Özəl sektorda hamilə və uşaqlı qadınların hüquqları pozulur
Özəl sektorda hamilə və uşaqlı qadınların hüquqları pozulur

Sahibkarlar işə götürdükləri xanım qarşısında ailə qurmamaq, uşaq doğmamaq kimi şərtlər qoyur, bu tələbə əməl etməyənləri qanunsuz işdən qovur

Azərbaycanda qadınlara qanunlarda eləcə də beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarını həyata keçirmək üçün bərabər imkanların yaradılması insan haqlarını qoruyan, gender bərabərliyi ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Ölkədə qadınların hüquqları qanunla əks cinsin nümayəndələri ilə bərabərdir. Azərbaycanda qadınlara cinsinə görə ayrıseçkilik edilməsi birmənalı şəkildə yolverilməz sayılır. Bu gün ölkədə qadınların müxtəlif sahələrdə yüksək kürsüdə təmsil olunmasından, dövlət qulluğunda işə qəbuluna xüsusi diqqətin yetirilməsindən fəxrlə danışmaq olar.
Bir sözlə Azərbaycanda dövlətin siyasəti qadın hüquqlarının pozulmasına qəti formada qarşıdır, qadınlara qarşı zorakılıq, ictimai-siyasi həyatda fəal təmsilçiliyinə maneə yolverilməz sayılır. Amma bununla belə Azərbaycanda zərif cinsin nümayəndələri hələ də bəzi sahələr var ki, orada zərif yox, zəif cinsin nümayəndəsi hesab edilərək fiziki, psixoloji, mənəvi təzyiqə məruz qalır. Əvvəlki illərlə müqayisədə Azərbaycanda işləyən qadınların sayı artsa da, son vaxtlar işəgötürənlər tərəfindən qadınların işləmək hüququ daha çox pozulur. Buna əsasən özəl sektorda daha çox rast gəlinir. Qadınlar hamiləykən eləcə də uşaq dünyaya gətirdikdən sonra işə qayıdarkən problemlə üzləşirlər. Sahibkar işçisi olan xanımı ya hamilə olduğunu öyrəndikdə, yaxud da uşaq dünyaya gətirdikdən sonra işdən azad edir. Buna əsas səbəb kimi, həmin qadınların iş əmsalının aşağı düşməsi, əsas vaxtının ailə və uşaq qayğılarına qarışması ilə əlaqələndirilir. Hətta elə işəgötürənlər var ki, işəgötürdüyü xanımdırsa onun qarşısında bir il ərzində ailə qurmamaq, uşaq dünyaya gətirməmək kimi şərtlər qoyur.
Zümrüd Osmanova adlı həmsöhbətimiz Dərnəgül yolunun kənarında yerləşən tikinti materialları bazarında yerləşən topdansatış mağazalarının birində iki il bundan əvvəl satıcı kimi fəaliyyətə başlayıb. Z. Osmanovanın İKT və maliyyə savadı olduğundan o, mağazada aparıcı menecer kimi çalışıb. Həmsöhbətim deyir ki, aylıq məvacibi 750 manat olan bu işə girərkən mağazanın sahibi onunla şərt kəsib: "Mənə dedi ki, bir il ərzində nişanlanmaq, ailə qurmaq yoxdur. Gəlib mənə demə ki, nişanlım burda kişilər çox gəlir işləməyə qoymur, yaxud da ailəliyəm, ərim evə gec gedəndə danışır, uşağa baxan yoxdur. Bu cür bəhanələr olmasın deyə sahibkar qarşımda bu mağazada işlədiyim müddətdə davam etdirməyimlə bağlı şərt qoydu. Tale elə gətirdi ki, elə bu mağazaya müştəri kimi gələn tikinti şirkətlərinin birinin nümayəndəsi ilə tanış olub bir-birimizi bəyənib nişanlanmaq qərarı verdik. Bu qərarımı iki ay müdirdən gizli saxlasam da, toy tez olduğundan ailə quracağımı dedim. Müdir həmin günün səhəri məni işdən çıxartdı".
Həmsöhbətim deyir ki, tanış bir rəfiqəsi isə ticarət mərkəzlərinin birindən uşaq dünyaya gətirdikdən sonra çıxarılıb: "İndi özəl sektorda daha çox subay xanımlara üstünlük verildiyini söyləyən Z.Osmanova sahibkarların qanunsuz olsa da, hamiləykən qadınları işdən qovma faktlarının olduğunu deyir.
