Erməni tərəfi beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur
Erməni tərəfi beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur

Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində ermənilərin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı oktyabrın 27-də qurduqları "məhkəmə" şousu sona çatmaq üzrədir. Bu gün "məhkəmə"də "vəkillər"in və "prokuror"un çıxışı olub. Sonuncu "məhkəmə prosesi"ndə ermənilərin kəlbəcərli girovların öldürdüyü iddia etdikləri Sumbat Çakanyanın qohumları girovların onlara verilməsini tələb ediblər. Ermənistan mətbuatının yaydığı xəbərə görə, Sumbat Çakanyanın anası bununla bağlı KİV-lərə açıqlama verib: "Bilirəm ki, dekabrın 12-də vəkillərin və prokurorların çıxışı olacaq. İndidən aydındır ki, Əsgərov Sumbatı öldürüb, amma bunu etiraf etmir. Mən oğluma 7 dəfə atəş açan insanın mühakimə olunmasını istəmirəm. Qoy, onu mənə versinlər!"
Göründüyü kimi, işğal altındakı Kəlbəcər rayonunda erməni separatçıları tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Xankəndində növbəti qondarma məhkəmə prosesi davam edir. Girovlarımızın hüquqlarının müdafiəsi üçün beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, erməni tərəfin girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını kobud şəkildə pozmasına son qoyulmur. Kəlbəcərli girovların hüquqlarının Müdafiəsi Komitəsinin sədri Elxan Salahov "Unikal"a deyib ki, qondarma məhkəmədə "prokuror"un və "vəkilin" son çıxışlarını, öz torpağını, kəndini, əzizlərinin qəbrini ziyarətə gedərkən erməni silahlıları tərəfindən girov götürülən həmyerlilərimzə hansı cəzanı istəyəcəklərini diqqətlə izləyir: "Mənim gözləntim odur ki, "məhkəmə"də kəlbəcərli gorovlara maksimum dərəcədə ağır "hökm" oxunacaq. İndiyə qədər ki, proseslərdən belə görünür ki, ermənilər Dilqəm Əsgərova daha ağır "hökm" oxuyacaqlar. Ancaq bu, o demək deyil ki, Xankəndindəki "məhkəmə" şousu hansısa hüquqi qaydalara əsaslanır və buna görə cəza məsələsində Şahbaz Quliyevlə Dilqəm Əsgərovu bir-birindən fərqləndirirlər. Əsla! Bu məhkəmənin heç bir hüquqi əsası yoxdur və beynəlxalq hüquq prinsiplərinə daban-dabana ziddir. Ona görə də bizlər nə bu "məhkəmə" şousunun özünü, nə də onun nəticələrini tanımırıq və bunu hələ qondarma "məhkəmə" prosesi başlamazdan öncə bəyan etmişik".
E. Salahov deyir ki, o ki, qaldı indiyədək bu qondarma məhkəmə prosesinin dayandırılması tələbi ilə beynəlxalq qurumlara göndərilən müraciətlərin nəticəsiz qalmasına,onun fikrincə, həmin təşkilatlar da Xankəndində düzənlənən məhkəmə şousunun sonunu gözləyirlər: "Fikrimcə, ermənilər kəlbəcərli girovlara "məhkəmə qaydasında" iş verdikdən və "hökm" oxunduqdan sonra bu məsələyə ciddi şəkildə reaksiya verəcəklər. Həmçinin bu "məhkəmə" şousu bitdikdən sonra həm Azərbaycan hökumətinin, həm də ictimaiyyətin, girovların yaxınlarının beynəlxalq təşkilatlar qarşısında daha ciddi tələblər qoymaq imkanı yaranacaq. Kəlbəcərli girovların hüquqlarının Müdafiəsi Komitəsi olaraq biz də işimizi bu istiqamətdə quracağıq".
Qeyd edək ki, girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsiz qalması, bu işə hüquq müdafiəçilərinin cəlb olunması məsələsi də, tez-tez müzakirə olunur. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyir ki, İsveçrənin Cenevrə şəhərinə BMT-nin illik insan haqları forumunda o, bu barədə təşəbbüs göstərib: "Biz də o tədbirə dəvət olunmuşduq. Dekabrın 1-dən 3-nə qədər BMT-nin baş qərargahında oldum. Orada seksiyalar çox idi, mən sosial hüquqların məhdudlaşdırılması seksiyasında danışdım. Bir milyon Azərbaycan insanının sosial hüquqlarının tam və qismən məhdudlaşdırılmasından, onların mənzil hüququndan, qaçqınlar, köçkünlər, digər azadlıqlardan, onların qeydiyyatla bağlı problemlərindən danışdıq. Sosial problemləri qaldırdıq. Daha sonra Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəsi ilə görüşdüm, kəlbəcərli girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov haqqında danışdım. Onların bu faktdan məlumatı var idi. Altı dəfə görüşüblər onlarla, daim bu məhkəmə prosesini diqqətdə saxlayırlar. Hərçənd ki, bu məhkəmənin də qeyri-qanuni olduğunu dolayısı ilə bildirdilər, bu, əsirlər haqqında Cenevrə konvensiyasına ziddir. Mən təşəbbüslə çıxış etdim ki, bir təşkilat olaraq məhkəmə prosesində iştirak etmək istəyərdik. Təklifi maraqla qarşıladılar, ancaq onların səlahiyyətləri çatmadı. Mən əsir düşmüş digər vətəndaşlarımızla bağlı kitab verdim onlara. Bildirdim ki, əsir düşən təkcə bu iki vətəndaş deyil, Azərbaycanın mindən çox vətəndaşı əsirlikdədir. Onlar bu faktlarla bağlı Ermənistan tərəfə sorğu göndərəcəklər".
Erməni tərəfi beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozsalar da, Azərbaycan tərəfi əsir götürülmüş erməni vətəndaşlarının geri qaytarılmasında beynəlxalq hüququn tələbinə həmişə riayət edir.Bunu dünən Azərbaycanın erməni girovlarını geri qaytarması da bir daha sübut etdi. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə respublikamıza qanunsuz keçmiş və o zamandan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçi aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 2014-cü il dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, məlum olduğu kimi, ailənin başçısı Y.Gevorkyan Azərbaycan Respublikasının ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün "Yeraz" markalı maşınla Ermənistan Respublikasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi. Y.Gevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlayıblar. Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanıb. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmadığından nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar veriblər. Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilib. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq edib, onların saxlanma şəraiti ilə bağlı irad bildirməyiblər. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb. Bütün bunlara baxmayaraq, Yeqişe Gevorkyan bir çox hallarda özünü emosional apararaq müxtəlif tələblər irəli sürüb, beynəlxalq təşkilatların ailəyə baş çəkən nümayəndələrinə "iradlar" bildirib, hətta intihar edəcəyi, ailə üzvlərinə fiziki xətər yetirəcəyi və aclıq elan edəcəkləri ilə bağlı dəfələrlə onları şantaj edib, hədələyib, təhqir etməkdən belə çəkinməyib. Bu hərəkətləri ilə o, müvafiq beynəlxalq qurumlara təsir edərək ailəni tezliklə üçüncü ölkəyə göndərməyin vacibliyini çatdırmağa çalışıb. Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün bir dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmayıb, hətta azyaşlı uşaqların da taleyi ilə maraqlanmayıb.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib və insidentsiz başa çatıb.