Əlil uşaqların təhsil hüququ
Əlil uşaqların təhsil hüququ

Uşaqlıqdan taleyinə "əlillik payı" düşən uşaqların təhsil almaq hüququ əksər hallarda onların valideynləri tərəfindən məhdudlaşdırılır

Onlar da uşaqdır. Bütün uşaqlar kimi, bağçaya getmək, 6 yaşına çatdıqda əyninə məktəb forması geyinib, çiyninə məktəbli çantası asıb məktəbə getmək bütün uşaqlar kimi onların da arzusu və hüququdur. Amma çox vaxt onların bu hüququ elə öz valideynləri tərəfindən pozulur. Əlil, fiziki qüsurlu olduqlarından digər həmyaşıdları ilə bir parta arxasında oturub təhsil almaq arzuları gözlərində qalır.
Rəsmi statistikalara görə, Azərbaycanda 60 mindən çox əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur,ancaq böyük əksəriyyəti təhsildən kənarda qalır. Statistikaya görə əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Xarici ölkələrdə əlil uşaqlar fiziki qüsurlu olsalar belə, hələ körpəlikdən cəmiyyətə inteqrasiya edilsələr də, Azərbaycanda əlil uşaqlarla bağlı bu mənzərə tamamilə fərqlidir. Ekspertlər çox vaxt valideynlərin dünyaya gətirdikləri fiziki qüsurlu uşaqları cəmiyyətə çıxartmaqdan çəkindiyini, nəticədə bu uşaqların təhsil almaq imkanının, hüququnun məhdudlaşdırıldığını söyləyirlər. Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, əlil uşaqların hüquqları digər əlillik kateqoriyasına aid olan insanlara nisbətən daha çox pozulur.Y. Bəkirov deyir ki, Azərbaycanda yaşı 18-dək olan şəxslərin 62 min nəfərində əlillik müəyyən olunub ki, onlardan da 8,7 min nəfəri 2012-ci ildə ilk dəfə əlillik almış 3 yaşa qədər uşaqdır. Respublikada qeydiyyatda olan 17 yaşınadək kar və zəif eşidən şəxslərin sayı 3 878, kor və zəif görənlərin sayı 14 871, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların sayı 6 462, serebral iflic qalığı olan uşaqların sayı 3 740, psixoloji inkişaf pozuntusu olan uşaqların sayı 2 417, anadangəlmə anomaliyaları (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları) olan uşaqların sayı 7 082, nitq qüsuru olan uşaqların sayı 7 492 nəfər təşkil edib. Bəzi valideynlər dost-tanışdan utandıqlarından öz uşaqlarını əlil kimi qeydiyyatdan keçirmək istəmirlər. Buna görə də əlil uşaqların sayının verilən rəqəmdən daha çox olduğu güman edilir".
Liqa rəhbərinin sözlərinə görə, əlil uşaqlarla bağlı narahatedici məqamlardan biri, onların normal təhsil ala bilməməsi, eləcə də diskriminasiyaya məruz qalmalarıdır:" Əksər hallarda bu uşaqlar evdə təhsil alırlar. Amma evdə təhsil almğın əlil uşağa təsiri ilə məktəbdə təhsil almağın təsiri eyni deyil. Evdə təhsil alan uşaq məktəbdə təhsil alan uşaqlarla müqayisədə insanlardan təcrid olunmuş olur. Bu da onun psixologiyasına olduqca mənfi təsir göstərir. Auditoriyada müəllim qarşısında oturmaq, uşaqların içində olmaq isə fiziki qüsurlu uşaqların normal insan kimi formalaşması baxımından olduqca əhəmiyyətlidir. Başqa insanların əhatəsində olan əlil uşaq özünü digər uşaqlar kimi bərabər səviyyədə hiss edir, ən əsası isə özünü cəmiyyətdə fiziki qüsurlu insan kimi apara bilmir. Çünki fiziki qüsur tibbi deyil, sosial problemdir".
Evlərdə təhsil alan fiziki qüsurlu uşaqların bir çox çətinliklərlə qarşılaşdıqlarını deyən Liqa sədri, dediklərinə misal kimi onların ali məktəblərə sənəd verə bilməmələrini, ali məktəblərdə təhsil almaq imkanından məhrum olmalarını qeyd edir. Onun sözlərinə görə, ali məktəbə qəbul olduqda belə universitetlərdə olan fiziki maneələr, burada fiziki qüsurlu insanlar üçün lazım olan şəraitin yaradılmaması onların təhsil almasını çətinləşdirir".
