İnsan hüquq və azadlıqları

İnsan hüquq və azadlıqları
Azərbaycan qanunları ilə təsbit edilib

Ülkər Abdullayeva: "Ciddi maarifləndirmə işləri aparılmalıdır və hüquq-müdafiə təşkilatları bu sahədə uğurlar əldə etmək üçün fədakarlıq etməlidir"
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri, Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri və Siyasi Şura üzvü Ülkər Abdullayeva "Unikal"a müsahibə verib.
- Bu gün cəmiyyətdə siyasi və ictimai aktivliyin artması üçün hansı siyasi islahatlar həyata keçirilməlidir?
- Azərbaycan hələ də sovet dövründə olduğu kimi mərkəzi hakimiyyət tərəfindən idarə edilməkdədir. Hakimiyyətin müxtəlif qolları formalaşdırılsa da, faktiki olaraq o qollar icra hakimiyyətinə tabedir. Milli Məclis hansısa qanunu yaratmaq, müzakirə etmək, qəbul etmək üçün mütləq Prezident Aparatından razılıq almalıdır. Bildiyim qədər, hətta parlamentə hazır qanun layihələri PA-dan göndərilir. Parlamentə isə qalır onu müzakirəyə çıxarmaq və xırda redaktə xarakterli dəyişikliklərlə qəbul etmək. Bəzən iddialar ortaya çıxır ki, bizdə konkret şəxslərin mənafelərinə xidmət edən qanunlar yaradılır və onlar vaxtaşırı sifarişlərə uyğun olaraq dəyişdirilir. Müşahidələrə əsasən deyə bilərəm ki, Azərbaycan qanunları qədər tez-tez dəyişikliklərə, əlavə və düzəlişlərə məruz qalan qanunlar yoxdur. ABŞ qanunları arasında hətta yüz il ərzində dəyişməz qalan qanunlar var. Bizdə isə qanunun qəbulundan 1 ay keçməmiş, o, dəyişdirilir. Doğrudanmı, Azərbaycan sürətli olaraq qanunların dəyişdirilməsi tələb olunan dinamik inkişaflı ölkədir?! Yaxud məhkəmə hakimiyyəti müstəqil deyil. Diqtə ilə işləyir. Burada qanunları konkret şəxslər yönləndirir. Hakimlərin qərarvermədə rolu icra hakimiyyətinin, ya da pulun gücünə bağlıdır. Məhkəmələrdə ədalət qanunla deyil, sifarişlə tənzimlənir. Yerli özünüidarəetmə orqanları isə yarandıqları gündən ağrılı durumdadır. Onların funksiyalarının nədən ibarət olduğunu doğru-dürüst hətta bələdiyyə təmsilçiləri belə bilmirlər. Bələdiyyələrdə təmsil olunan çoxlu dostlarım var. Tez-tez eşidirəm, deyirlər ki, icra başçısı iclasa çağırdı, onu tapşırdı, bunu tapşırdı, filan göstərişi verdi və s. Mənə gülməli gəlir. Onda belə çıxır ki, bələdiyyələr icra hakimiyyətinin əlavəsi, yaxud da əmrlərini yerinə yetirən bir qurumdur. Halbuki normal ölkədə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, rolu, nüfuzu mərkəzi hakimiyyəti üstələyir. Hələ də paytaxt bələdiyyəsinin yaradılması məsələsi qanunla tənzimlənməyib. Dünya praktikasında aparıcı iri şəhər bələdiyyələri məşhurdur. Xalq bəlkə ölkənin prezidentinin, parlamentinin seçiminə elə də ciddi diqqət yetirmir, amma bələdiyyənin seçiminə diqqət ayırır. Onun üçün yaşadığı ərazini idarə edən orqanda kimin təmsil olunması prioritetdir. Parlamentə də, prezidentliyə də namizədlər verilərkən, yerli özünüidarəetmədə nüfuz qazanan partiya və şəxslərə önəm verilir. İndiki halda Azərbaycanda bu dediklərim xəyal kimi görünə bilər. Vətəndaşlar hakimiyyətin formalaşmasında öz iştiraklarını qiymətləndirmirlər. Hələ də çoxluq düşünür ki, yuxarılar kimi hara məsləhət bilsə, ora da seçməlidir. Bu da hakimiyyəti təmsil edən insanlarda rahatlıq yaradır. Düşünürlər ki, onsuz da, xalq hakimiyyətin necə formalaşmasında maraqlı deyil. Seçkilərə laqeydlik, inamsızlıq hökm sürməkdədir. Standart azərbaycanlının arzusu-amalı babat gəliri olan iş tapmaq ( xalturalı iş olsa, lap yaxşı), ev, maşın əldə etmək, uşaqları oxudub, evləndirib bir tərəfə çıxarmaqdır. Azərbaycanlılar böyük amallar uğrunda mübarizə aparmaq niyyətində deyillər. Sabitlik tərəfdarı olan, hər şeyə dözümlü yanaşan xalqlar tarix boyu inkişaf etməyiblər. Hər bir inkişafa stimul verən rəqabətdir, hərəkətlilikdir, dinamiklikdir. Kreslodan bərk yapışmaqla ancaq kreslonu qoruya bilərsən, amma onu dəyişə, təzələyə, daha moderni ilə əvəzləyə bilməzsən. Siyasi kürsülərdə oturan adamlar cəmiyyətin inkişafının qayğısına qalmağa borcludurlar. Onlar alternativlərin ortaya çıxmasından, yeni liderlərin, menecerlərin yetişməsindən, irəli getməsindən qorxmamalıdırlar. Öz gücünə, istedadına, bacarıqlarına, kreativliyinə inanan adamlar adətən belə edirlər. Onlar toplumun inkişafına töhfə verirlər, özündən
sonra gələcək nəsli yetişdirirlər, həm də çalışırlar ki, xələfləri onların səhvlərini təkrarlamasın. Belədə xələflər də, sələflərə hörmətlə, nəvazişlə yanaşırlar. Sələflər arxayın olurlar ki, onlar kürsüdən enəndən sonra kimsə onları həbsxanaya atmayacaq, əksinə, daha urvatlı edəcək. Sizin dediyiniz o siyasi islahatlar beyinlərdəki, düşüncələrdəki inqilabdan sonra mümkündür. Adamların baxışları, yanaşma tərzi dəyişməyincə, bu ölkənin siyasi həyatında da heç nə dəyişməyəcək. Bizim bir türk hocamız var. Bir gün soruşdu ki, Azərbaycanda 25 illik hakimiyyəti 25 illik müxalifət əvəz edərsə, nə dəyişər? Biz də papağımızı qabağımıza qoyub fikirləşdik, cavabımız o oldu ki, sadəcə şəxslər. Deməli, sistem, yanaşma, hakimiyyətə, idarəetməyə baxış olduğu kimi qalacaq. Əgər belə olacaqsa, onda fərdləri dəyişməyin nə mənası var?
- Bu gün siyasi qurumların siyasi mədəniyyət həddi qaneedicidirmi?
