Milli Fəaliyyət Proqramında insan haqları
Milli Fəaliyyət Proqramında insan haqları

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi və presedentlərinin tətbiqi vərdişlərinə yiyələnmək məqsədilə Ali Məhkəmənin hakimləri tərəfindən birinci və apelyasiya instansiyası məhkəmələrinin hakimləri üçün Bakı şəhəri və regionlarda seminar və treninqlər, zona məşğələləri keçirilmiş, Ali Məhkəmədə mütəmadi olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və müzakirəsi təşkil olunmuşdur.
Bu sahədə Ali Məhkəmə bir sıra beynəlxalq təsisatlarla - Avropa Şurası, ATƏT-in Bakı ofisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsinin bir istiqamətini də hakimlərin müvafiq qərarlar və ədəbiyyat ilə təmin olunmasıdır. Ali Məhkəmənin hakimi tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığı ilə bağlı presedentlərinə həsr olunmuş iki kitab yazılaraq hakimlər arasında paylanmış, bu sahədə müxtəlif məqalələrin yazılması davam edir. Avropa Məhkəməsinin qərarları Azərbaycan dilinə tərcümə edilərək öyrənilməklə yanaşı, məhkəmələr arasında yayılması təşkil olunur.
18 iyun 2011-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Məhkəmə Hüququ Şurasının birgə təşkilatçılığı ilə Bakı Apelyasiya Məhkəməsində respublikanın bütün rayon, şəhər və apelyasiya məhkəmələrinin hakimlərinin iştirakı ilə geniş seminar-müşavirə keçirilmişdir. Müşavirədə "İnsan hüquqları və əsas azadlıqları haqqında" Avropa Konvensiyasının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi vəziyyəti və mövcud problemlər ətraflı müzakirə edilmişdir. 2011-ci ildə bu cür seminarlar Şirvan və Şəki apelyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan hakimlərlə də keçirilmiş, bölgələrdə işləyən hakimlərin fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri müzakirə edilmiş, bu sahədə işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.
Görülən işlərin nəticəsi kimi demək olar ki, milli məhkəmələr İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edir və insan hüquq və azadlıqlarının bərpası məqsədilə milli qanunvericiliyi məhz həmin presedentlər prizmasından şərh edir, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə müvafiq qaydada tətbiq edilir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılması üçün mütəmadi tədbirlər həyata keçirir. Bu məqsədlə ayrı-ayrı sahələr üzrə məhkəmələr tərəfindən baxılan işlər ümumiləşdirilir, işlərə baxılarkən yol verilmiş nöqsanlar üzə çıxarılmaqla ümumiləşdirmənin nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunda hakimlərin, o cümlədən pozuntuya yol vermiş hakimlərin iştirakı ilə müzakirə olunur. 2011-ci ildə keçirilmiş müzakirələr nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu 31 mart 2011-ci il tarixdə "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında", 28 oktyabr 2011-ci il tarixdə "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" qərarlar qəbul etmişdir.
Milli Fəaliyyət Proqramında şəxslərin təqsirsizlik prezumpsiyasının təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi zəruri hesab olunmuşdur. Məhkəmələr təqsirsizlik prezumpsiyasına riayət olunması ilə əlaqədar Ali Məhkəmə plenumunun 30 mart 2006-cı il tarixli qərarındakı tövsiyəsini daim yadda saxlamalıdırlar. Məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.
Milli Fəaliyyət Proqramında seçki komissiyası üzvləri üçün seçki hüququ üzrə kursların davam etdirilməsi nəzərdə tutulmuşdur.
Ulu öndər seçkiləri Azərbaycanda demokratiyanın inkişafının göstəricisi hesab edərək qeyd edirdi: "Bu o vaxt həqiqi göstərici ola bilər ki, seçkilər tam demokratik şəraitdə, sərbəst şəraitdə keçirilsin, insanlar öz arzularını, istəklərini sərbəst ifadə edə bilsinlər və bunlar səsvermədə öz ifadəsini tapa bilsin".
Vətəndaşların seçki hüquqlarının təmin olunması sahəsində işin səmərəliliyinə nail olunması üçün beynəlxalq təcrübənin öyrənilməsinə də önəm verilir. Bu məqsədlə müxtəlif beynəlxalq qurumlarla keçirilən konfransların xüsusi əhəmiyyəti var. Seçkilərin keçirilməsi ilə əlaqədar meydana çıxan mübahisələrin həllində beynəlxalq standartların tətbiqinə nail olunması üçün Ali Məhkəmədə Venesiya Komissiyası ilə birlikdə keçirilən konfrans xüsusi əhəmiyyət kəsb edir. Konfransda seçkilərə dair şikayətlərə baxılması sahəsində Avropa standartları, bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, MDB ölkələrində seçkilərə dair şikayətlərə baxılması sahəsində ortaya çıxan məsələlərlə bağlı beynəlxalq ekspertlərin məruzələri, məruzə ətrafındakı müzakirələr, milli hakimlərin həmin məsələlərlə bağlı fikir mübadiləsi çox faydalı olmuşdur. Bu sahədə təcrübənin səmərəliliyinə nail olmaq üçün 2011-ci ilin sentyabr ayının 7-də Ali Məhkəmədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşmış kursların dinləyiciləri ilə görüş keçirilmişdir. Görüşdə Ali Məhkəmənin hakimləri seçkilərin keçirilməsi zamanı meydana çıxan problemlərin həllinin hüquqi yolları barədə dinləyiciləri məlumatlandırmışlar. Hesab edirik ki, bu sahədə mövcud təcrübə davam və inkişaf etdirilməlidir.
