Mobil operatorların abonentlərin hüququnu pozan spam mesajları
Mobil operatorların abonentlərin hüququnu pozan spam mesajları

Abonentlərin mobil operatorlar tərəfindən pozulmuş hüquqlarının bərpası üçün əlac qalır "Telekommunikasiya Haqqında"qanunda ediləcək dəyişikliyə

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı günü-gündən artır. Ölkədə 3 mobil operatorun xidmətindən bəhrələnən abonentlərin sayı artsa da, bu sahədə abonentlərin qarşılaşdıqları problemlər illərdir ki, həllini tapmamış qalır. Bu gün Azərbaycanda istehlakçı hüququnu ən çox pozanlar məhz mobil operatorlardır desək yanılmarıq.
İllərdir ki, abonentlərin nömrəsinə reklam xarakterli SMS-lər göndərən mobil operatorlar müştərilərin hüquqlarını kobud şəkildə pozmağa davam edirlər. Yəqin ki, çoxunuzun mobil telefonuna "Diqqət! "Təbriklər! Toyota qazandın!" sözlərini sən də eşidə bilərsən. Elə isə tələs! 2729-a SMS göndər, cavabı izlə, "4 qalib 5 SMS-ə 4000 AZN qazandı. 1000 AZN,demək olar ki, nəğddi! Toyota qismətin. Seçim et!", "Sevgi mesajlarına abunə ol! Sevgi yaz 9095 nömrəsinə göndər və hər günə bir sevgi mesajı bizdən al"və paytaxtdakı mağazaların endirim reklamları barədə mesajlar gəlir. Hər bir mobil operatorun abonenti gün ərzində ən azı bir neçə dəfə bu məzmunlu bezdirici reklam mesajları alır. Bəzən vaxtımızı həmin mesajları silməyə sərf edirik. Reklamlar əsasən məişət avadanlıqları, ev və restoran, iaşə obyektləri, lotoreya oyunları, kompüter oyunları və s. ilə bağlı olur. Bir ailədə bir neçə nəfərin mobil telefonu olduğunu nəzərə alsaq, onda operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin deyil. Azərbaycanda mobil operatorların spam mesajları abonentləri narahat etməkdə davam etsə də, Rusiyada bunun çarəsi tapılıb. Belə ki, qanunvericiliyə edilən dəyişikliklə mobil operatorlar abonentin icazəsi olmadan ona reklam xarakterli mesaj göndərə bilməzlər. Xatırladaq ki, bu məsələ Azərbaycanda Milli Məclisin iclasında da geniş müzakirə mövzusu olub. Parlamentin sədri Oqtay Əsədov da bununla bağlı addımlar atılmasının vacibliyini vurğulayıb. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova isə mobil operatorların reklam sms-ləri məsələsinə ciddi yanaşmasının vacibliyini bildirib. Deputat bildirib ki, onun telefonuna hər gün 20-dən çox "spam"reklam mətnləri gəlir: " Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir. Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox Bakcell-də müşahidə olunur". Millət vəkili təklif edib ki, abunəçi istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsi qadağan olunmalıdır. Amma hələki təklif, təklif olaraq qalıb.
Hüquqşunaslar da, mobil operatorların reklam xarakterli mesajların abonentlərin nömrəsinə göndərməklə abonentlərin hüquqlarını kobud şəkildə pozduğunu söyləyirlər. Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, bununla bağlı qarşı tərəf hətta məhkəmə iddiası da qaldıra bilər: "İstehlakçılar birinci növbədə reklam mesajlarının dayandırılması barədə mobil operator xidmətinə müraciət etməlidirlər. Əgər onların tələbi yerinə yetirilməzsə, istehlakçılar reklam mesajlarının dayandırılması barədə məhkəmədə iddia qaldıra bilərlər. İnsanların asudə vaxtları zamanı lazım olmayan SMS-lərin telefonuna gəlməsi və onların istirahətinin hansısa bir reklam mesajı ilə pozulmasına görə hər iki iştirakçı - mobil operator və reklamçı şirkət məsuliyyət daşıyır. İkinci tərəfdən isə, SMS istifadəçinin telefonuna gəldikdə, həmin istifadəçi aldanıb o SMS-dəki koda cavab göndərir. Bununla da onun özü də bilmədən balansından pullar çıxılır, şirnikləndirici yollarla abunəçiləri SMS göndərməyə məcbur edirlər. Şəbəkəyə düşən nömrə isə mütəmadi olaraq bu cür SMS-lərə məruz qalır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da problemin abonentlərin hüququnun pozulması baxımından çox aktual olduğunu söyləyir. Onun sözlərinə görə, Azərbaycanda mobil operatorların abonentlərə reklam mətnli mesaj göndərməsinin qarşısı abonentlə mobil operator arasında müqavilə ilə də tənzimlənə bilər: "Abonentlər nömrə alanda bu barədə müqavilə imzalamalıdırlar. Hazırki vəziyyətdə çox təəssüf ki, abonentlər şikayətlənməklə kifayətlənməli olur. Mobil operatorlar isə mesaj göndərməklə külli-məbləğdə qazanc əldə edirlər". AİB sədri deyir ki, spam mesajları abonenlərin aldadılmasına gətirib çıxardır. Nəticədə abonentlər mesaj göndərməklə xeyli məbləğdə pul itirirlər. Eyyub Hüseynovun sözlərinə görə, vətəndaş belə halda mobil operatoru məhkəməyə verərsə ona ziyanın dəydiyini, sms-lərin onu mənən sarsıtdığını sübut etməlidir ki, bu da uzun sürən prosesdir.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov isə deyir ki, sözügedən məsələlərlə bağlı Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) şikayətlər daxil olub: "Ona görə də sözügedən şikayətlərlə bağlı nazirliyimiz və İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə araşdırmalar aparılıb. Araşdırma nəticəsində məlumat və reklam xarakterli kütləvi "SMS"lərin bir neçə növü müəyyənləşdirilib. Onlara yeni tarif və ya məhsullar (xidmətlər) barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli SMS-lər, məzmun və xidmət təchizatçıları tərəfindən təqdim edilən xidmətlər barədə məlumat xarakterli SMS-lər, həmçinin digər şirkət, bank, mağazalar tərəfindən göndərilən reklam xarakterli "SMS"lər daxildir".
