Azərbaycanda siyasi islahatların həyata keçirilməsi üçün hüquqi baza formalaşıb

Azərbaycanda siyasi islahatların həyata keçirilməsi üçün hüquqi baza formalaşıb
Bəhruz Salmanov: "Siyasi sistemin əsas parametrlərindən olan siyasi partiyaların inkişafına zərurət yaranıb"

Hər bir dövlət üçün beyin mərkəzlərinin, siyasi institutların, dövlətçilik və vətənpərvərlik mövzuları barədə maarifləndirməni təşkil edən təsisatların olması həyat əhəmiyyətlidir. Belə bir ictimai yük daşıyan qurumlardan biri də siyasi partiyalardır.
Azərbaycan müstəqillik əldə edəndən sonra siyasi partiyaların inkişaf etdirilməsi yönündə müxtəlif addımılar atılıb. Demokratiyanın, insan haqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi buna əyani sübutdur. Eyni zamanda, siyasi institutların inkişafı üçün də müxtəlif addımlar atılmaqdadır.
Bu barədə "Unikal"a açıqlama verən politoloq Bəhruz Salmanov mövcud vəziyyəti müsbət qiymətləndirib. Onun sözlərinə görə, partiyanın yaranması günün, həyatın tələbindən irəli gəlməli, cəmiyyətdə ehtiyac duyularaq çağırışları olmalıdır ki, partiyalar da bu çağırışa cavab vermək üçün meydana gəlsin: "Müəyyən ideyaların daşıyıcıları bir partiyada toplaşıb zamanın, dövrün, cəmiyyətin çağırışlarına cavab vermək üçün fəaliyyətə başlamalıdır. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə çoxpartiyalı sistem mövcuddur. Amma gəlin, qısa bir təhlil aparaq. Azərbaycanda zərurətdən, tələbatdan yaranan neçə partiya var? Çox təəssüf ki, şəxsiyyət və şəxsi prinsiplər üzərində qurulan partiyalar da mövcuddur. Demokratik inkişaf yolu tutmuş hər bir ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında iki mühüm istiqamət var. Bunlar qeyri-hökumət təşkilatları və mətbuatdır. Bunların vətəndaş cəmiyyətinin formalaşmasında yeri və rolu çox yüksəkdir. Ona görə də bu gün ölkəmizdə jurnalistika kifayət qədər inkişaf edib: Hansı ki, demokratik cəmiyyətin ən yüksək atributlarından biridir. Bugünkü mövcud durumu ötən illərlə müqayisə edəndə həqiqətən böyük inkişaf yaşandığını görə bilərik. Son illər ərzində isə Azərbaycanda böyük bir jurnalist ordusu yaranıb, vətəndaşları normal şəkildə informasiya ilə təmin edə bilən mətbuat mövcuddur. Eyni zamanda, qeyri-hökumət sektoru da inkişaf yoluna qədəm qoyub. Bütün sahələri əhatə edən QHT-lər tam gücü ilə olmasa da, fəaliyyət göstərir. Siyasi sistemin əsas parametrlərindən olan siyasi partiyaların inkişafına zərurət yaranıb".
Müsahibimiz hesab edir ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi daha aktiv fazaya keçməlidir, cəmiyyətin demokratikləşməsinə daha çox meydan verilməsi, açıq cəmiyyət institutunun təkmilləşdirilməsi, siyasi partiyaların daha üstün duruma gətirilməsi xoşagəlməz prosesləri əngəlləyə bilər. "Belə olacağı təqdirdə partiyaların xarici güclərdən asılılığı məsələsi xeyli dərəcədə aradan qaldırıla bilər. Bu isə beynəlxalq güclərin ölkənin daxilinə müdaxilə imkanlarını məhdudlaşdıraraq zəiflədəcək. Qısası, hesab edirəm ki, ölkəmizdə siyasi islahatların həyata keçirilməsi üçün artıq lazımi baza, əlverişli zəmin formalaşıb, eyni zamanda, mövcud olan iqtisadi bazis də geniş spektrli siyasi islahatların həyata keçirilməsinə imkan verir. Onu da əlavə edim ki, siyasi partiyalara dövlət maliyyə dəstəyi olmamışdan qabaq 40-dan çox partiyanın, ideya müxtəlifliyinin nəyə lazım olması bir araşdırılsın? Bu partiyalar nəyə xidmət edir ? Onların mövcudluğu nə dərəcədə zəruridir? Ölkə rəhbəri çıxışlarında ölkəmizdə iqtisadi islahatlara paralel olaraq, siyasi islahatlar da həyata keçirildiyini bildirib. Qeyd etdiklərimizi Azərbaycanda tədbirlərin düşünülmüş strategiya əsasında kompleks şəkildə həyata keçirildiyinin göstəricisi hesab etmək olar", - deyə B.Salmanov vurğulayıb.