Milli Fəaliyyət Proqramında "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokolunun öyrənilməsi, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokoluna uyğun olaraq Milli preventiv mexanizmin funksiyalarının təmin edilməsi məqsədilə maarifləndirmə və digər tədbirlərin həyata keçirilməsi barədə müddəaların nəzərdə tutulması mühüm əhəmiyyətə malikdir.
Məhkəmələr heç kəsin işgəncələrə və digər qəddar insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qoyulmaması ilə bağlı tələblərə riayət edilib-edilməməsini daim diqqət mərkəzində saxlamalıdırlar.
İşgəncələrin qadağan olunması ilə bağlı insanlara təqdim olunan müdafiə demokratik cəmiyyətin əsas dəyərlərindən birini əks etdirir. İşgəncələrin qadağan olunması ilk növbədə şəxsin fiziki toxunulmazlığını qorumaq üçün nəzərdə tutulub. Bundan əlavə, o, ciddi ruhi sarsıntılara səbəb olan əzab vermə hallarına qarşı insanı müdafiə edən müddəa kimi də şərh oluna bilər.
Məhkəmə nəzarəti qaydasında işlərə baxılarkən məhkəmələr tutulmuş şəxslərin tutulduğu andan vəkillə təmin olunması, onlara tutulmaları barədə yaxın adamlarına məlumat verilməsi imkanı yaradılması və onların dərhal tibbi müayinədən keçirilməsi faktlarını yoxlamalı, bu hüquqların pozulduğu hallarda onların bərpası üçün tədbirlər görməlidirlər. Diqqət yetirilməlidir ki, şəxsin polis məntəqəsinə gətirilərkən sağlam vəziyyətdə olduğu, oradan buraxılarkən isə bədəni üzərində xəsarət olması, bunun səbəblərinin həqiqətəuyğun izahını tələb edir.
Şəxsin işgəncəyə məruz qalması barədə tələb irəli sürməsi hakimiyyət orqanları tərəfindən cavabdeh şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnən hərtərəfli və səmərəli təhqiqatın aparılmasını tələb edir. Lakin bu müddəa heç də pis rəftarda ittiham olunan şəxsin nəyin bahasına olursa-olsun cəzalandırılmasını deyil, cavabdeh şəxslərin müəyyən edilməsi və cəzalandırılmaq iqtidarında olan təhqiqatın aparılması kimi başa düşülməlidir.
Ləyaqəti alçaldan rəftar ifadəsi ona dəlalət edir ki, bu norma insan ləyaqətinə ağır qəsdə mane olmaq kimi ümumi maraqları müdafiə edir. Ona görə də şəxsin vəziyyət və ya reputasiyasını alçaldan tədbirlər müəyyən kəskinlik səviyyəsinə çatdıqda ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər. İnsanda qorxu, həyəcan, özünə natamamlıq hissini yaradan rəftar ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilir. Ona görə də şəxsin azadlıqdan məhrum edilməsi zamanı ona azadlıqdan məhrum edilmə üçün zəruri olandan artıq məhrumiyyətə məruz qalması yolverilməz hesab olunmalıdır.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) işgəncələrin qadağan olunması sahəsində milli preventiv mexanizm kimi müəyyənləşdirilməsi məhkəmə orqanları ilə ombudsman arasında qarşılıqlı əlaqələr üçün geniş perspektivlər açır.
Milli Fəaliyyət Proqramının beşinci fəsli insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan dövlətinin, o cümlədən dövlətin ayrı-ayrı hakimiyyət qollarının beynəlxalq təşkilatlarla əməkdaşlığı ölkənin Beynəlxalq Birliyin tamhüquqlu üzvü kimi nüfuzundan xəbər verir. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin böyük zəhməti hesabına müstəqilliyini qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu bu günkü zirvəyə çatmış və bu yolda inamla irəliləməkdə davam edir. Artıq Azərbaycan dövləti beynəlxalq təşkilatlarda öz sözü, imici ilə dünya siyasətinə təsir göstərmək imkanına malikdir. 2011-ci ildə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunu sübut edir. Ona görə məhkəmə hakimiyyəti BMT-nin ixtisaslaşmış təsisatları, beynəlxalq regional təşkilatlar ilə birgə layihələrdə, həmçinin 2012-2013-cü illərdə Avropa Şurası ilə birgə Fəaliyyət Planının həyata keçirilməsində iştirak etməli, Azərbaycan dövlətinin nüfuzunun daim yüksəkdə qalmasına töhfəsini verməlidir.