M. Əmirov bildirir ki, mobil operatorlar tərəfindən RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara nömrələrinin təqdim edilməsi, həmin abunəçilərə davamlı olaraq "SMS"lərin daxil olmasına şərait yaradır. Daxil olan "SMS"ə görə abunəçinin balansından pul tutulması isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur: "Mobil operatorlar, istehlakçı hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrində, məsələn, televiziyada, radioda və digər KİV-də olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə STOP yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli "SMS"ləri dayandıra bilər".
Müşfiq Əmirov həmçinin qeyd edib ki, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı "Telekommunikasiya haqqında"qanunda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlayıb: "Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli "SMS"lərin, abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunub. Bu məsələdə abunəçilər arasında göndərilən və qəbul edilən SMS-lər istisna olunur. Hazırda bu təkliflər baxılması üçün İqtisadiyyat və Sənaye Nazirliyində müzakirə edilir".
Mobil operatorlar isə yaxasını kənara çəkir. "Bakcell" şirkətindən bildirdilər ki, bu mürəkkəb prosesdə adətən bir neçə tərəfin iştirakı tələb olunur: "Məsələn, abunəçilərə göndərilən "kütləvi SMS"-lər adətən "Bakcell" tərəfindən deyil, digər şirkətlər tərəfindən göndərilir. Kütləvi SMS-lərin isə 3 növü mövcuddur. Onlar operator tərəfindən yeni tarif və ya məhsullar barədə göndərilən məlumatlar, üçüncü tərəflər (yəni məzmun və xidmət təchizatçıları) tərəfindən təqdim olunan xidmətlər və dükan, bank və digər şirkətlərin reklam xarakterli mesajlarıdır. Aldığımız şikayətlərin əksəriyyəti də reklam xarakterli mesajların göndərilməsi ilə bağlıdır. Buna səbəb isə abunəçilərimizin ticarət və satış nöqtələrində və həmçinin banklar və digər obyektlərdə müəyyən məhsulların əldə edilməsi zamanı satıcılara (və ya satış nümayəndələrinə) öz mobil nömrələrini təqdim etməsidir. Bu kimi mesajlara "Bakcell" tərəfindən nəzarət edilmir, çünki bu SMS-lər həmin şirkətlərin öz müştərilərinə göndərdiyi məlumatlardır və onların tərəfimizdən bloklaşdırılması müqavilənin şərtlərinin pozulması kimi qəbul olunacaq. Həmçinin qeyd etmək lazımdır ki, müəyyən şirkətlər və ticarət nöqtələri öz müştərilərinə reklam xarakterli mesajların göndərilməsi üçün üçüncü tərəflərlə (xidmət və məzmun təchizatçıları) müqavilə bağlayır. Bu halda həmçinin, müştəri barədə məlumat (telefon nömrəsi və s.) elə müştərinin özü tərəfindən satıcılara təqdim edilir (məsələn, reklama cavab verməklə və yaxud güzəşt və s. kimi kartların əldə edilməsinə dair ərizə formasını doldurmaqla). "Bakcell" öz müştərilərinə tövsiyə edir ki, arzu etmədikləri reklam mesajlarının qarşısını almaq üçün gələcəkdə öz nömrələrini digər tərəflərə təqdim edərkən bir qədər diqqətli olsunlar: "Bakcell" şirkətinə abunəçilərdən yuxarıda qeyd olunan məsələ ilə bağlı şikayət daxil olduqda, müvafiq üçüncü tərəflərə (provayderlərə) dərhal məlumat verilir və SMS-lərin həmin nömrəyə göndərilməsi dayandırılır. "Bakcell" tərəfindən göndərilən SMS-lərə gəldikdə isə, bildiririk ki, müəyyən SMS-in göndərildiyi nömrəyə "STOP" sözünü göndərməklə mesajların göndərilməsinə qadağa qoymaq olar. Bundan əlavə, istənilməyən mesajlar məsələsinin həllinə dair məlumat "Bakcell" tərəfindən müntəzəm olaraq şirkətin rəsmi sosial media kanalları vasitəsilə abunəçilərə çatdırılır".