- Bu səviyyə bizi qane edə bilməz. Siyasi rəqiblər özlərini barışmaz düşmən kimi aparırlar. Qalib gələnin əlini sıxmaq əvəzinə, ona qarşı təhqirlər, şər-böhtan başlayır. Yaxud məğlub olana hörmət ifadə etmək, gələcəkdə müvəffəqiyyət arzulamaq, ürək-dirək vermək əvəzinə, ona tənə etmək, onu gülünc hala salmağa çalışmaq, ən aşağılayıcı epitetlərlə bəzəmək bizim siyasilərin yararlandığı başlıca metodlardır. Seçkiqabağı kampaniyalardakı qara PR elementlərindən gen-bol istifadəni isə qoyuram bir kənara. İnsanların ləyaqətilə oynamaq, heysiyyatına, ailəsinə, şəxsiyyətinə əl uzatmaq spesifik hal alıb. Halbuki siyasi kampaniyalarda şəxsiyyətlər deyil, siyasi, sosial, iqtisadi, mədəni və s. platformalar daha çox müzakirə predmeti olmalıdır. Müzakirələr gələcəyə hədəflənməli və intellektual müstəvidə getməlidir. Bizdə isə debatlar köhnə palan içi tökməklə müşayiət olunur və məişət səviyyəsindən o tərəf gedə bilmir. Sosial şəbəkələri izləyəndə adama elə gəlir ki, ölkədə bir neçə silahlı qruplaşma var və onların silahı şantaj, təhqir, şər-böhtandır. Və bu silahlarla silahlanmış qruplaşmalar internet üzərindən bir-birilərinə hücum edirlər. Azərbaycanda əksər siyasi qurumlar özlərinin Avroatlantik inteqrasiya meyllərini ifadə ediblər və bu geopolitik müstəvinin demokratik dəyərlərinin bizim ölkədə də bərqərar olmasını istədiklərini bəyan ediblər. Amma unudurlar ki, Avropa dəyərlərinin kökündə sözün bütün mənalarında mədəniyyət, qarşılıqlı dinləmə, insanın privat hüquqlarına, şəxsiyyətinə, özünüifadə azadlıqlarına hörmət dayanır.
- Ümumiyyətlə Azərbaycan əhalisini siyasi cəhətdən mədəni, səviyyəli əhali saymaq olarmı?
- Əgər əhali siyasi cəhətdən mədəni, səviyyəlidirsə, bu özünü siyasi həyatda göstərməlidir. Hər bir fərd öz mədəniyyətini ailəsinə, cəmiyyətə, içində olduğu topluma daşıyır. Bu gün biz özlüyümüzdə, ailəmizdə nəyiksə, cəmiyyətdə də oyuq. Öz yanlışlarını, qüsurlarını, mənfi tərəflərini görməyən, ya da görüb bunu obyektiv qiymətləndirməyən, özünü tərbiyə etməyən adam təhlükəlidir. Belə adamların yaşadığı, qurduğu cəmiyyət də təhlükəlidir. Bu gün siyasi həyatımız, cəmiyyətimiz keyfiyyət sarıdan dincəlirsə, demək ki, adamlarımız keyfiyyətsizdir. Yaxşı valideyn dəli övladını camaat içinə buraxmaz. O bununla həm övladının imicini qoruyar, həm də camaatı onun övladının verə biləcəyi xəsarətdən. Amma bizim cəmiyyətdə hamı öz qüsurlu, savadsız, keyfiyyətsiz, mənəvi cəhətdən şikəst övladını cəmiyyətə yaxşı adla sırımağa çalışır. Əgər sırıya bilirsə, demək ki, cəmiyyətin evini yıxır. Bizdə şəxsi maraqlar ümuminin maraqlarını xeyli üstələyir. Heç kəs anlamaq istəmir ki, xarabalıqlar üzərində cənnət yaratmaq mümkün deyil. Əgər ətraf çirkab, üfunət qoxuyursa, sən öz bağçandakı çiçəyin ətrini necə ayırd edə bilərsən?! Bizdə insanlar hər kəsin rahat və firavan yaşaya biləcəyi bir cəmiyyəti tərcih eləmir. Hər kəs öz cənnətini ayrıca yaratmaq niyyətindədir. Hamı düşünür ki, qoy mənim imarətimin kölgəsindən başqalarının daxmasına gün düşməsin. Mən belə insanların çoxluq təşkil etdiyi cəmiyyəti mədəni cəmiyyət hesab etmirəm. Mənə görə çöllükdə çadır qurub kimsəyə mane olmadan yaşayan adam o imarətdə yaşayan adamdan daha üstündür, daha mədənidir.
- Sizcə Azərbaycan siyasətində və idarəetmə sistemində qadınların aktivliyi lazimi həddə təmin olunubmu?
