Mübariz Qurbanlı: Azərbaycanda dinlərarası məsələlərdə
heç bir problem yoxdur

Bu gün dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti mövzusu çox aktualdır. Bu, Azərbaycan qanunverciliyi ilə tənzimlənir. Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu fikirləri Bakıda keçirilən "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda konfransda səsləndirib.
M.Qurbanlı deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinə çox diqqət yetirilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir. Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var.
Komitə sədri bildirib ki, bu gün ayrı-ayrı ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunması halları müşahidə edilir. Bəzi dairələr din prədəsi altında çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Bu dairələr bütün ölkələrdə var. Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, həmin əməllərin çoxsaylı insanları fəlakətə aparmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedir və çox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır.