Beynəlxalq təşkilatlardan girovlarımızın taleyinə biganəlik insan haqlarına böyük sayqısızlıqdır
Beynəlxalq təşkilatlardan girovlarımızın taleyinə biganəlik insan haqlarına böyük sayqısızlıqdır

Akif Məmmədov: "Bu məsələdə münasibət bildirmək, Ermənistana təyziq etmək onlara sərf etmir"

Artıq 18 gündür ki, Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev ermənilərin Xankəndində qurduqları qondarma məhkəmənin qərarı ilə həbsdə saxlanılır. Girov götürülən həmvətənlərimiz Şuşa həbsxanasına salındıqdan sonra onların taleyindən indiyədək bir xəbər yoxdur.
Hətta Qızıl Xaçın nümayəndələri də, həbsxanaya salındıqdan sonra girov soydaşlarımızla görüşüb onların durumu ilə bağlı bir bəyanat verməyib. Bu günlərdə atasına məktub yazan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, Qızıl Xaçın nümayəndələri ilə görüşüb: "Atamın hansı şəraitdə saxlanıldığından xəbərsizik. Mən onlardan atamın hansı şəraitdə,kimlərlə saxlanıldığı barədə bizə bir məlumat vermələrini tələb etdim. Bildirdim ki, atamın və Şahbazın taleyindən narahatıq. Onlar da mənə dedilər ki,girovlarla görüşdükdən sonra ona məktubu çatdırıb, bizə məlumat verəcəklər. Sadəcə dəhşətə gəlirəm. Beynəlxalq təşkilatlar düşmənin əlində olan iki insanın taleyinə necə soyuqqanlı, laqeyid yanaşa bilirlər? Atam da, Şahbaz da Şuşa həbsxanasındadır. O həbsxnada atam, Şahbaz, kimlərlə saxlanılır? Əgər atamı və Şahbazı 20-30 erməninin içində saxlayırlarsa, düşünün atamın, Şahbazın vəziyyətini. Onlar sizcə sağ qala bilərmi o ermənilərin içində? Bizə onların kimlərlə saxlanıldıqları barədə təcili məlumat verilməlidir. Təcili olaraq Qızıl Xaç bu məsələyə aydınlıq gətirməli, girovlarımızın ayrı kamerada saxlanılması məsələsini qaldırmalıdır. Beynəlxalq təşkilatlar onların azad edilməsi istiqamətində əməli iş görməlidirlər".
K. Əsgərovun müraciətlərinə baxmayaraq beynəlxalq təşkilatların bu məsləyə soyuqqanlı yanaşması, insan haqları ilə məşğul olan beynəlxalq qurumların özlərini məsələdən xəbərsiz aparması bir daha təsdiqləyir ki, demokratiya, insan hüquqlarının qorunması ilə bağlı Azərbaycana dərs keçməyə çalışan bu təşkilatlar özləri insan haqlarının qorunmasında fəaliyyətsiz davranırlar. Baxmayaraq ki, həm Azərbaycan dövləti tərəfindən, həmçinin də Girovların Müdafiəsi Komitəsi tərəfindən həmin beynəlxalq təşkilatların hər birinə girovların azad edilməsinə dəstək üçün məktub ünvanlanıb.
Elə həmsöhbətimiz Almaniyadakı Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri Akif Məmmədov da, beynəlxalq təşkilatların insan haqlarının qorunmasında Dilqəm və Şahbazın timsalında hansı həddə olduğunu təsdiqlədiyindən danışdı:
-Kamran müəllim siz girovların azad edilməsi ilə bağlı aparılan böyük bir kampaniyada iştirak edirsiniz. Hətta deyərdim ki, bu işin aparıcılarından birisiniz. Girovlarla bağlı beynəlxalq təşkilatlara ünvanlanan məktublar niyə cavabsız qalır? İnsan haqlarının qorunması ilə məşğul olan qurum və təşkilatlar niyə iki həmvətənimizin əvvəl girov, hazırda isə həbsdə saxlanılmasını görməzlikdən gəlir?
-Əslində bunun cavabı hamımıza bəllidir. Beynəlxal təşkilatlar o vaxt qınanılmazdı ki, biz həmvətənlərimizin öz torpaqlarında girov saxlanılması barədə onları məlumatsız qoyardıq. Amma bizim əlimizdəki sənədlər göstərir ki, bununla bağlı döymədiyimiz qapı qalmayıb. Biz insan haqlarını qoruyan bütün beynəlxalq qurum və təşkilatlara məktub göndərmişik, onların azadlığı üçün dəstək istəmişik. Bəli, sual olunur ki, niyə onlar buna bir reaksiya vermirlər. Əslində cavabı hamımız bilirik. Belə məlum olur ki, bu beynəlxalq təşkilatların bir oyunudur. Bu məsələdə münasibət bildirmək, Ermənistana təyziq etmək onlara sərf etmir.