- Siyasətdə elə də parlaq simaları görmürük. 40-dan çox siyasi partiyanın heç birinin lideri qadın deyil. İkinci, üçüncü yerlərdə də çox az sayda təmsil olunublar. Bu hal dövlətin idarə edilməsində də özünü göstərir. Rəsmi statistikaya görə, respublikanın şəhər və rayonlarında 37 qadın icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Hazırda 3 nazir müavini (İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Səhiyyə Nazirliyi), bir Dövlət Komitəsinin (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) sədri, bir Dövlət Komissiyasının (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) sədri, 3 ali təhsil mərkəzinin (İnşaat və Memarlıq Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) rektoru, Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin müavini və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ombudsmanı qadındır. Qadınların qanunvericilikdəki iştirakına gəlincə, 125 millət vəkilindən 18-i qadındır (cəmi 16%). Xaricdə Azərbaycan Respublikasının 56 diplomatik nümayəndəliyi (səfirliklər, konsulluqlar və daimi nümayəndəliklər) var. İki diplomat qadın (bir səfir və bir daimi nümayəndə) Azərbaycanı beynəlxalq miqyasda təmsil edir. Hazırda Azərbaycanda qadın problemləri ilə məşğul olan 90-a yaxın QHT mövcuddur. Lakin onlar kifayət qədər fəal deyil və 5-10 təşkilatı çıxmaq şərtilə, cəmiyyətin həyatına təsir edə bilmirlər. Bizdə qadın daha çox anadır, həyat yoldaşıdır, gəlindir, qızdır, paltaryuyandır, qabyuyandır, yeməkbişirəndir və s. Daha çox məişət cihazlarının funksiyalarını yerinə yetirir. Onun siyasətdə olmasına, cəmiyyəti yönləndirməsinə pis baxırlar. Siyasi və ictimai cəhətdən fəal olan qadına mütləq bir yarlıq yapışdırırlar ki, onun adamı var, onu kimsə saxlayır, onun day-dayısı filankəsdir və s. və i. Bu yanaşmalar da qadının siyasətdə və ictimai həyatda rolunu məhdudlaşdırır.
- Bu gün siyasi qurumlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində nə qədər aktivlik göstərə bilirlər və nələr etmək lazımdır ki, daha səmərəli nəticələr əldə edilsin?
- İnsan hüquq və azadlıqları Azərbaycanın ali qanunu olan Konstitusiya və digər qanunlarla təsbit edilib. Qalıb bu qanunların işləmə mexanizminin tapılması və onun işləməsi üçün hakimiyyətin siyasi iradə nümayiş etdirməsi. Qanunlara istinad edilən, qanunun şah olduğu ölkələrdə insanların hüquq və azadlıqlarını qanunlar qoruyur. Bizdə isə durum bir qədər fərqlidir. Bizdə bütün qanunların yanına bir amma qoşulur. Çünki məmurların çoxu mövcud qanunları icra etməkdə maraqlı deyil. Digər tərəfdən, Azərbaycan insanı özü də başqasının hüquq və azadlığına maneçilik törətməyi xoşlayır. Uşaq doğulandan onun valideynləri başlayır uşağın azadlıqlarını məhdudlaşdırmağa. Sonra bu azadlıqlar məktəbdə, daha sonra müstəqil həyatda məhdudlaşmağa başlayır. Ailədən başlayan qadağanlar bir ömür insanı həyatın hər bir anında təqib edir. Bir dəfə sorğuda sual vermişdik ki, "sizin hüquq və azadlıqlarınızı kim pozur". Bir gənc oğlan demişdi ki, "qonşularım". Açmasını xahiş elədik. Dedi ki, qonşu yaman qısqancdır, evə yad qız və oğlanlar gələndə gəlib qapını döyür, sorğu-sual edir ki, bu kimdir, nəyə gəlib və s. Bir başqası da demişdi ki, "hüququmu atam pozur. Özünün üzv olduğu partiyaya rəyimi soruşmadan mənim də adımı yazdırıb və deyir ki, əgər o partiyadan çıxsam, məni övladlıqdan çıxaracaq". Belə cəmiyyətdə müsbət nəticələr əldə etmək çox çətindir. Amma ümid edirəm ki, ciddi maarifləndirmə işləri aparılmalıdır və hüquq-müdafiə təşkilatları bu sahədə uğurlar əldə etmək üçün fədakarlıq etməlidir.