"Müxalifət düşərgəsində növbəti
parçalanma dalğasına start veriləcək"
Zahid Oruc: "Hakimiyyət ötən ilin sonunda dialoqa getdi. Bu o deməkdir ki, müxalif cinahda düşmənçiliyi körükləyənlərlə danışıq tərəfdarı olanları bir az da ayırmaq istəyəcək"

Artıq 2015-ci ilə start verilib. Ötən ildə baş verən ictimai-siyasi prosesləri qiymətləndirmək və yeni ildə gözlənilən hadisələr barədə fikirlərini öyrənmək üçün Milli Məclisin deputatı Zahid Orucla söhbətləşdik. Bu və ya digər məsələlərlə bağlı "Unikal"a müsahibə verən Zahid Oruc ötən ilin nəticələrini müsbət qiymətləndirib:

- Hər şeydən öncə ölkədə yaşanan sabitlik və təhlükəsizliyi xüsusi vurğulamaq lazımdır. Rusiya ilə Ukrayna arasında dərinləşən konfrantasiya, Qərb dövlətlərinin də buna qoşulması belə bir beynəlxalq savaşda öz mənafelərini qoruyub saxlamaq istənilən dövlət üçün həmin ilə görə uğur sayılmalıdır. Azərbaycanda sabit bir inkişaf öz xəttində irəlilədi və mən bunu Azərbaycanın dövlət başçısının istər müxtəlif beynəlxalq qurumlarla, o cümlədən ayrı-ayrı dövlətlərlə apardığı siyasətin nəticəsi kimi qiymətləndirirəm. Ölkəmizin siyasi həyatı aktiv proseslərlə zəngin oldu. İlk yerə onu qoyardıq ki, ölkəmiz hazırkı dövrdə istər vətəndaşların timsalında, istərsə də, bütövlükdə millət olaraq, gələcək həyatını nikbin bir axarda planlaşdırmaqdadır. Pis o haldır ki, post-sovet ölkələrində, yaxud bəzi Şərq dövlətlərində ayrı-ayrı adamların var-dövləti də olsa, gələcək həyata ümidli baxışı yoxdur. Onlar üçün bu ili bəlkə də itirilmiş il hesab etmək olar. Bunlarla yanaşı, Cənub qaz dəhlizi layihəsi ilə bağlı imzalama mərasimini və bunun gerçəkləşməsi üçün ilk addımın atılmasını təqdirəlayiq hadisə kimi vurğulamalıyam.
Onu nəzərə alın ki, əgər biz vaxtiylə NABUKKO layihəsi üzərində qərarlaşsaydıq, bu zaman Türkmənistanın 30-35 milyard kubmetr qazını həmin layihəyə qoşmaq üçün çalışmalıydıq. Bu avtomatik olaraq, Rusiya ilə məlum resurslar arasındakı müharibənin sırasına qatılmaq demək olacaqdı. Amma Azərbaycan daha irəlini görərək ən optimal addımı atdı. İqtisadi həyatımız üçün də bunu uğur kimi dəyrələndirirəm.
- Sizcə, ötən il Azərbaycan üçün iqtisadi, mədəni və digər sahələrdə necə yadda qaldı?
- Azərbaycan ötən il mədəni həyatda da beynəlxalq əlaqələrini gücləndirdi. Mədəni tariximiz, kimliyimiz, seçdiyimiz yol, ənənələr Mehriban Əliyevanın timsalında ayrı-ayrı ölkələrdə daha çox təqdimat imkanı qazandı. Biz neft-qaz ixrac ölkəsi mövqeyindən həm də ideyalara ehtiyacımız olduğunu hiss elətdirdik. Hərbi həyatımızda da müəyyən hadisələr baş verdi. Burada bir məqamı qabarıq nəzərə almalıyıq. O da bundan ibarətdir ki, hətta ən aparıcı ölkə belə istənilən təhlükəyə qarşı öz silahlı qüvvələrini ayğa qaldırmaq üçün minimum 5-6 gün vaxt lazım olur. Bu üzdən təlimlər çox önəmlidir. Bir müddət əvvəl Azərbaycan Ordusunun durumunu dəyərləndirəndə indi dediyimiz məsələlərdən danışmırdıq. Bu il Azər-baycan əsgər və zabitləri ayaqda oldular və onlar daim döyüş vəziyyəti şəraitində fəaliyyət göstərdilər. Keçirilən təlimlər imkan yaratdı ki, Azərbaycan 2014-cü ildə Ermənistanla hərbi savaşda öz mövqelərini qoruyub saxlaya bildi. Ən azı demək olar ki, ermənilər 2014-cü ildə Qarabağ məsələsində elə bir ciddi hərbi-siyasi uğur qazanmadılar, əksinə, Ohanyan etiraf elədi ki, bu il onlar üçün ağır olub, itkilərlə müşayiət olunub. Ona görə də 2014-cü ili hərbi həyatımız üçün də uğurlu dönəm kimi dəyərləndirirəm. Sözsüz ki, bizi üzən hadisələr də baş verdi, itkilərimiz də oldu, amma uğurlarımız daha böyükdür.