Y.Bəkirovun sözlərinə görə, bəzən valideynin maddi durumu da əlil uşağı təhsil almaq hüququndan məhrum edir: "Məktəb bir qədər uzaq olduqda, valideyn məcburdur ki, uşağı məktəbə aparıb-gətirmək üçün taksi tutsun. Əlil arabasında uşağı ictimai nəqliyyatda aparıb-gətirmək çətin olduğundan, valideyn məcbur olur ki, fiziki qüsurlu uşağını öz həmyaşıdlarından ayırsın. Evdə təhsil isə uşağın cəmiyyətə inteqrasiyasını ləngidir. Hələ kiçik yaşdan evdə tənha olan əlil uşaq böyüdükdə də, cəmiyyətə inteqrasiya edə, alışa bilmir. Bu isə onların cəmiyyətdən, ictimai-siyasi proseslərdən kənarda qalmasına gətirib çıxardır. Onlar özlərini cəmiyyətə lazımsız vətəndaş kimi görür. Baxmayaraq ki, əlillər arasında hələ uşaqlıqdan fitri istedada malik olanları olur".
Y.Bəkirovun sözlərinə görə, əcnəbi ölkələrdə fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyasını ilk öncə ailə təmin edir: "Xaricdə əlilliyi olan uşaqlar digər həmyaşıdları ilə birgə dərslərdə fəal iştirak edir, onların qayğısı və diqqəti ilə əhatə olunur. Yalnız gözdən əlil və eşitmə qabiliyyətindən məhrum olan uşaqlar xüsusi məktəblərdə təhsil alırlar. Bizdə isə əksinə, belə uşaqların təhsil almasına valideynlər ciddi yanaşmırlar. Ali təhsildən məhrum olduqları üçün bu insanlar hər hansı bir idarədə, dövlət müəssisəsində masabaşında təklif edilən bir işlə də məşğul ola bilmirlər. Nəzərə alsaq ki, XXI əsr kompyuter əsridir və belə insanlar müxtəlif idarə və təşkilatlarda ən azı kompyuter arxasında əyləşərək hər hansı bir işin qulpundan yapışa, çox asanlıqla pul qazana bilərlər. Lakin onların təhsil alma imkanları məhdudlaşdırıldıqdan sonra iş tapma şansları da azalır. Belə insanlar ömürlərinin sonuna qədər evdə valideyn və ya digər yaxınlarının himayəsində və əlillərə verilən minimal təqaüdlə yaşamalı olurlar. Bax, beləcə onların hüquqları valideynləri tərəfindən əllərindən alınır. Son illər bir sıra QHT-lərin bu sahədə apardığı maarifləndirici layihələr nəticəsində artıq valideynlərin bir çoxu xüsusi qayğıya ehtiyacı olan övladlarını cəmiyyətdən təcrid etməyin vəziyyətdən çıxış yolu olmadığını dərk edirlər. Onlar fiziki məhdudiyyətlərlə dünyaya gələn körpələrinin təhsil alması və cəmiyyətin digər fərdləri kimi müxtəlif sahələrdə istedadlı bir mütəxəsis kimi yetişməsi üçün əllərindən gələni edirlər. Əlil olan insanların əmək vərdişlərinə yiyələnməsi və onların da cəmiyyətimizin digər fərdləri kimi, özünü tapması məsələsinə daha həssas yanaşmalıyıq".
Uşaq QHT Alyansının sədri Nazir Quliyev də Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkələrində əlilliyi olan uşaqların hüquqları lazımi səviyyədə qorunduğunu deyir: "Əlilliyi olan uşaqların yalnız bir qismi dövlət uşaq müəssisələrindədir. Böyük əksəriyyət isə ailələrində yaşayaraq, təcrid edilmiş şəkildə evlərdə "qıfıl" arxasında qalır.Bununla da, həmin uşaqların cəmiyyətə inteqrasiyası prosesi həyata keçirilmir. Onlar heç bir ictimai tədbirlərdə iştirak etmir, kitabxanalara çıxışları məhdud olur, təhsilə cəlb edilmir. Həmin uşaqların sosial, mədəni və s. inteqrasiyası üçün müvafiq qanun və proqramlar olmasına baxmayaraq, reallıqda onların icrası həyata keçirilmir".
N.Quliyevin sözlərinə görə, əlil uşaqların təhsil almaması onların gələcək həyatında böyük fəsadlar yaradır: "Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələlərdəndir. Çünki, uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır və gələcəkdə ailənin üzərinə yük olur, özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar və yükə çevrilməzlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onlara uşaqlıqdan qayğı göstərərək düzgün yönləndirmək lazımdır".
Qeyd edək ki, ölkəmizdə dövlət səviyyəsində əlil uşaqlara qayğı həmişə hiss olunub. Bu il isə məlumatlara görə, Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların məlumat bankı yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı" layihəsinə daxil edilib. Məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahədə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasıdır. Məlumat bankının yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinə tapşırılıb.