Politoloq onu da qeyd edib ki, Azərbaycan iqtidarı bu sahədə cəmiyyətlə, təşkilatlarla, siyasi partiyalarla daha çox işləməlidir: "Ölkəmizin bütün bölgələrində vətəndaşlarla, əsasən də gənclərlə görüşlər keçirilməlidir.Milli-mənəvi dəyərlərin əks olunduğu milli məfkurə üzərində gənc insan kapitalı formalaşmalıdır. Amma onu da qeyd edim ki, siyasi sistemin gücləndirilməsi və inkişafı təkcə iqtidar partiyasından asılı olan məsələ deyil. Bu sistemin daha da güclü bir mexanizm kimi işləməsi üçün bütün siyasi partiyalar inkişaf etməli, güclənməlidir. Beynəlxalq praktikada da belədir ki, sosial, siyasi islahatlar iqtisadi sahədə əldə olunan uğurlarla şərtlənir və harmoniya təşkil edir. Azərbaycanda geniş və əhatəli siyasi islahatların həyata keçirilməsinin zamanıdır. Hesab edirəm ki, doğrudan da, bu istiqamətdə addımlar atılır və atılmalıdır. Bizim istəyimiz də elə bundan ibarətdir ki, cəmiyyət hərtərəfli inkişaf etsin. Amma bu cəmiyyətdə müxalifətin də, iqtidarın da kim olacağını seçkilər yolu ilə xalq müəyyənləşdirir".
Onu da nəzərə çatdıraq ki, ölkəmizdə partiyaların fəaliyyəti "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu barədə fikirlərini "Unikal"la bölüşən hüquqşünas Mehman Muradlı deyib ki, qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur. Belə ki, siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər: "Siyasi partiyaların təşkilinin və fəaliyyətinin qanunvericilik əsası Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və bunlara uyğun olaraq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Onu da nəzərə çatdırım ki, siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər. Partiyalar ərazi əlaməti üzrə qurulur. Siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilat strukturlarının Azərbaycan Respublikasının dövlət orqanlarında fəaliyyətinə yol verilmir. Siyasi partiya yaradılmasının təşəbbüsçüləri təsis qurultayı (konfransı) və ya ümumi yığıncaq çağırır, orada nizamnamə qəbul olunur və rəhbər orqanlar təşkil edilir. Partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Məqsədi və ya fəaliyyət metodu Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirməkdən, zorakılıqla dəyişdirməkdən və ya ərazi bütövlüyünü pozmaqdan, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməkdən, habelə irqi, milli və dini ədavəti qızışdırmaqdan, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq-hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətməkdən ibarət olan siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir".
Hüquqşünas deyir ki, qanuna görə, siyasi partiyaların üzvləri Azərbaycan Respublikasının 18 yaşına çatmış, partiyaya könüllü daxil olmuş, onun nizamnaməsini və proqramını qəbul etmiş fəaliyyət qabiliyyətli vətəndaşlarıdır. Müsahibimizin sözlərinə görə, bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla prokurorluq, ədliyyə, daxili işlər, milli təhlükəsizlik, sərhəd mühafizə, gömrük, maliyyə, vergi orqanlarının, dövlət mətbuatı orqanlarının işçiləri, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyi və yaradıcı heyəti, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər: "Qeyd etmək lazımdır ki, siyasi partiyalar dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə qarışa bilməzlər. Partiyaların özlərinin fəaliyyəti haqqında məlumat yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi tədbirlər keçirmək hüququ vardır. Partiyaların rəhbər orqanları hökmən Azərbaycan Respublikasının ərazisində olmalıdırlar. Siyasi partiyalarla münasibətlərdə dövlətin hüquq və vəzifələri də xüsusi vurğulanmalıdır. Belə ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir".
Nəzərə çatdıraq ki, qanunda siyasi partiyalar haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyətinə, inzibati, maddi və ya başqa məsuliyyətə səbəb olur. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti bunda müqəssir olan dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxsləri, habelə vətəndaşlar daşıyırlar. Siyasi partiyalar siyasi partiyalar haqqında qanunvericiliyi pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Siyasi partiya onun nizamnaməsi ilə müəyyən edilən məqsəd və vəzifələrdən kənara çıxan və ya qüvvədə olan qanunvericiliyə uyğun gəlməyən hərəkətlər etdikdə həmin partiyanın rəhbər orqanına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilə bilər. Siyasi partiya bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulan hərəkətləri etdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilir. Siyasi partiyanın ləğv edilməsi haqqında təqdimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilir. Konstitusiya Məhkəməsi siyasi partiyanın ləğv edilməsi haqqında məsələni müzakirəyə qəbul edərkən zərurət olarsa qəti qərar qəbul edilənə qədər həmin siyasi partiyanın fəaliyyətini dayandıra bilər.