"Maraqlı qüvvələr ictimai rəyi çaşdırmağa çalışır"

Mütəllim Rəhimli: "Azərbaycanın milli təhlükəsizliyinə bütün bunlar ciddi təhdid sayıla bilməz, cəmiyyət baş verənləri kifayət qədər təhlil edərək həqiqəti təyin edə bilir"

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli ölkədəki ictimai-siyasi vəziyyət, son dövrlər baş verən proseslərlə bağlı "Unikal"a müsahibə verib.

- Mütəllim bəy, son günlər cəbhədə yenidən gərginlik yaranıb. Azərbaycan hərbiçilərinin erməni helikopterini vurması isə vəziyyəti bir qədər də kritikləşdirib. Son olayları necə dəyərləndirirsiniz?
- Çox istərdim ki, düşmən vertolyotunun vurulması hadisəsi Qarabağ münaqişəsində yeni mərhələnin başlanğıcı olsun. Amma mən bu məsələdə o qədər də optimist deyiləm. Cəbhə xəttində Ermənistanın fəallığı artsa da, yeni savaş gözlənilmir. Ancaq Ermənistanın vertolyot itkisinin əvəzini çıxmağa çalışdığını gözləməliyik. Çox təəssüf ki, bu gün ermənilər bir əsgərimizi vurdular, bunun davamını da gətirməyə çalışacaqlar. Ona görə də oturub onların cavabını gözləməli deyilik, düşmənin hər bir tərpənişi ciddi şəkildə cəzalandırılmalıdır.
İndiyədək Azərbaycan tərəfindən etiraf olunmasa da, Ermənistan Qarabağ müharibəsində özünü qalib bilir və hər yerdə üstünlüyünü ifadə edir, danışıqlar masasında bu amildən yararlanmağa çalışır. Biz, bütün gücümüzlə ermənilərin müvəqqəti qalibiyyətinə son qoymalıyıq. Bunun üçün təbii ki, müəyyən manevrlərə ehtiyac var. Mübariz İbrahimovun düşmən üzərinə hücumu, qeyri-bərabər döyüşdə xeyli düşməni məhv eləməsi sübut edir ki, Azərbaycan psixoloji olaraq məğlubiyyətlə barışmır. Erməni hərbi vertolyotunun vurulması ikinci belə hadisə idi. Yəni Ermənistan bir daha başa düşdü ki, azərbaycanlılar döyüş əzmindədir.
Erməni havadarları və Ermənistan "ənənələrinə" sadiq qalaraq, vertolyot hadisəsindən Azərbaycana qarşı istifadə etmək niyyətindədilər. Ermənistan 20 ildən çoxdur beynəlxalq qanunları tapdalayır, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Təmas xəttində müxtəlif təxribatlar törədir, hava sərhədlərimizi pozur. Amma bütün bunlara görə İrəvandan izahat tələb olunmur. Əksinə, beynəlxalq təşkilatlar Azərbaycanı ittiham edirlər.
Azərbaycan cəhbədə dönüş yaratmaq istəyirsə, bunun üçün uyğun məqam yaranıb. Torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın əlində ciddi beynəlxalq hüquqi arqumentlər var. Ordumuz həmin arqumentləri əsas tutaraq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında hərbi əməliyyatlar apara bilər. Nəzərə alaq ki, dünyada ciddi proseslər gedir, böyük dövlətlərin başı bir çox məsələlərə qarışıb. Yəni torpaqlarımızı azad etmək üçün bunun özü də bir fürsətdir.
- Ümumiyyətlə, Azərbaycan Ordusu ilə bağlı son bir ildə baş verən dəyişikliklər barədə mövqeyiniz necədir?
- Ordu yeganə qurumdur ki, millətin şərəfini qoruyur. Ona görə də onun haqqında daim hörmətlə danışmaq lazımdır. İndiki məqamda isə Azərbaycan ordusu daha çox ehtirama layiqdir, çünki heç bir qayda-qanunu gözləməyən, mənəviyyatdan uzaq, hiyləgər bir düşməndən vətənimizi qoruyur. Əsgərlərimiz gecə-gündüz hər bir hava şəraitində rəğbət doğuran hərbi xidmət edirlər. Eyni zamanda görsənir ki, Azərbaycan ordusu son bir neçə ildə hərbi silah və sursat ehtiyatını xeyli artırıb, müasir müdafiə və hücum silahları əldə edib. Bu isə düşməndən açıq-aşkar üstünlüyümüzü sübut edir. Üstəlik orduda vətənpərvərlik ruhu da kifayət qədər yüksəkdir. İnanıram ki, komandanlıq müvafiq qadağaları aradan qaldırsa, əsgərlərimiz qarşılarında dayanan erməni birləşmələrini çox asanlıqla məhv edərək, onları təmas xəttini xeyli geri çəkməyə vadar edə bilər. Lakin imzalanan atəşkəs rejimi hazırda bunun qarşısını alır. Bu səbəbdən də bir çox hallarda erməni tərəfi özünü qalib və toxunulmaz kimi təqdim etməyə çalışır.