Hüquqşunas Zülfiyyə Bayramova da məhkəmə praktikasında bu cür çəkişmələrin tez-tez olduğunu söyləyir. Z. Bayramova deyir ki, hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür: "İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2-3 saatdan bir körpənin yanında olmaq lazım gəlir. Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır. Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez-tez pozulur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı müddəalar olsa da sahibkarlar bu tələblər onlara sərf etmədiyindən onları tətbiq etməkdən imtina edir".
Hüquqşunas deyir ki, həmin qadınların çoxu işəgötürənlə əmək müqaviləsi bağlamadığından bəzən onların hüququnu müdafiə etmək də çətin olur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizə verilən məlumata görə, Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra. Əmək Məcəlləsinin "Hamiləliyə və doğuşa görə məzuniyyətlər" adlı 125-ci Maddəsinə əsasən analara verilən bu məzuniyyət ödənişlidir. Lakin onun müddəti müəyyən hallarda fərqli olur. Normal doğuş zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gündür. Amma doğuşun çətin keçməsi (keysəriyyə əməliyyatı və s. çətin sayılan hallar) və iki və ya daha çox uşağın doğulması kimi bəzi xüsusi hallarda doğuşdan sonrakı məzuniyyətin müddəti 14 gün artırılır, yəni 70 təqvim günü təşkil edir.Kənd təsərrüfatı sahəsində çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət, bu qadınların işinin çətinliyinə görə verilir. Bu, normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) kimi verilir. Körpə 6 ayına qədər yalnız ana südü ilə qidalanmalı olduğundan, qanunvericiliklə bu problemdən çıxış yolu tapmaq mümkündür. Belə ki, adətən birinci il işləyən işçilərə məzuniyyət haqqı 6 ay işlədikdən sonra verilir, lakin "Əmək məzuniyyətinin verilməsi qaydası" Maddəsinə (Maddə 131.) görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınlar hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonar istifadə edə bilərlər. Beləliklə analar öz körpələrinin yanında olmaq imkanını, hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən dərhal sonar məzuniyyət götürərək, bir az da uzada bilərlər. Dövlət, körpəsi olan analara 6 ay müddətində işə çıxmamaq imkanı yarada bilməsə də, onlara başqa güzəştlər edir. Belə ki, dövlət Əmək Məcəlləsinin "Uşağın yedizdirilməsi üçün fasilələr" Maddəsində yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduğu təqdirdə isə hər fasilənin müddəti ən azı bir saat müəyyən edilir.Bu fasilələr qadının əmək haqqından çıxılmır, onlar iş vaxtına daxil olur. Ona da diqqət yetirmək lazımdır ki, qanunvericilik bu fasilələrin ən azı 30 dəqiqə olduğunu deyir, yəni, əgər siz iş yerindən uzaqda yaşayırsınızsa, siz işəgötürənlə razılığa gəlib fasilə müddətini uzada da bilərsiniz. Əmək Məcəlləsinin "Qısaldılmış iş vaxtı" Maddəsinə (Maddə 91) görə analar işə çıxdıqdan sonra işəgötürəndən 36 saatadək qısaldılmış iş vaxtını tələb etmək hüququna malikdirlər. Bu haqdan analar uşaqlarının yaş yarımına qədər istifadə edə bilərlər. Bunlardan əlavə, dövlət hamilələrə və 3 yaşınadək uşağı olan analara işə düzələn zaman da böyük güzəştlər edir. Əmək Məcəlləsinin "Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri" Maddəsində (Maddə 240) deyilir ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbi ilə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yol verilməzdir.
Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, onların ezamiyyətə göndərilməsinə yol verilmir . Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur. Bu qaydalar yaş yarımına çatma səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir . Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur. Bu qaydalar yaş yarımına çatmamış uşağı olan və əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkən qadınlara da aid edilir . Elə hallar da olur ki, işəgötürən işçilərin ixtisarı, səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi, özünün əmək funksiyasını yerinə yetirməməsi adı altında hamilə və yaxud uşaqlı ananı işdən azad etmək istəyir. Lakin dövlət, bu vəziyyətdə olan qadınların xüsusiyyətlərini nəzərə alaraq Əmək Məcəlləsinin 79-cu maddəsində bu səbəblərlə hamilə və 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsinə qadağa qoyub. Nazirlikdən deyirlər ki, iş yerlərində hüquqlarının tapdanmasının qarşısını ala bilmək üçün anaların və hamilə qadınların öz hüquqlarını bilməsi çox vacibdir.