Ermənistan müxalifəti yenidən küçələrə çıxır

Dekabrın 10-da İrəvanda geniş miqyaslı etiraz aksiyası keçiriləcək

Ermənistan müxalifəti dekabrın 10-da ümumxalq mitinqi keçirməyi planlaşdırır. Bunu "Eməni Milli Konqresi" partiyasının lideri Levon Zurabyan "Parlament üçlüyü" nümayəndələri ilə görüşdən sonra deyib.
Mitinqdən əvvəl insan hüquqlarının və ümumxalq hərəkatının vəziyyətinin müzakirə olunacağını deyən L. Zurabyan müxalifətin İrəvanın mərkəzində yürüş təşkil edəcəyini bildirib.
Ermənistan parlamentinin deputatları 2013-cü il üçün öz gəlir bəyannamələrini təqdim ediblər. Bu sənədlərə görə, parlamentdə 19 milyonçu var. Bu barədə "168 jam" qəzeti yazıb.
Onlardan 9-u hakim Respublikaçılar və ölkənin ən varlı adamı Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan" partiyasındadır. 2013-cü ilin nəticələrinə görə, parlamentin bütün deputatları 50 milyard dram, 80,7 mln. dollar, 27,1 mln avro gəlir haqda bəyannamə veriblər.
Yoxsul xalq üçün bu böyük rəqəmlər sadəcə əlçatmazdır. Hələ ölkənin dövlət məmurlarının, nazirlərinin əlində olan vəsaitlər bəlli deyil. Amma yəqin ki, bu rəqəmlərdə "xalq qulluqçuları"nınkındən daha çox olacaq.
Ən varlı deputat Qaqik Sarukyan olub. O, 134,2 mln. dollar qazandığını bildirib. O, həm də prezidentlik postuna namizəddir.
Demək, bu gün ölkədə hakimiyyətin oliqarxların əlində olduğunu deyən erməni müxalifəti haqlıdır. Və əgər hakimiyyət dəyişikliyi olarsa o kapital yığımına görə öz sələflərini belə ötəcək başqa bir oliqarxa ötürüləcək.
İşğalçı ölkə ilə bağlı bir başqa xəbərə görə, Ermənistan hökuməti noyabrın 19-da keçirilən iclasında "Ermənistan AES-in 2-ci enerji blokunun istismar müddətinin uzadılması məsələsində Rusiya Federasiyasının hökuməti və Ermənistan Respublikasının hökuməti arasında əməkdaşlıq Haqqında" sazişin imzalanmasını təsdiq edib.
İclasda Ermənistanın energetika və təbii ehtiyatlar naziri Ervand Zaxaryan çıxış edərək bildirib ki, saziş çərçivəsində Rusiya tərəfi Ermənistan Atom Elektrik Stansiyasının (AES) istismarı müddətinin uzadılmasının maliyyələşdirilməsi üçün 270 mln. dollar məbləğində dövlət krediti verəcək.
Ermənistan AES iki blokdan ibarət reaktorlardan ibarətdir. Həmin reaktorlar 1976 və 1980-cı illərdə istismara verilib. 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra stansiyanın istifadəsi dayandırılıb. 1990-cı illərin əvvəlində AES-in ikinci bloku yenidən işə salınıb.
Qeyd edək ki, AES Ermənistanda istehsal olunan elektrik enerjisinin 40% -ini təmin edir. Hazırkı blokun istismar müddəti isə 2016-ci ildə başa çatır.
Murad İbrahimli