- Azərbaycan müxalifətinin ötən ilki fəaliyyətini necə qiymətləndirirsiz?
- 2014-cü il müxalifətin əvvəlki ildə məcburən yaratdıqları ittifaqların dağılması ilə yadda qaldı. Bilirsiniz ki, Milli Şuranı vahid müxalif mərkəzə çevirməyə çalışmışdılar. Bir-birinə zidd olan təşkilatların eyni bir cəbhədə hakimiyyət əleyhinə mübarizədə bir araya gəlməsini iddia edirdilər. Biz isə deyirdik ki, belə olmaz. Dindarların, Qərbpərəstlərin, Rusiyameyllilərin bir platformada mübarizə aparması mümkün deyil. Belə də oldu, 2014-cü ildə bu sistem dağıldı. Hesab edirəm ki, bu hələ son deyil. Müsavatla AXCP arasındakı açıq savaş bütün müxalifətin yenidən şəkillənməsinə səbəb olacaq. Tam iddia edirəm ki, hər iki qüvvəni inkar edən yeni qüvvənin ortaya çıxması prosesi güclənəcək. Mümkündür ki, əski müsavatçıların və cəbhəçilərin başqa birlikləri də yaransın. Çünki onlar öz müsavatçılıqlarını və cəbhəçiliklərini itirmək istəmirlər, amma həm də əvvəlki xətlə barışmadıqlarını ortaya qoyurlar. Bu tərəflərdən kim daha çevik olacaqsa, həmin narazıları öz ətrafında birləşdirə biləcəksə, 2015-ci il parlament seçkilərində də önə çıxa bilər.
Bir detalı da əlavə olaraq, deyim ki, əslində götürəndə, bundan əvvəlki dövrlərdə Azərbaycana xarici təsirlər həmişə özünü güclü şəkildə göstərib. Yəni, ölkədə müxtəlif qüvvələr açıq şəkildə kənar maraqların ötürücüsü kimi çıxış ediblər. İlk dəfədir ki, 2015-ci il dönəmində bu beynəlxalq təzyiqlər minimuma enib. Ona görə də söyləmək olar ki, 2015-ci ildə müxalif qüvvələrin platforması ciddi şəkildə dəyişəcək. Diqqət etdinizsə, hakimiyyət ötən ilin sonunda dialoqa getdi. Bu o deməkdir ki, müxalif cinahda düşmənçiliyi körükləyənlərlə danışıq tərəfdarı olanları bir az da ayırmaq istəyəcək. Bu isə müxalifət düşərgəsində növbəti parçalanma dalğasına start verəcək. Bundan sonra hakimiyyətlə əməkdaşlıq edənlərin sayı artacaq.
- Ötən il müxalifət arenasında Müsavat partiyasındakı qarşıdurma da öz izini buraxdı. Necə düşünürsünüz, bu prosesin sonu necə olacaq?