- Bəzi müxalif dairələr və media qurumları ordu ilə bağlı neqativ təbliğat aparırlar. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın hər bir vətəndaşının ordumuzla qürur duyduğuna, onunla həmrəy olduğuna və onu sevdiyinə inanıram. Amma elə sahələr var ki, sevgi və səmimiyyətin nümayişi işin xeyirinə olmur. Ordu quruculuğunda da baş verənlərin hamısının olduğu kimi işıqlandırılması düzgün deyil. Bəzi kütləvi informasiya vasitələri bunu dərk etmədiklərindən səhv addımlar atırlar. Bu da nəticədə düşmənin xeyirinə işləyir. Üstəlik sosial şəbəkələr və onlayın jurnalistika bu sahədə daha da irəli gedərək milli maraqlarımıza uyğun gəlməyən informasiyalar yayırlar. Maraqlı qüvvələr də bundan bəhrələnərək ictimai rəyi çaşdırmağa çalışır. Amma bütün bunlar faciə deyil. Çünki Azərbaycanın milli təhlükəsizliyinə bütün bunlar ciddi təhdid sayıla bilməz. Cəmiyyət baş verənləri kifayət qədər təhlil edərək həqiqəti təyin edə bilir.
- Hazırda siyasi cəhətdən aktiv olan payız fəslini yaşayırıq, amma hər hansı aktivlik hiss olunmur. Sizcə, müxalifət hansı addımlar atmaldır?
- Əslində siyasi fəallıq fəsillərə görə yox, ölkədə, regionda və dünyada baş verən ictimai, siyasi hadisələrə görə dəyişir. Baxmayaraq ki, ötən il prezident seçkiləri ilə bağlı kompaniya yay aylarına təsadüf etdi, amma kifayət qədər siyasi aktivliyin şahidi olduq. Bu ilin sonunadək ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, seçki ab-havası siyasi gündəmdə də canlanma yaradacaq. Bunun ilkin elementləri artıq müşahidə olunur. Belə ki, siyasi partiyalar bloklaşmaq istiqamətində cəhdlərə başlayıblar. Düzdür, bizdə bələdiyyə seçkiləri Milli Məclisə və Prezident seçkiləri qədər vacib sayılmır.Buna baxmayaraq hər halda ölkənin siyasi gündəminin əsas prioritetinə çevriləcək. Şübhəsiz dünyada və regionda cərəyan edəcək hadisələr də ölkə müxalifətinin, eləcə də hakimiyyətin planlarına təsirsiz ötüşməyəcək. Amma bununla belə kifayət qədər zəiflədilmiş müxalif düşərgədən qeyri-adi addımlar müşahidə edə bilməyəcəyik. Zənnimcə, qarşıdakı aylar müxalifətin özünə gəlməsi, dirçəlməsi və toparlanması üçün yaxşı fürsətdir. Amma bunun nə qədər yerinə yetiriləcəyini demək çətindir. Ola bilsin yenə də daxili ittihamlar, çəkişmələr, xalqın əsası olmayan vədlərlə aldadılması bir çox partiyaların siyasi xəttinin əsaslarını təşkil etsin. Bütün bunlara baxmayaraq, cəmiyyətdə yeni müxalif siyasi təfəkkürün və mübarizə metodlarının yetişdiyi görünməkdədir.
- Son illər müxalifətin birlikləri yaranıb, amma Siz həmin birliklərdən kənarda qalmısız. Buna səbəb nədir, müxalifətdə etibarlı partnyor yoxdur, yoxsa başqa səbəblər var?
