Rusiya Ukraynadan meyit daşıyır

ATƏT-in müşahidə missiyasından şok hesabat!

Əsgər cənazələrinin daşınmasında istifadə olunan avtomobillər Rusiya-Ukrayna sərhədini keçərkən müşahidə olunublar. Bu barədə ATƏT-in müşahidə missiyası məlumat yayıb.
Müşahidə missiyasının sonuncu hesabatında üzərində "Yük 200" yazılmış avtomobillərin ötən gün separatçıların nəzarətində olan Donetsk bölgəsinə keçərək elə həmin axşam geri qayıtdığı bildirilib. Rusiyaya qayıdan avtomobilin təftiş edilməsinə izn verilmədiyi deyilir.
Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində döyüşdə həlak olanlar "Yük 200" adlandırılır.
Ukraynada hazırda təxminən dörd min Rusiya hərbçisi qeyri-leqal statusdadır. Bu barədə isə Rusiya Əsgər Anaları İttifaqının məsul katibi Valentina Melnikov bildirib. "Mən hesab edirəm ki, hazırda Ukraynada təxminən 4 min Rusiya hərbçisi qanunsuz yerləşdirilib. Amma hərbi qulluqçuların özləri bunun qanunsuz olduğunu bilmirlər. Hətta onların qohumları ümumiyyətlə heç nə bilmirlər", - o, vurğulayıb.
V.Melnikovun sözlərinə görə, əsgərlərin qohumları yalnız avqustun əvvəllərində Rusiya hərbçilərinin Donbas hövzəsində ölməsindən sonra narahat olmağa başladılar.
Onun sözlərinə görə, Rusiya ordusunun Donbas hövzəsində ən böyük itkiləri avqust ayında qeydə alınıb.
Ukraynalı ekspertlər isə Rusiyanın Donbas hövzəsindəki hərbçilərinin sayının daha çox olduğunu bildirirlər. Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri 4 gün əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib.

"ABŞ Ukraynada
müharibəni qızışdırır"

ABŞ Rusiyaya qarşı əsassız ittihamlar irəli sürməklə Ukraynada müharibəni qızışdırır. Bu barədə Rusiyanın BMT-dəki səfirinin müavini Aleksandr Pankin amerikalı həmkarının ittihamlarına cavab olaraq deyib.
Pankin deyib ki, NATO-nun ittihamları gerçəkliyi əks etdirmir. O, Təhlükəsizlik Şurasının üzvlərini ölkəsinə qarşı təbliğat aparmaqda ittiham edib.
Qeyd edək ki, NATO-nun Rusiyaya qoşun yeritməsi ilə bağlı xəbrdarlığından sonra BMT Təhlükəsizlik Şurasının təcili toplantısı çağırılıb.
ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pouer çıxışı zamanı Rusiyanı sülh danışıqlarında da müharibə axtarmaqda suçlayıb. "Rusiya sülh planı üçün danışıqlar aparır və sonradan onları sistematik olaraq hər bir addımda sarsıdır. Sülh haqqında danışsa da, müharibəni qızışdırmağa davam edir", Samanta Pouer əlavə edib.

Ekspert: "Putinin
müharibə aparmağa
cəsarəti yoxdur"

Rusiya Prezidenti Vladimir Putinin tezliklə Üçüncü Dünya Müharibəsini başlatmasına cəsarəti çatmaz. Bu barədə Xarkovlu hüquq müdafiəçisi Yevgeni Zaxarov deyib.
"Fikrimcə onlar bütün dünya ilə müharibə aparmazlar. Amma onlar bizə yaşamağa imkan vermirlər. Rusiya özünü supergüc hesab edir. İstəmirlər ki, biz onlardan uzaqlaşıb Avropa yolu ilə gedək", Zaxarov deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiyanın irimiqyaslı müharibə aparması üçün yetərincə pulu yoxdur: "Mən rus ekspertlərindən eşitmişəm ki, onların böyük müharibə aparmaq üçün resursları yoxdur".
Ekspert bildirib ki, Rusiya hazırda Krımın maliyyələşdirilməsi proqramını da dayandırıb.

Separatçılar
Xarkovda mitinq
keçirməyə hazırlaşır

Separatçılar 18 noyabrda Xarkovda mitinq keçirməyə hazırlaşır. unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "Facebook" səhifəsində bildirib.
A.Qeraşenkonun sözlərinə görə, mtinqin Moskva prospektində "Turboatom" zavodunda keçirilməsi planlaşdırılır.O, qeyd edib ki, Daxili İşlər Nazirliyi Rusiya meylli diversantların təxribatlarına imkan verməmək üçün aksiyanın qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət edəcək.
O, həmçinin əlavə etdi ki, mitinqdə 150 insanın iştirak edəcəyi barədə informasiya əldə olunub.

