Türkiyə parlamenti biabırçı hadisəyə görə Azərbaycandan üzr istədi

Mərmərə Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir olub. Modern.az saytının məlumatına görə tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin müavini Meral Akşener Xocalı faciəsi barədə danışıb və erməni quldurlarının törətdiyi vəhşiliklərdən söz açıb.
Türkiyə parlamentinin vitse-spikeri 2009-cu ildə Bursada Azərbaycan bayrağına qarşı qoyulan qadağaya görə təəssüf hissi keçirdiyini bildirib. Meral Akşener deyib ki, həmin biabırçı hadisəyə görə Azərbaycan xalqından üzr istəyir. "Bu xoşagələn hadisə deyildi, mən buna görə Türkiyə Böyük Millət Məclisi adından Azərbaycandan üzr istəyirəm",-deyə TBMM rəsmisi söyləyib.
Qeyd edək ki, 2009-cu ilin oktyabrın 14-də Türkiyə-Ermənistan milli futbol komandalarının Bursa Atatürk stadionunda keçirilən matçından öncə Azərbaycan bayraqlarının stadiona gətirilməsinə qadağa qoyulub. Türkiyə tərəfi hesab edirdi ki, Azərbaycan bayraqlarının stadiona daxil olması milli zəmində gərginlim yarada bilər. Həmin zaman yayılan fotolardan aydın oldu ki, Azərbaycan bayraqları hətta zibil qablarına da atılıb. Bu biabırçı olay Azərbaycanda ciddi ictimai qınağa səbəb olmuşdu.