Ermənistanda siyasi gərginlik

Qarabağ klanı hakimiyyəti əldən vermək niyyətində deyil

Ermənistanda siyasi durum o qədər gərginləşə bilər ki, vaxtından əvvəl prezident seçkiləri ola bilər. Çünki hazırda Ermənistan sosial partlayış astanasındadır və heç bir çıxış yolu görünmür. Əksinə Ermənistan hər gün Rusiyanın bir əyaləti səviyyəsinə düşür. Bu gərginliyi müşahidə edən siyasi elita isə artıq aktivləşib. Xatırladaq ki, Ermənistanda 15 ildən çoxdur ki, Dağlıq Qarabağdan olan ermənilər hakimiyyətdədir və indi də Serj Sarksyandan sonra hakimiyyətin bu klanda qalması üçün addımlar atılır.

Bu baxımdan Serj Sarkisyanla Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın görüşü diqqəti cəlb edib.Məlumatda bildirilib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Robert Köçəryanla görüşündə əsas müzakirə mövzusu 2018-ci ildə keçiriləcək prezident seçkiləri olub.Serj Sarkisyanın konstitusiya islahatlarından asılı olmayaraq Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyanın prezidentliyə namizəd olacağını dediyi qeyd olunur. Sözügedən nəşr yazıb ki, Robert Köçəryan da Seyran Ohanyanı prezidentliyə ən münasib namizəd kimi dəyərləndirsə də, özünün həmin seçkidə iştirak etməyəcəyinə dair təminat verməyib.Qəzetin məlumatına görə Robert Köçəryan, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Çarukyanın onu dəstəkləyəcəyi təqdirdə Ermənistanda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bəyan edib."Əgər Qaqik Çarukyan başqasını dəstəkləyəcəksə və ya özü prezidentliyə namizəd olacaqsa, o zaman Köçəryan Seyran Ohanyanı dəstəkləyə bilər",-deyə "Aykakan Jamanak" yazıb.Amma ekspertlər hesab edir ki, bu dəfə yerli ermənilər Qarabağ klanına imkan verməyəcək və bu ciddi qarşıdurmalarla əvəzlənəcək. Amma bir məsələ var ki, Ermənistanda hakimiyyətə Rusiyanın loyal yanaşdığı qüvvələr gələ bilir. Hazırda isə bu ölkə tam olaraq Rusiyanın təsirindədir və Rusiya ilə bağlanan sonuncu müqavilədən sonra Ermənistanın hərbi sferası tam olaraq Rusiyanın əsirinə düşdü. Belə ki, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şura iclası keçirilib. Görüşdə iştirak edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, hərbi təyinatlı KTMT-nın ilk humanitar mərkəzi 2015-ci ildə Ermənistanda açılacaq. Politoloq Qabil Hüseynli açıqlamasında yaradılması nəzərdə tutulan humanitar mərkəzin məqsədləri haqqında danışıb.
Politoloqun sözlərinə görə, mərkəzin Ermənistanda açılması xoşagələn bir addım deyil: "Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk akademiyasının da Yerevanda açılması nəzərdə tutulur. Bu birliyin hava hücumundan müdafiə sistemlərinin qurulması da Ermənistandan başlayıb. Bir sözlə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılarkən sırf müdafiə xarakterli, əslində isə lazım gələndə tez hücum xarakteri daşıya bilən hərbi sistemlərə malik bir qurumdur. Bu, əlbəttə, təhlükəli tendensiyadır. Moskva bunun nə qədər xoş niyyətli olduğunu çatdırmağa cəhd etsə də, faktlar göz önündədir. Biz artıq ciddi hərbi qurumlarla əhatə olunmağa başlayırıq".
"Mərkəzin Ermənistanda açılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təhdid yarada bilərmi" sualına isə Qabil Hüseynli belə cavab verib: "Bu mərkəzin Ermənistanda açılmasının Cənubi Qafqaz üçün təhdid yaradacağı sözsüzdür. Gürcüstan üçün də yaradacaq, amma ən çox Azərbaycana təsir edəcək.Danışıqlar prosesində Ermənistan özünü daha rahat aparacaq. Ermənistan indiyə qədər qeyri-konstruktiv mövqe tutub. Bu vaxta qədər 7 rayonun azad edilməsi məsələsi gündəmdə idi. İndi o məsələnin həlli üçün də təhlükə yarana bilər. Həmçinin, müharibə riski arta bilər. Çünki Azərbaycan öz torpaqlarının istilası ilə həmişə oturub barışmayacaq. Bölgənin militaristləşdirilməsi, silahlandırılması mənə görə, bölgədə təhlükəli atmosfer yaradır". Bunu da qeyd edək ki, Rusiya son iki il ərzində Ermənistandakı hərbi bazasını iki dəfə böyütdü. Bu isə Dağlıq Qarabağ danışıqlarına bir başa təsirini göstərir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmiləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ savaşı başlayarsa bu təşkilat Ermənistana dəstək verəcək. Ancaq bir neçə ay öncə atəşkəs pozulan zaman Azərbaycan ordusu hərəkətə keçəndə adı çəkilən təşkilatdan səs çıxmadı. Beləliklə hesab etmək olar ki, Rusiyanın Ermənistana təsir imkanları artdıqca bir tərəfdən Dağlıq Qarabağ danışıqları nəticəsiz qalacaq, digər tərəfdən isə Ermənistan bir dövlət kimi mövcudluğunu itirəcək.
Mehdi Əli