"Rusiya Ukraynanı
Qərbdən qopardı"

"Ukrayna və Rusiya arasında oktyabrın 31-də qaz müqaviləsi imzalandı. Oktyabrdan 2015-ci ilin mart ayınadək olan dövrü əhatə edəcək anlaşma yenidən diqqəti Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsinə yönəltdi. Ukrayna anlaşma əsasında nəzərdə tutulmuş qiyməti Aİ-nin qarantiyası altında ödəyəcək". Bu sətirlər olaylar.az saytında dərc edilən təhlildəndir.
Sayt yazır ki, müqavilədə Ukraynanın ilin sonunadək Rusiyaya olan 5.3 milyard dollarlıq qaz borcunun 3.1 milyardının ödənilməsi və "Qazprom"-a veriləcək avansla qış ayları ərzində qaz alınması yer alıb: "Müqavilə regional böhranın həll edilməsi baxımından da əhəmiyyətlidir. Anlaşma tərəflər arasında siyasi tarazlıqları dəyişdirə bilər. Avropa İttifaqının da üzərinə öhdəliklər götürməsi, Brüssel və Moskva arasındakı buzları əritməsi mümkündür. Bu isə birbaşa Moskva və Kiyev arasında diplomatik əlaqələrin bərpası kimi başa düşülməlidir. Lakin inkişaflar Ukrayna daxilində baş verən qarşıdurmaları dayandırmayacaq. Çünki Moskva Luqansk və Donetskdə keçirilən saxta seçkiləri tanıyır. Bu Kremlə gələcəkdə tərəfləri öz şərtlərinə tabe etmək üçün lazım olacaq. Digər tərəfdən son günlərdə Kiyevdə Yanukoviç tərəfdarlarının fəallaşması müşahidə olunur. Parlament seçkilərində ağır zərbə alan Rusiyameylli qüvvələr Poroşenkodan revanş almağa çalışacaqlar. Bu isə Ukraynada yeni siyasi silkələnmənin əsasını qoya bilər. Timoşenko və kommunistlərin məğlub olması da təhlükəni bir qədər artırır. Poroşenkonun koalision hökumət formalaşdırmaq cəhdləri Gürcüstanda olduğu kimi uğursuz alına bilər. Çünki koalisiyada Rusiya tərəfdarlarının da yer alması iddiası var.
Müqavilədən qazanan əsas tərəf Rusiyadır. Diplomatik masaya Avropa İttifaqını da cəlb edən Rusiya müqavilənin müddəti bitdikdən sonra Ukrayna qarşısında ən ağır şərtlərini sürə bilər. Moskva müəyyən edilən vaxt ərzində Ukraynanı qazla təmin edəcək. Lakin həmin müddətə qədər Rusiya Avropanı "qaz kartı" ilə şantaj edə bilər. Belə olan təqdirdə Kreml Brüssel və Vaşinqtondan Ukraynaya dair istədiklərini alacaq. Yəni ki, Aİ-nin anlaşmada üzərinə götürdüyü şərtlər birbaşa Rusiyanın xeyrinə işləyən amildir. 5.2 milyard dollarlıq müqavilədən Ukrayna martadək Rusiyaya 3.1 milyard dollar ödəyəcək. Digər tərəfdən Rusiyanın Çinlə imzaladığı enerji layihəsi var. Bu halda Avropanın Rusiyanın qaz embarqoları ilə üzləşmə ehtimalı 100%-dir. Qərb təhlükədən uzaqlaşmaq üçün Rusiyaya tətbiq edilmiş sanksiyaları yumşaldacaq, eyni zamanda ticari və iqtisadi əlaqələri bərpa etmək məcburiyyətində qalacaq. Putindən artıq belə bir mesaj verilib. Rusiya prezidenti Qərbi boykot qərarı verib. O, Davos dünya iqtisadi forumunda iştirak etməkdən imtina edib. Putin bu barədə ona edilən təklifi rədd edib. Kremlin bu addımı diplomatik masada yerini möhkəmlətməsi kimi başa düşülməlidir. Avropanın Rusiyadan başqa alternativ enerji mənbəyinin olmadığını bilən Putin, martadək bunu lazmi şəkildə dəyərləndirə bilər".
Kənan Rzaquliyev