23 ildən sonra qorunan hüquqlar
23 il haqları pozulmuş Xocalı qurbanlarının, sakinlərinin hüquqları və insani haqları öz yerini tapmaqdadır. İllər boyu dünya bu faciəni ya görmək istəmədi, yaxud da gördüklərini qəbul etmək istəmədilər. Hətta erməni lobbisinin başbilənləri Xocalıda baş verən qətliamla bağlı şəkilləri dünyaya yayaraq bunların erməni olduqları və azərbaycanlılar tərəfindən qətlə yetirildikləri söylənildi.
Nəhayət ki, bu cür vəhşi təbliğatın qarşısı alındı və bütövlükdə Azərbaycan Xocalının, xocalıların hüquqi haqlarının müdafiəsini qura bildilər və bu gün dünya əsl həqiqətləri görə bildi. Bu baxımdan Heydər Əliyev Fondu kifayət qədər uğurlu işlər görə bildi və fondun vitse-prezidenti Leyla Əliyeva bu gün də "Xocalıya ədalət" kampaniyasını davam etdirir. Elə sonuncu video müraciəti də bu baxımdan uğurlu addımdır. "1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də torpaqlarımızın 20%-i işğal altındadır. Müharibəyə gətirib çıxaran bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olub", - deyə Leyla Əliyeva dünya ictimaiyyətinə video müraciətində bildirib.
"Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir. Hazırda biz bütün əzmimizi, dəyanətimizi cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər etməliyik. 20 ildən artıq müddət keçməsinə baxmayaraq Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir.
Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Və bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır. Kampaniyaya göstərilən dəstəyə görə təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq.
Hər bir kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq", - deyə Leyla Əliyeva bildirib.Bunu da qeyd edək ki, artıq bir sıra dövlətlər də Xocalıda pozulmuş insan hüquq və azadlıqlarına, şəhid olmuş insanların qatillərinin beynəlxalq səviyyədə mühakimə olunmasına aid bəyanatlar səsləndirirlər. Dünənə qədər ABŞ-da kök atan erməni lobbisi bunun qarşısını nə qədər almağa çalışsalar da artıq heç bir nəticə vermir. Tək bunu demək kifayətdir ki, artıq bir neçə ştat Xocalı faciəsini soyqırım olaraq qəbul edib. Bundan başqa Fransada, Almaniyada, ingiltərədə, İtaliyada, Şərqi Avropa ölkələrində Xocalı soyqırımı ilə bağlı kifayət qədər geniş miqyaslı aksiyalar təşkil olundu. Ekspertlər hesab edir ki, bu istiqamətdə işlər davam etdirilərsə yaxın illərdə pozulmuş insan haqlarını tam bərpa etmək mümkün olacaq və insani dəyərlər gündəmə gələcək. Xocalı soyqırımının 23 illiyi Türkiyədə də kütləvi şəkildə qeyd edildi, yüzlərlə aksiyalar, seminarlar təşkil olundu. Maraqlıdır, Türkiyədə Xocalı olayları bu il necə yad edildi və tək Türkiyədə yox,dünyada Xocalı qurbanlarının hüquqlarının qorunması istiqamətində atılan addımlar yetərlidirmi?. Hazırda Türkiyədə Xocalı aksiyalarında iştirak edən araşdırmaçı-jurnalist Aqil Ələsgər "Unikal"a bunları bildirdi: Xocalı Soyqırımının qeyd olunması Türkiyədə ənənə halını almışdır. Xüsusilə 2007-ci ildən etibarən başlayan bu ənənə hər il getdikcə genişlənir. 2007-ci ildən davamlı olaraq bu mövzuda tədbirlərin iştirakçısı və bəzən təşkilatçısı, təşəbbüşçüsü olaraq demək istəyirəm ki, Xocalı əvvəllər sadəcə İstanbulda anılırdısa, artıq Türkiyənin müxtəlif şəhərlərində, universitetlərdə, dərnəklərdə 26 fevral Xocalı soyqırımı illik proqramlara daxil edilir. Bu il də İstanbul, Ankara, İzmir, Bursa və digər şəhərlərdə konfranslar keçirildi. Bu ilki uğurlardan biri o oldu ki, biz başqa qruplara da Xocalı ilə bağlı xitab edə bildik. Belə ki, Xocalı ilə bağlı keçirilən konfransların əsas kontingenti milliyyətçilər olur. Biz bu dəfə İnsani Yardım Vəqfinin (İHH) təşkilatçılığı ilə çox böyük Xocalı Simpoziumu keçirdik. Bu simpoziumun önəmi ondaydı ki, mühafizəkar çevrələrin ciddi dəstəklədiyi bir təşkilatla biz Fələstin üçün ağlayan gözlərin həm də Xocalıya çevrilməsinə nail olduq. 10-dan çox telekanalın yayımladığı simpozium türk iqtidarından olan deputatların iştirakı ilə çox mühüm anlam qazandı. Eyni zamanda İstanbuldakı Azərbaycan dərnəkləri burada Xocalı ilə bağlı mühüm tədbirlər keçirdilər. Əslində 10-15 illik bir diaspora üçün görülən işlər çox böyükdür. Çünki ermənilərin 100 ildə etdikləri qarşısında biz qısa müddətdə çox ciddi işlər görmüşük. Ancaq daha sistemli işlər də görülə bilər. Ən ciddi problem dərnəklər arasındakı koordinasıyadır. Məsələn, eyni gündə, eyni saatda tədbirlər keçirmək yerinə Xocalı ilə bağlı tədbirləri həftə ərzində müxtəlif saatlara bölsələr, bütün tədbirlərə daha geniş kütlələr qatıla bilərlər".
