İranın "Daniznews" xəbər saytı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə, həmçinin Tərtər rayonuna vurduğu ziyanlardan yazıb.

Sayt, ilk növbədə, Tərtər haqqında qısa yazı təqdim edib. Qeyd olunub ki, Tərtər şəhərinin 110 min əhalisi var və Qarabağın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövqeləri ilə 5 kilometr aralıda yerləşir. Sayt vurğulayır ki, Tərtər sakinləri Qarabağ münaqişəsindən öncə əkinçilik və maldarlıqla məşğul olurdular: "Pambıq becərməklə dolanan Tərtər camaatı öz tarlalarını suvarmaq, içməli su və digər ehtiyacları üçün Sərsəng su anbarının suyundan istifadə edirlər".
Sayt qeyd edir ki, 22 ildir Sərsəng su anbarı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və onların nəzarətindədir: "Ermənilər Tərtər əhalisinin aprel ayından dekabr ayına kimi suya tələbatı çox olduğu vaxtlarda anbarın suyunu əhalinin üzünə bağlayır və qışda yağıntıların çox olduğu və suya tələbatın bir o qədər çox olmadığı bir vaxtda anbarın suyunu açırlar. Payız və qış aylarında ermənilərin Sərsəng su anbarının suyunu açması Tərtərin torpaq sahələrini yuyur və bərpası mümkün olmayan ziyanlar verir. Hazırda susuzluğa görə yaz və yay aylarında 9 min hektar sahədə heç nə əkilmir. Bu isə torpağın zaman keçdikcə çürüməsinə və ekoloji problemlərə yol açır".
"Daniznews" xəbər saytı yazır ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində inşa olunub və ötən 40 il ərzində bu su anbarında heç bir təmir işi aparılmayıb. Su anbarında elektrik enerjisi istehsalı üçün 2 böyük turbin olmasına baxmayaraq, həmin turbinlərdən istifadə olunmur.
Məlumatlara əsasən, Tərtər bölgəsinin sakinləri su ehtiyaclarını təmin etmək üçün 586 quyu qazıblar və bu, yeraltı suların su saxlayan təbəqələrində su ehtiyatının azalmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olub və bu su şor olduğu üçün istifadəyə yararsızdır.
Qeyd olunur ki, Qarabağ münaqişəsinin davamı və müharibə olarsa, Sərsəng su anbarının dağılması ehtimal olunur ki, bu da 6 kəndin su altında qalması deməkdir: "Bundan əvvəl hazırda Ermənistanın nəzarəti altında olan Sərsəng su anbarı vasitəsilə bölgənin 30 min hektar ərazisi suvarılırdı. Hazırda əhalinin su ehtiyaclarını təmin etmək və əkin sahələrini suvarmaq üçün 180 milyon kubmetr suya ehtiyacı var".
Sayt yazır ki, Evoğlu və İsmayılbəyli kəndləri susuzluqdan daha çox əziyyət çəkirlər. Susuzluq və quraqlıq nəticəsində ilan vurma halları və 5 yaşlı uşaqlarda müxtəlif növ xəstəliklər, o cümlədən diabet xəstəliyi geniş yayılıb: "Eləcə də antisanitariya şəraiti nəticəsində vaxtından əvvəl doğuş və ya uşağın düşməsi halları, həmçinin travma ilə doğulmuş uşaqların sayı artıb".
İran saytı bildirir ki, Tərtərdə 529 hektar meşə massivi var və hazırda bu meşə sahəsinin böyük hissəsi qurumaq üzrədir: "Evoğlu kəndində bəzən çimmək və meyit qüslü vermək üçün də su tapmaq olmur. Ötən 20 il ərzində bu ağır vəziyyət haqqında dəfələrlə beynəlxalq təşkilatlara müraciət olunsa da, təəssüflər olsun ki, heç bir nəticəsi olmayıb".