-Maraqlıdır ki, həmin təşkilatlar bununla bağlı sadəcə bəyənat da vermirlər...
- Beynəlxalq təşkilatlardan ancaq girovlarımızla bağlı Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti bəyanat yayıb. Aİ Ermənistanı beynəlxalq humanitar normalardan irəli gələn öhdəliklərə əməl etməyə və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlığa çağırıb. Xarici Fəaliyyət Xidməti bunun Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il Həştərxan bəyanatı, eləcə də 2014-cü il 4 dekabrda Bazeldə keçirilmiş ATƏT nazirlər şurasında Minsk Qrupu həmsədrlərinin çağırışına uyğun olacağını xatırladıb. Qeyd edim ki, Avropa İttifaqı bu bəyanat vasitəsilə məcburi köçkünlərin girov götürülməsi məsələsində Ermənistanın birbaşa iştirakını bir daha təsdiqləyib. Amma digər qurumlar bu məsələni sükutla qarşılamağa üstünlük verir. Səbəb də qeyd etdiyi kimi bəllidir.
-Kamran müəllim sizin diaspor təşkilatı girovlarımızla bağlı müxtəlif təşkilatlara bəyanat göndərməklə yanaşı aksiyalar da təşkil edir. Bu cür aksiyalardan biri Gürcüstanda keçirilmişdi...
-Biz ötən ilin dekabrın 30-da Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbi ilə aksiya keçirdik. Aksiya ilə bağlı Tiflis şəhər meriyasına yazılı şəkildə məlumat təqdim olundu. Onlar bizə bir saat ərzində aksiya keçirməyə icazə verdilər. Biz əllərimizdə Azərbaycan bayraqlarını və girov götürülən azərbaycanlıların şəkillərini tutaraq, onların azad olunması tələbini səsləndirdik. Və bu barədə bəyanatımızı Ermənistan səfirliyinə təqdim etdik. Aksiyaya Tiflisdə yaşayan azərbaycanlı gənclər də qoşuldular.
-Girovlarımızın azadlığı, onların hüquqlarının qorunması üçün daha hansı tədbirlərin keçiriləcəyi nəzərdə tutulur?
-Qeyd edim ki, Almaniyadakı Beynəlxalq Diaspora Mərkəzi ermənilərin girov götürdüyu Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aclıq aksiyasına başlayacaq. Aksiyaya Rusiyada, Moskva şəhərində Ermənistan səfirliyinin qarşısından başlanılacaq. Daha sonra aksiya Rusiyanın Xarici İşlər Nazirliyinin və BMT-nin, MİNSK qrupunun ofisi qarşısında davam etdiriləcək. Bundan sonra biz Ankarada ABŞ səfirliyinin qarşısında, BMT-nin ofisi qarşısında etiraz aksiyası keçirəcəyik. Aksiya Vyanada Ermənistan səfirliyinin, Cenevrədə beynəlxalq təşkilatların qarşısında davam etdiriləcək. Plana əsasən növbəti ünvan Fransada Ermənistan səfirliyinin qarşısı olacaq. Daha sonra aksiya Strasburqda olacaq. Oradan da İnsan Haqları Məhkəməsinin qarşısında çadır quraraq aclıq aksiyasını davam etdirəcəyik. Məqsədimiz, amalımız birdir- Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurularan qondarma məhkəmə qərarı ləğv olunsun, girovlarımız sərbəst buraxılsın.
-Sizcə bu cür aksiyaların təşkili beynəlxalq təşkilatları girov həmvətənlərimiz üçün addım atmağa, Ermənistandan onların azadlığa buraxılması ilə bağlı əməli iş görməyə məcbur edə bilərmi?
-Beynəlxalq ictimaiyyət sona qədər buna biganə yanaşa bilməz.
Ona görə ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər ərazisində öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Biz həmin təşkilatlara bilgi vermişik. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma "məhkəmə" prosesi başlayıb. Dekabrın 29-da işğal olunmuş Xankəndi şəhərində Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə prosesi" yekunlaşıb. "Hakim" Anatoli Tadevosyan Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı "hökm" verib. Beş saat davam edən qondarma prosesdə "hökm" oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar. Bu günə qədər onların qaranlıq taleyinə beynəlxalq qurumlar tərəfindən işıq tutulmayıb. Necə ola bilər ki, insan haqlarının carçısı olan beynəlxalq təşkilatlar bu məsələyə göz yumsunlar. Hər halda biz mübarizəni sona qədər aparacağıq.