Pulumuz azalacaq?

Ekspertlər neft qiymətinin aşağı düşməsini dəyərləndirir

"Maliyyə nazirinin neft qiymətləri ilə bağlı açıqlamaları əhali üçün yaxşı siqnaldır. O dedi ki, qiymət 60 dollara belə düşərsə bu heç bir problem yaratmayacaq. Görünür gələn il üçün sosial layihələrdə heç bir ləngimə olmayacaq. Yəni pensiyalar, şəhid ailələri, əlillər və məcburi köçkünlər üçün ödəniləcək vəsaitlərdə heç bir problem olmayacaq". Bunu iqtisadçı Oqtay Haqverdiyev söyləyib.
O bildirib ki, hələ 2008-ci ildə neftin qiyməti 37 dollara düşmüşdü. Mütəxəssis qeyd edir ki, o zaman büdcə 1,5 milyard dollar yerinə yetirilə bilmədi. Ancaq buna baxmayaraq hökumət qanunla qorunan sosial layihələri ləngitmədi və vəsaitləri bura yönəltdi. Dövlət büdcədəki digər sahələrdə isə azalmaya getdi.
İqtisadçı qeyd edir ki, adətən neftin qiyməti proqnoz ediləndə, mövcud vəziyyət nəzərə alınır. 2014-cü il üçün neftin qiyməti 100 dollardan hesablanmışdı, gələn il üçün isə 90 dollar proqnoz edilir: "Bu proqnozlar tanınmış ekspertlər və beynəlxalq təşkilatların rəyləri nəzərə alınaraq müəyyənləşdirilir. Bu proqnoz özünü doğrulda da bilər doğrultmayada bilər. Ola bilsin ki, ilin ortasına neftin qiyməti 110 dollara yüksəlsin. Belə olacağı təqdirdə isə büdcəyə yenidən baxmaq olar. Bu vəziyyət tam əksinə də ola bilər. O zaman isə xərclərin azalmasına gediləcək".
Ekspert bu ilin sonuna kimi neftin qiymətinin 75 dollara kimi azalacağını güman edir. Mütəxəssis neftin qiymətinin azalmasının bazardakı mövcud vəziyyətdən qaynaqlandığını deyir: "Neftin maya dəyəri 15-20 dollaradır. Yanacağın maya dəyərindən yüksək qiymətə satılması tələbatın çox olması ilə əlaqədardır. Bazar iqtisadiyyatı tələb-təklif prinsiplərinə əsaslanır. Hazırda bazarda təklif yetərincə çoxdur, ancaq buna baxmayaraq tələb xeyli azalıb. Belə olan halda isə neftin qiymətinin azalması qaçılmazdır".
Bəzi ekspertlərin fikrincə, Avropa ölkələrində iqtisadi vəziyyət ağırlaşır. İş tapmaq və yeni biznes sahələrini yaratmaq artıq çətinləşdiyi üçün ölkələr ixtisarlara getməyə çalışırlar. Qənaət etməyə çalışan dövlətlər təbii olaraq energetika və yanacaq xərclərini də azaldırlar. Artıq Böyük Britaniya baş naziri Devid Kameron ölkənin qarşısında qırmızı işığın yandığını deyir. ABŞ-ın Energetika Nazirliyi də neftin qiymətinin təxminən 50 dollar civarına qədər düşəcəyini ehtimal edir. Dünyada baş verən xarici proseslərin neftin qiymətinə təsir etdiyini deyən mütəxəssislər dünya ölkələrində vəziyyətin nisbətən stabiləşməsinin qiymətlərin azalmasına təkan verəcəyini qeyd edirlər. Bununlıa yanaşı Rusiyaya qarşı sanksiyaların tətbiqi də neft bazarına mənfi təsir edir. İstənilən halda iqtiosadi sanksiyalar qarşı tərəflə yanaşı sanksiyanı tətbi edən ölkələrə də mənfi təsir edir. Yəni, sanksiyaların tətbiqi hər kəsə zərər vurur.
Azərbaycanda isə rəsmilər neftin qiymətinin azalmasının davam edəcəyi ilə bağlı ciddi əsasların olmadığımnı qeyd edirlər. Parlamentin büdcə müzakirələrində istər maliyyə naziri, istər mərkəzi bankın sədri, istərsə də digər hökumət nümayəndələri tərəfindən səslənən fikirlər müsbətdir. Qeyd edilir ki, istənilən halda, neftin qiyməti minimum həddədək azalsa belə bunun heç bir qorxusu yoxdur. Çünki büdcədə nəzərdə tutulan bütün sosial layihələr ləngimədən icra olunacaq.
Onu da deyək ki, dünən neftin qiyməti ilə bağlı daha bir sensasion iddia ortaya atılıb. "ABŞ hökuməti neftin bir barelinin 50 dollara düşəcəyini gözləyir" deyə ABŞ Enerji İdarəsinin rəhbəri Adam Seminski bildirib.
A. Seminski bildirib ki, neftin 50 dollara düşməsi tam mümkündür: "Hazırda bir çox analitiklər gözləyir ki, 2015-ci ildə WTI markalı neftin bir bareli 62 dollara düşəcək. Vaxt var idi ki, neftin qiyməti 150 dollar idi, onu dəyəri 25-30 dollara düşüb. Neftin qiyməti 150 dollar olan vaxtlar bir çoxları düşünürdülər ki, bu qiymət 200 dollara çatacaq. Ancaq mən buna heç zaman inanmamışam".
A. Seminskinin sözlərinə görə, neftin bir barelinin qiyməti 60 dollara düşsə, bu halda ABŞ şist qazının hasilatını dayandıracaq.
"Neftin qiyməti noyabrın 28-ə qəder 76-79 dollar arasında enib-qalxacaq". Bu iddia ilə isə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib.
N.Cəfərli qeyd edib ki, noyabrın 28-də Vyanada OPEK ölkələrinin görüşü olacaq: "Venesuela israrla lobbiçilik edir ki, hasilat kvotaları aşağı salınsın, bununla da qiymet qalxsın. Rusiya OPEK üzvü olmasa da Seçini Vyanaya göndərir ki, Venesuelaya dəstək olsun. Lobbiçilik etsin, kvotaları aşağı salmağa dəstək versin. Amma olmayacaq, əsas oyunçular - ərəb ölkələri kvotaları aşağı salmağı düşünmür. Tam tərsine, bəzi endirimlər edərək müştəri yığırlar. OPEK-in toplantısında gündəlik hasilat azalmasa, dekabrın əvvəlində qiymət növbəti psixoloji həddi - 70 dollardan da aşağı düşəcək".
"Neftin qiymətində 60 dollara düşməsi ssenarisində belə heç bir problem yaşanmayacaq". Bunu isə srağagün
maliyyə naziri Samir Şərifov 2015-cil dövlət büdcəsinin müzakirəsi zamanı söyləmişdi.
Onun sözlərindən bəlli olub ki, hazırkı vəziyyətdə neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı əsaslar azdır: "Yəni neftin qiymətinin proqnozlarımıza uyğun səviyyədə olacağı ehtimal olunur".
Xatırladaq ki, 2015-ci il dövlət büdcəsində neftin qiyməti 90 dollar olaraq proqnozlaşdırılıb.
Müstəqil ekspertlər isə neftin ucuzlaşmağa davam edəcəyi təqdirdə bunun ölkə iqtisadiyyatı və əhalinin sosial durumu ilə bağlı hər hansı fəsadlarının olmayacağına dair hakimiyyət mənsublarının optimizmini bölüşmürlər.

Sənan Mirzə