Bunuda qeyd edək ki, hazırda Azərbaycan tək bu faciədən ziyan çəkmiş insanların hüquqlarının dünya səviyyəsində qorunmasını təmin etmir, həmçinin saxta erməni təbliğat maşınını sıradan çıxardıb. Belə ki, bir neçə aydan sonra erməni lobbisi və Ermənistan hakimiyyəti dünya səviyyəsində qondarma erməni "soyqırım"ının 100 illiyini keçirtməyə hazırlaşırlar. Amma bu gün Xocalı faciəsinin dünya tərəfindən qəbulu erməni hiyləsini alt-üst edir. Çox maraqlıdır ki, artıq erməni milliyətindən olan ziyalılarda Xocalı faciəsini törətdiklərini etiraf edir, insan hüquq və azadlıqlarına öldürücü zərbə vurduqlarını etiraf etməyə başladılar. Elə bu günlərdə səsləndirilən növbəti etiraf bir nümunə kimi qəbul oluna bilinər. "Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırımda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm".Bu açıqlama ilə mühacirətdə olan erməni publisist Vahe Avetiya öz Feysbuk səhifəsində çıxış edib.O, Ermənistanın nə vaxtsa Xocalı qatillərini mühakimə edəcəyinə inandığını bildirib:"Əziz azərbaycanlı qonşularım! Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırımda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm. Sizi əmin edirəm ki, nə məni, nə dostlarımla yaxınlarımı qatil, hannibal və sadist kimi tərbiyə etməyiblər. Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq respublikası qurulsa, o zaman mənim ölkəm bu cinayətin araşdırılması və günahkarların məhkəmə qarşısında durması üçün bütün imkanlarından istifadə edəcək. Məncə, bütün ittihamları qəbul edib, məhkəmə qarşısında dayanmağa və öz vətəndaşlarının törətdiyi cinayətlərinə görə mühakimə etməyə cəsarəti çatmayan xalqın bu gün dünya ictimaiyyətindən yüz illər əvvəl öz atalarına qarşı törədilmiş cinayətin tanınmasını tələb etməyə haqqı yoxdur".Düzdür, bu açıqlamada yenə erməni "soyqırım"ına işarə vurulur. Amma əsas məsələ budur ki, bu vəhşilik qəbul olunur. Özüdə unutmayaq bu vəhşiliyi elə erməni ziyalılarının iştirak ilə törədiblər. Elə Zori Balayanın bu prosesdə ki, iştirakını və buna görə Ermənistan hakimiyyəti tərəfindən fəxri adla təltif olunması unudulmamamlıdır. Beləliklə hesab etmək olar ki, tam 23 ildən sonra yüz minlərlə insanın tadpalanmış hüquq və azadlıqları təmin olunmaq ərəfəsindədir. Ən sevindirici hallardan biri də budur ki, hər zaman prosesləri kənardan seyr etməyə çalışan İsrail kimi bir dövlət bu dəfə konkret mövqe sərgilədi və İsrailin xarici işlər naziri Xocalı olaylarını bir faciə kimi dəyərləndirdi və Xocalı ilə bağlı tədbirə qatıldı. Bu həm də o deməkdir ki, bütövlükdə yəhüdi lobbisidə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əməli fəaliyyətə başladılar. Sonda isə filosof Russonun bir fikri ilə mövzunu tamamlamaq istiyərim:" İnsan haqları hətta tapdalananda belə ayaq üstə dura bilir. Çünki gec tez bu haqlar və hüquqlar bərpa olunur".