Rusiya tankları yaxınlaşır

Ayı pəncəsini hara batırmaq istəyir?

Rusiya Ukrayna məsələsinə görə geri çəkilmək niyyətində deyil. Əksinə ətraf dövlətlər üzərində nəzarətini artırmaq üçün yeni addımlar atır. Sözsüz ki, bu addımlar Azərbaycandan da yan keçməyəcək .Hələlik isə Azərbaycan balanslı xarici siyasətini davam etdirir və Avropa Birliyi ilə Rusiya arasında seçim etmək tipli tələyə düşmür. Çünki Azərbaycan açıq şəkildə bəyan etdi ki, Avropa İttifaqı və Avrasiya İttifaqı ilə yalnız iki tərəfli şərtlərlə əməkdaşlıq edəcək. Yəni bu qurumlara üzv olmayacaq. Amma ekspertlər hesab edir ki, bu gün Putinin diqqəti Azərbaycana yönəlib və çalışacaq ki, hansısa formada Azərbaycanla razılığa gəlsin. Elə bu gün Rusiyanın atdığı addımlar da bunu təsdiqləyir.
"Bu gün Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yoxdur, erməni-Rusiya əlaqələri var. Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılması nəzərdə tutulan humanitar mərkəzinin nəyə xidmət edəcəyi isə bilinmir". Bunu Ermənistan mətbuatına açıqlamasında hərbi sahə üzrə rusiyalı ekspert Pavel Felqenhauer deyib. Ekspert hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin KTMT-nın humanitar mərkəzləri yaratması ilə planlarında hansı niyyətlərin durduğu aydın deyil.O bildirib ki, Kreml başçısı bu mərkəz bəhanəsi ilə nələrisə planlaşdıra bilər."Lakin bunun haqqında mən dəqiq bir şey deyə bilmərəm. Bu haqda, yalnız Putin özü bilir. Belə mərkəzlər NATO-da yoxdur. Düşünürəm ki, bu cür humanitar mərkəzlərin altında çox şey gizlənə bilər".Pavel Felqenhauerin sözlərinə əsasən hərbi təyinatlı təşkilat KTMT-nın Ermənistanda açılacaq humanitar mərkəzinin silah-sursat anbarı kimi istifadə edilməsini ehtimal etmək olar. Ekspertin fikrincə, həmin mərkəzdə tibbi avadanlıq, dərmanlar və ya hər hansı aparatlar da ola bilər."Lakin Putinin fikrinin nə olduğunu, onun nəyi nəzərdə tutduğu barədə mən ancaq fala baxa bilərəm",-deyə ekspert bildirib.
O, KTMT-nın Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı addım ata biləcəyini ehtimal etmədiyini vurğulayıb. Ekspert buna səbəb kimi Qarabağ münaqişəsinin eskalasiyası halında konfliktə Rusiya və Ermənistanın cəlb ediləcəyini göstərib. "KTMT-ya üzv başqa ölkələr isə bu münaqişəyə qoşulmaq istəmir. Orta Asiya ölkələrinin və Belarusun Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsi istiqamətində planları yoxdur. KTMT yalnız Orta Asiyada məna kəsb edir. Lakin bu təşkilat Cənubi Qafqaz regionunda olan problemlərə qarışmayacaq. Bu bölgədə nəsə olsa, Ermənistan və Rusiyaya aid olacaq. KTMT-nın Qarabağ münaqişəsinin həllində iştirak edəcəyini ümid etmək lazım deyil". Analitiklərin fikrincə Rusiyanın hümanitar mərkəz yaratmaq ideyasının arxasında possovet ölkələrində öz hərbi bazalarını yerləşdirmək ideyası durur. Yəni bu mərkəzlərin adı hümanitar mərkəzlər olsa da əslində hərbi yönümlü qurumlar olacaq və heç kəs qarantiya verə bilməz ki, sabah bu mərkəzlər hərbi baza rolunu oynamayacaq. Başqa təhlükəli bir məqam isə budur ki, belə mərkəz öncəliklə Ermənistanda yaradılacaq. Bu isə bir başa Azərbaycan və Gürcüstan üçün təhlükədir. Bundan əvvəl Rusiya Ermənistandakı hərbi bazasını iki dəfə böyütdü. İndi isə belə mərkəz yaratmaqla imkanlarını daha da genişləndirəcək. Həmçinin bu mərkəzlər vasitəsi ilə Rusiya ordusunun Ermənistan hərbçilərini yetişdirəcəyi sirr deyil. Beləliklə aydın olur ki, Rusiya hər gün Azərbaycan və Gürcüstana daha da yaxınlaşır. Bununla bağlı açıqlama verən Gürcüstanın keçmiş prezidenti Saakaşvili bildirmişdir ki, Rusiya ilk fürsətdə Gürcüstana və Azərbaycana hərbi müdaxilə edəcək. Bu bir həqiqətdir ki, Rusiya Şimali Qafqazda sabitlik əldə etmək, regionda güc olaraq qalmaq üçün Zaqafqaziyadan beş əlli yapışmalıdır. Hazırda atılan addımlarda da məhz bu məqsəd güdülür. Ekspertlər həmçinin qeyd edirlər ki, Rusiya Ermənistanda belə mərkəz yaratmaqla bölgədə hərbi güc balansını pozacaq. Hazırda bölgədə əsas hərbi güc Azərbaycandadır və bu regionda təhlükəsizliyin qorunması, Ermənistanın separatizmə meyillənməsinin qarşısını alan faktordur. Amma Ermənistanın süni şəkildə qabağa çıxarılması bölgə üçün real təhlükə olacaq.
Mehdi Əli