"Azercell" şirkətinin koordinatoru Nigar Şıxlinskaya da sözügedən məsələ ilə bağlı qəzetimizə bildirib ki, bəzi kütləvi SMS-ləri şirkət göndərsə də, digərlərini isə üçüncü tərəf şirkətlər göndərir: "Məlumat xarakterli SMS-ləri "Azercell" şirkəti özü göndərir. Məsələn, yeni taariflər, xidmətlər, qiymət endirimləri haqqında abonentlərə xəbər verilir. Hansısa seqment üçün endirim ediriksə, bu barədə abonentlərə məlumat veririk. Lakin deputat Elmira Axundovanın qaldırdığı məsələ reklam xarakterli SMS-lərlə bağlıdır. Bura dükanlar, şirkətlər və sairə biznes obyektləri tərəfindən kütləvi şəkildə yollanılan mesajlar daxildir. Bildirmək istərdim ki, reklam xarakterli SMS-ləri operatorlar deyil, 3-cü tərəf şirkətlər göndərir. Onlarla da müqavilə əsasında işləyirik".
N.Şıxlinskaya deyir ki, əgər abonent kütləvi mesajlar almaq istəmirsə, bunun da həlli yolu var: "Həmin SMS-lərin sonunda mütləq qaydada mesajı göndərən şirkətin nömrəsi qeyd olunur. Abonentlər bu nömrəyə zəng edərək reklam SMS-lərindən imtina edə bilər".
Bir çox abonentin alış-veriş edərkən özləri tərəfindən nömrələrinin dükanlarda qoyulduğunu önə çəkən N.Şıxlinskayanın sözlərinə görə, bu da həmin mağazalar tərəfindən nömrə bazalarının yığılmasına səbəb olur: "Bu cür dükanlar da müxtəlif tipli kütləvi ismarışlar göndərirlər".
"Azercell"in koordinatoru bildirib ki, onlar üçüncü tərəf şirkətlərlə kütləvi SMS-lərin göndərilməsi ilə bağlı imzaladıqları müqavilələrdə əsas şərt kimi mesajlarda göndərən şirkətin nömrəsinin yazılmasını qeyd edirlər: "Abonent də həm həmin nömrəyə müraciət edərək istədiyi sualı verə, onu maraqlandıran məsələlərə aydınlıq gətirə bilər, həm də bu tip mesajlardan imtina edə bilər. Mobil oyunlarla bağlı SMS-lər də eyni qaydada göndərilir. Onları da "Azercell" deyil, 3-cü tərəf şirkətlər yollayırlar. Bizim bağladığımız müqaviləyə görə, şirkətlər belə SMS-lər yollaya bilərlər. Biz sadəcə olaraq ona nəzarət edirik ki, göndərilən ismarışda əlaqə nömrəsi qeyd olunsun. SMS-ləri biz göndərmədiyimiz üçün birbaşa cavabdeh deyilik. Yalnız abonentin maraqlarını qorumaq şərti ilə tələb edirik ki, şirkətlər yolladıqları SMS-lərə görə məsuliyyət daşısınlar. Əgər hər hansı bir abonentin maraqlı təklifi varsa, onlar da bizimlə müqavilə şəklində əməkdaşlıq edə bilərlər".
"Azerfon"un ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai da bildirib ki, təmsil etdiyi şirkət də öz abonentlərinə kütləvi SMS-lər göndərir. Bu mesajlara kontent haqda məlumat, balans və buraxılmış zənglər haqda xəbərlər, tərəfdaşlar vasitəsılə göndərilən kütləvi "bulk" SMS-lər və tarif və xidmətləri barədə informasiyalar daxildir. Onun sözlərinə görə, bu ismarışlar abonentlərə gün ərzində 0-dan 3-dək göndərilə bilər: "Qeyd edək ki, "bulk" SMS-lər göndərilməsi tamamilə bizim tərəfdaşlar tərəfindən həyata keçirilir. Bu səbəbdən də həmin prosesə nəzarət etmirik. Tərəfdaşlar mesajları özlərinin spesifik müştəri siyahısına uyğun olaraq yollayırlar".
İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri kütləvi SMS-lərdən imtinanın da mümkünlüyünə işarə edib. Onun sözlərinə görə, bunun üçün blok əməliyyatından istifadə etmək olar: "Abunəçi "Qara siyahı"ya daxil olub, istənilən mənbəyi bloka sala bilər. Bu halda yalnız balans və operator təqdim etdiyi SMS-lər abunəçiyə gələcək".
Göründüyü kimi, mobil operatorlar hələki məsələdən boyun qaçıraraq günahı abonentin üzərinə atmağa çalışırlar. Odur ki, abonentlərin mobil operatorlar tərəfindən pozulmuş hüquqlarının bərpası üçün əlac qalır müvafiq qanunda ediləcək dəyişikliyə.