Türkiyə Baş Qərargah Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekinin APA-ya müsahibəsi

- Bir müddət əvvəl siz "FETÖ ilə mübarizədə sadəcə Ərdoğan uğur qazana bilər, ona görə də vəzifədə ikən Ərdoğan terror təşkilatıyla mübarizəni bitirməlidir- demişdiniz...

- Bu silahlı hərbi çevriliş cəhdinin əsas hədəfinin Türkiyə Silahlı Qüvvələri, Türkiyə prezidenti , hökuməti və Türkiyə Cümhuriyyəti olduğunu deməliyəm. Balyoz və "Ergenekon kimi saxta istintaq və məhkəmə proseslərində xeyli zəiflədilən Türkiyə ordusu son illərdə yenidən özünü toplayaraq terrora qarşı içəridə və kənarda apardığı təsirli mübarizə ilə xalqın gözündə etibarını artırıb, ölkənin mənafeyinə uyğun çalışmağa başlayıb. Türkiyənin xarici siyasətində dəyişikliklər edildi. Buna zərbə endirməyi düşündülər. Hökuməti devirməyi hədəfləyən çevriliş təşəbbüsü bir daha Türkiyə Silahlı Qüvvələrini hədəfə aldı və orduda növbəti çıxdaş edilmə prosesinə başlandı. Hərbi forma geymiş adamlar xalqa qarşı çox rəhmsiz hərəkət etdilər, xalqa atəş açdılar, Məclisi bombaladılar, xalqın müqəddəs məkanlarını güllə-baran etdilər. Xalqı Türkiyə Silahlı Qüvvələriylə qarşı-qarşıya gətirməyə çalışdılar. Məqsədlərindən biri də xalqın gözündə ordunun etibarını azaltmaq idi. Bu çevrilişdə iştirak etmiş hər kəs həbs ediləcək - cinayət törədənlər, əlbəttə ki, tutulmalıdır. Türkiyə Silahlı Qüvvələri bundan sonra Türkiyəyə daha çox lazımdır. Çünki Cənubi-Şərq bölgələrimizdə və böyük şəhərlərimizdə terror hadisələri davam edir, Suriyanın şimalında PYD terror təşkilatının özünə struktur yaratma cəhdləri var, Aralıq dənizinə qədər ABŞ-İsrail dəhlizi yaradılmaq istənilir. Şərqi Aralıq dənizində Türkiyənin mənafeyini qoruyan Türkiyə Silahlı Qüvvələri var, Şimali Kipr Türk Cümhuriyyətinə çox lazımdır, Egey adalarındakı problemlərdə orduya çox ehtiyacımız var, AB ilə qaçqınlar məsələsinin bizim xeyrimizə həll edilməsində ordumuzun güclü olması lazımdır, Qara dənizdə problemlər mövcuddur. Bütün bunlara baxanda Türkiyə Silahlı Qüvvələrinin veriləcək vəzifələri yerinə yetirə bilməyəcək vəziyyətə salınmaq istənildiyini görməkdəyik. Çevriliş cəhdinin əsas hədəfləri Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvələri və Türkiyə Cümhuriyyətidir. Mən həmişə "Fətullah Gülənlə mübarizəyə Tayyib Ərdoğandan başqa inanan yoxdur demişəm. Fətullah Gülən təşkilatı Tayyib Ərdoğanın özünü və ailəsini hədəfə alanda onun özündən başqa ətrafındakıların heç biri təşkilatın bu qədər təhlükəli olduğunu düşünmürdü, təşkilatın dövlətin hər yerinə sızdığına inanmırdılar. Ona görə də təşkilata qarşı mübarizə ləng gedirdi. Çevriliş cəhdindən sonra mübarizə çox güclənəcək. Burada ifrata varmamaq lazımdır: kimin Fətullah Gülən təşkilatına üzv olduğu ortaya çıxarılmalı və hər kəs haqq etdiyi cəzanı almalıdır.

- Ordu içində xunta nə vaxt yaradıldı, hərbi kəşfiyyatın bundan xəbəri olmadımı?

- Təbii ki, orduya bu barədə xəbərlər gəlmişdi. Ancaq bu plan kiçik bir qrup tərəfindən həyata keçirilməyə çalışılıb. Diqqət edirsinizsə, prezidentə və komandanlara çox yaxın olan insanlar-köməkçilər, yavərlər bu işin içində olublar. Onların hər cür xəbəri əldə edib xuntaya vermək imkanı olduğu kimi, xəbərlərin yayılmasını da əngəlləyə biliblər. Fətullahın təşkilatı hücrə tipində, kiçik qruplarla son dərəcə gizli çalışıb bayıra xəbər sızmayan bir strukturdur. Bu, bizim bildiyimiz normal bir dini icma deyildir, son dərəcə ciddi çalışmaları var. Onlar plan hazırlayanda bir-birlərinin xəbəri olmur, planın həyata keçirilməsi mərhələsinə gəlinəndə bir anda lazımi adamlara bildirirlər.

- FETÖ-nün başçısının qaytarılması üçün Türkiyənin bu dəfə ABŞ-a daha ciddi şəkildə təzyiq göstərdiyini görürük. Sizcə, geri verəcəklərmi?

- Fətullahçı təşkilat bu çevrilişi həyata keçirmək üçün qurulan və istifadə edilən alətdir. İşin arxasında başqa dövlətlərin də olması istisna deyil. Fətullahdan istifadə edən təşkilatlar üçün onun missiyası başa çatıbsa, geri qaytaracaqlar. Amma istifadə müddəti bitməyibsə, min dərədən su gətirib verməyəcəklər. Ondan növbəti dəfə istifadə etməyi düşünürlərsə, verməyəcəklər.

- Bu işlərin meydana çıxmasında Suriya məsələsinin də rolu varmı?

- Var. Beynəlxalq Böhran Qrupunun 8 aprel 2016-cı il tarixli raportunda bu gün cərəyan edən proseslərin çoxu yazılıb. Türkiyənin Cənubi-Şərqində terrora qarşı qərarlı mübarizənin davam etməsi durumunda iqtisadiyyatın çökəcəyi, ölkənin Qərbində sabitliyin pozulacağı, PKK və İŞİD mənşəli terror aksiyalarının sayının artacağı yer alıb. Ona görə AB ilə müzakirələrin bir an əvvəl başlanması, PKK ilə müzakirələrin davam etdirilməsi, yerli özünüidarə orqanlarının səlahiyyətlərini artıran beynəlxalq konvensiyanın imzalanması və s. tövsiyə edilib. Suriyanın şimalındakı koridorun Kobaniylə birləşdirilərək YPG-nin nəzarətinə verilməsi də o hesabatda yazılıb. Bunun ardınca isə Türkiyədə hərbi çevriliş olma ehtimalından bəhs edilib. Türkiyənin Suriyada PYD ilə mübarizəsi ölkə içində PKK ilə mübarizəsinin eynisidir-bunları bir-birindən ayırmamaq lazımdır. Təəssüf ki, Türk ordusu bu prosesdə zəiflədilmişdi. Hazırda səssizlik var, onun əsas səbəbi PKK ilə müzakirələrə yenidən başlanmasına dair gözləntinin olmasıdır. Gələcək 3-4 ayda çevriliş təşəbbüsünün nəticələrini daha aydın görə biləcəyik. Yəni, Türkiyə PKK ilə mübarizədə nə qədər məsafə qət edəcək, Şərqi Aralıq dənizində haqlarını nə qədər qoruya biləcək, AB ilə münasibətlərdə işlər hansı nöqtəyə varacaq?