- Elə həmin birliklərin sonu da göstərdi ki, uğurlu tapıntı deyillər. Məsələ bundadır ki, müxalifətdaxili koalisiyalar ideoloji, siyasi platformaları uyğun gələn qurumlar arasında yaranmır. Üstəlik partiyaların yürütdükləri praktik siyasi xəttlər arasında da kəskin fərqlər mövcud olur. Partiyaların əksəriyyəti liderlər ətrafında formalaşdığından sədrlərin şəxsi istəkləri də birləşmələrə mane olur. Ədalət Partiyası müxalifət düşərgəsində yaranan ən ciddi və güclü blokların təşkilatçısı və yaradıcılarından olub. Lakin sonradan görmüşük ki, müttəfiqlərimiz elan etdikləri mübarizələrində səmimi deyillər, dedikləri ilə əməlləri üst-üstə düşmür. Bununla bağlı bəzi detalları zaman-zaman xalqa çatdırmağa çalışdıq. Buna görə də həmin qüvvələr tərəfindən ittihamlara məruz qaldıq, sahibi olduqları KİV-lərdə Ədalət Partiyasına qarşı sanksiya tətbiq etdilər və s. İndi sübut olunur ki, bizim dediklərimiz tamamilə düzüymüş. Biz ictimai rəyə qarşı münasibətdə həssas mövqeyin tərəfdarıyıq, nəinki onunla oynayaraq şəxsi maraqların təmin edilməsinin. Təəssüf ki, bir çoxları həm bloklaşma, həm də kütləvi aksiyalar imitasiyası üzərində şəxsi mənfəətlərini düşünürlər. Təbii ki, Ədalət Partiyası belə çirkli oyunlarda iştirak edə bilməz.
- Son bir neçə ayda Milli Şura mitinq keçirdi. Bunun ardınca, Müsavat Partiyası, eləcə də 11 partiyanın birləşdiyi mərkəz də aksiya keçirmək qərarındadır. Ədalət Partiyası bu mitinqlərə qoşulmaq niyyətindədirmi?
- Nə qədər deyilsə də təəssüf ki, bəzi partiyalar mitinqə yenə də gücün nümayişi kimi baxmaqdadır. Bu isə geniş ictimaiyyətin kütləvi aksiyalara münasibətinə mənfi təsir edir və əksəriyyət mitinqlərə gəlmir. Hər bir mitinqdən sonra iştirakçıların sayının hesablanması və diqqətin qaldırılan tələblərə deyil, saya yönəldilməsi tamamilə səhv yanaşmadır. Biz daimi olaraq AXCP və Musavatın keçirdiyi mitinqlərdə bunu müşahidə etmişik. Sanki bu partiyalar cəmiyyətin problemləri üçün yox, özlərinin nə qədər sosial bazaya malik olduqlarını göstərmək üçün meydanlara çıxırlar. Amma nəzərə alımırlar ki, bu yolla bütövlükdə müxalifətin imicinə zərbə vurulur. Demokratik ölkələrdə mitinqə çıxanların sayının irəli sürülən tələblərə heç bir aidiyyatı olmur. Əgər bir nəfər etiraz bildirən varsa onun tələbləri hökumət səviyyəsində nəzərdən keçirilir. AXCP mitinq keçirib, mütləq Musavat da keçirməlidir məntiqi ilə yaşamaq səhvdir. Bu "yarış" kimə lazımdır. Bu partiyaların arasında olan gərginlik və barışmazlıq zaman-zaman müxalifət düşərgəsinə sağalmaz yaralar vurub. İndi ayırılıqda mitinq keçirmək qərarı da bir rəqabət formasıdır.
Yaxşı olar ki, cəmiyyətin siyasi şüuru dəyişdiyi kimi bu partiyaların mitinqlərə yanaşma tərzi də dəyişsin. Amma illər keçsə də bunu müşahidə etmirik.
Ədalət partiyası təşkilatçısı olmadığı aksiyalarda iştirak etməmək haqda qərar qəbul edib. Ona görə də mitinqlərdə iştirak etməyəcəyik.
- Mütəllim bəy, son olaraq bir məsələylə bağlı fikirlərinizi öyrənmək istərdim. Məlum olduğu kimi, Milli Məclisdə boş qalan deputat yerləri var, amma həmin yerlərə seçki keçirilmir. Bu barədə nə deyə bilərsiniz?
- Artıq xeyli müddətdir ki, Milli Məclisdə boş qalan deputat yerlərinin olduğunu müşahidə edirik. Mübariz Qurbanlının məlum təyinatından sonra onların sayı 4 oldu. Milli Məclisə seçkilərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsində boş qalan yerlərə seçkilərin keçirilməsi ilə bağlı maddə olduqca aydın şəkildə yazılıb. Belə ki, Məcəllənin 176.4 maddəsinə əsasən deputat mandatının boş qalmasından sonra bir ay ərzində vakant yerlərə əlavə seçkilər keçirilməlidir. Ancaq neçə illər və aylardır ki, bu baş vermir. Bu, ciddi qanun pozuntusudur. Əslində vətəndaşların seçib-seçilmək, dövlətin idarə olunmasında iştirak etmək kimi siyasi hüquqlarının pozulmasıdır. Ancaq təəssüf ki, heç kim bu barədə danışmır, məsələnin həlli üçün tədbir görülməyib və bu gün də görülmür.
Z.MƏMMƏDLİ