil Hadıyev yeni oyun qurub.
Rayondan aldığımız məlumata görə, artıq rayonun bir neçə kəndində yerli sakinlərlə torpaq şöbəsinin müdiri arasında narazılıq belə yaranıb. Ancaq Hamil Hadıyev bu işdə böyük pulların olduğunu bildiyindən heç nədən çəkinmədən hərəkət edir. Elə bu səbəbdəndir ki, iş daha da pisə doğru getməkdədir.
Bizə çatan məlumatlara görə, vətəndaşlara məxsus paybəlli torpaqlarını zorla başqalarına icarəyə verməyə çalışan şöbə müdiri hətta insanları həbs etdirə biləcəyi ilə də hədələyir. Verilən xəbərlərdə vurğulanır ki, Hamil Hadıyev onun sözünə baxmayan rayon sakinlərinin adlarından ibarət siyahı hazırlayaraq, onu Masallı rayon Polis Şöbəsinə təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, hadisələrin bu şəkildə davam etməsi vəziyyəti daha da dramatikləşdirə bilər. Artıq bəzi kəndlərdə bununla bağlı etirazlar daha da böyüməyə başlayıb. Məlumatlara görə, Oncakələ, Ərkivan və Tatyanoba kəndlərində sakinlər Hamil Hadiyevin hərəkətlərinə etiraz əlaməti olaraq icra başçısına şikayət ünvanlayıblar. Və bəyan ediblər ki, əgər proses dayandırılmasa, aksiyalara start verəcəklər.
Emin