- Bütövlükdə götürəndə AXCP-nin məlum radikallığı və siyasi ekstermizmi fonunda Müsavatın tamamilə zəifləməsini və sıradan çıxmasını çox da istəmirəm. Bunu ona görə vurğulayıram ki, siyasi rəqabət şəraitində müxtəlif ideya konfrantasiyası münasibətlərində olsaq da, şəraiti dəqiq dəyərləndirməliyik. Müsavat Azərbaycanda islam inqilabının tərəfində deyil, eləcə də xarici müdaxiləni çox da stimullaşdırmır. İstənilən problemi Azərbaycana qarşı beynəlxalq təzyiqlər müstəvisində həllinə çalışmır. Lakin bunu AXCP haqqında söyləmək mümkün deyil. İndi Əbülfəz Elçibəyin qoyub getdiyi miras üzərində açıq şəkildə silah əldə eləsələr, Talibana çevriləcək bir ovuc adam qalıb. Bunlarsa, münasibətləri daha da kəskinləşdirməyə çalışır. Cəbhəçilərin müsavatla boğuşmalarının səbəbi odur ki, onlar kimi eyni kəskin notları bölüşmürlər. Bu mənada Müsavat Partiyasında hazırkı toqquşmaların səbəbi uzun illər bir başqa dayanıqlı siyasətin mövcudluğu ilə bağlı idisə, eyni zamanda, başqa məqamlar da var. Yəni, Müsavat indi seçim qarşısındadır. Əgər İsa Qəmbərin gizli olaraq idarə etdiyi bütün şəxslər radikalizmdən islah olnub dialoqa meylli olacaqlarsa, həmin partiyanın dağılması baş verməyəcək. Yox əgər 2009-cu ildəki kimi İsa Qəmbər Əli Kərimlinin birləşmə tezisinə uyub ona yaxınlaşsa, bu halda, ətrafalarında olan media orqanları daxil, Qubad İbadoğlunun cinahı yeni bir partiyaya çevriləcəklər.
- Zahid müəllim, bəs, 2015-ci ildən gözləntiləriniz nədən ibarətdir?
- Dünya dəyişdikcə, Azərbaycan da dəyişir inkişaf edir. Bu dəyişikliyə, inkişafa uyğun da formalaşma prosesi olmalıdır. Ona gərə də hesab edirəm ki, 2015-ci ildə dövlət orqanları sistemində islahatların genişləndirilməsini arzulayıram. Ölkənin büdcə resursları artdıqca ona nəzarət, şəffaflıq, ünvanlılıq birinci yerə keçir və bu baxımdan, islahatlar önəmlidir. Sovet dövründə Ukraynanın özünü təmin edə biləcək birinci dövlət olduğunu hər kəs bilir. Lakin hazırkı dövrdə onun büdcəsi 33 milyard dollardır. Azərbaycanın 2015-ci ildə əsas maliyyə sənədi 27 milyard dol-lar təşkil edəcək. Bu, 46 milyonluq Ukraynanın imkanlarına çatmaq deməkdir. Ancaq heç şübhəsiz ki, makroiqtisadi səviyyədə bu uğurlara sevinməklə kifayətlənmək olmaz. Bizə bəllidir ki, dövlət vəsaitlərinin işlənməsi zamanı çox ciddi problemlər müşayiət olunur. Ona görə də bir sıra layihələrin icrası zamanı vəsaitlərin ələ keçirildiyi, yaxud mənimsənildiyi haqqında xeyli ittihamlar meydana çıxır. Bu səbəbdən də mən daha çox islahatların tərəfindəyəm.
Eyni zamanda, 2015-ci il parlament seçkiləri ilidir. Bu prosesdə müxtəlif maraqlar toqquşur. Bu üzdən çox arzulayıram ki, bu seçkiləri çox uğurla başa vura bilək.
- Özünüz namizəd olacaqsınızmı. Ümumiyyətlə, bu barədə konkret qərarınız varmı?
- Bu illər ərzində öz fəaliyyətimizlə xalqımızın uğurlu gələcəyinin təminatında yer almaq istəmişik. Nə qədər potensialımız, ümumi gücümüz buna yol verəcəksə, o qədər də davam edəcəyik. Hər zaman söyləmişik ki,bizim fəaliyyətimiz təkcə özümüzün subyektiv qərarlarımızla müəyyənləşmir. Biz komandanın içərisinə daxil olmuşuq, bu şərtləri də qəbul etmişik. Əgər dövlət başçısı və onun rəhbərlik elədiyi Yeni Azərbaycan Partiyası, hakim kurs hesab edəcəksə ki, Zahid Oruc gələcək dövrdə yenə də bu siyasətə töhfə verə bilər, onda bu prinsipləri qəbul edib yola davam edəcəyik. Yox, əksinə yeni tendensiyalar meydana çıxacaqsa, başqa şəxslərin aparıcı mövqe seçməsi üzərində dayanılacaqsa, bu halda ona qarşı üsyankarlıq mövqeyindən çıxış etməyəcəyik. Əlbəttə, mən siyasətdə qalacam, bunu partiyalı siyasətlə də həyata keçirməyəcəm. Ən azı hazırkı günümün qərarı budur.
Z.MƏMMƏDLİ