Azərbaycanın məşhur teleaparıcısı Nərgiz Cəlilova tanınmış insanları digərlərindən fərqləndirən xüsusiyyətlər, həyata keçməyən ən böyük arzusu və digər məqamlar haqqında buro247.az-a danışıb. Unikal.org həmin materialı təqdim edir.

Fərqli olmaq, seçilmək əslində çox xoş bir duyğudur.

Düşünürəm ki, hər bir insan fərqli olmağa can atır. Sadəcə çalışmaq lazımdır ki, o yoldan səni heç nə çəkindirməsin. Bizi - aparıcıları fərqli edən peşəmizdir. Təsəvvür edin, minlərlə insanın sevdiyi, bəyəndiyi, pərəstiş etdiyi tanınmış insanlarla birbaşa ünsiyyətdə ola bilirik, onlarla söhbət edir, görüşürük. Amma bunun bir maraqlı tərəfi də odur ki, biz bunu tamaşaçılarla paylaşırıq.

Səhnəyə çıxanda minlərlə insan sənə tamaşa edir. Sən çalışırsan ki, onları ələ alasan. Burada da artıq sən digərlərdən fərqlənirsən. Əsas odur ki, seçilməyinlə, fərqli olmağınla öyünməyəsən. Bir az nəsihət kimi oldu (gülür). Peşəkarlar məhz buna can atır.

Məncə uğur qazanmaq - çalışmaq deməkdir.

Bəzən belə ifadə işlədirlər: "Çox istedadlı olmaq olar, amma sən bunun üçün çalışmırsansa, zəhmət çəkmirsənsə, heç vaxt uğur qazana bilməzsən". Ona görə də mənim üçün uğur və çalışmaq assotiativ olaraq bir-birini tamamlayır. İnsan bəzən müəyyən bir səviyyəyə çatanda artıq düşünür ki, zirvədədir. Amma mənə elə gəlir ki, zaman, dünya dəyişdikcə, biz də dəyişirik, meyarlar da dəyişir. Əgər sən öz üzərində çalışmır, püxtələşmirsənsə, uğur qazana bilməzsən. Hamımız gördüyümüz işdən zövq almağı bacarsaq, onda uğur qazana bilərik. Bunu təkcə biz aparıcılara deyil, bütün peşə sahiblərinə aid etmək olar.

Arzularım ümmandır

İndiyə qədər təbii ki, bir çox arzularım yerinə yetib. Amma ilk baxışdan banal səslənən bir sual var: "İkinci dəfə dünyaya gəlsəydiniz, kim olmaq istərdiniz?". Mən bu sualı elə də banal hesab etmirəm, çünki mən ikinci dəfə özümə peşə seçmiş olsaydım, idmançı olardım. Ümümiyyətlə, uşaqlıqdan bunu arzulayıb, öz üzərimdə çalışıb müəyyən bir mərtəbəyə çatmaq istəyərdim. İdmanın elə bir növünü seçərdim ki, orada insan faktoru olmasın, çünki insanların, daha dəqiq desək, münsiflərin fikirləri həmişə subyektiv olur. Məsələn, 100 metr məsafədə qaçıb birinci olursan. Artıq sənə heç bir irad tutula bilməz. Hətta həmin idmançını sevsələr də, sevməsələr də, bu, artıq faktdır. O, məsafəni hamıdan birinci qət edib.

Ancaq bizim peşəmiz başqa cürdür. Zövqlər müxtəlif olduğundan münasibət də fərqlidir. Ona görə ən böyük və həyata keçməyən arzum idmançı olmaq olub. Bundan sonra olacaq arzumu da elə idmana bağlayıram. Ən böyük istəyim "Wimbledon", "US Open" kimi böyük turnirləri favorit idmançılarımın ifasında izləməkdir. Məsələn, "US Open"də Serena Uilyamsın, yaxud kişilər arasında ən çox sevdiyim tennisçi Rafael Nadalın oyununu izləmək istərdim. Düşünürəm ki, bir gün bu arzum yerinə yetəcək.

İnsan hər yaşda müdrikdir.

Məsələn, 3 yaşlı bir uşaqla söhbət edəndə o elə bir ifadə işlədər ki, sən yaxşı mənada təəccüblənib, "o nə qədər ağıllıdır" deyərsən. Yəni, hər yaş dövrünün öz müdrikliyi var. Heç vaxt 3 yaşlı uşaqdan 20-25 yaşında insanın ağlını, savadını tələb edə bilməzsən. Ümumiyyətlə deyirlər ki, insan yaşa dolduqca müdrikləşir, müəyyən həyat təcrübəsi toplayır, səhvlərini anlayır. Məncə, insan o vaxt müdrikliyə çatır ki, artıq etdiyi səhvi təkrarlamır. Amma bəzən özündən yaşca kiçik insanlarla da ünsiyyətdə olanda onlardan çox ağıllı fikirlər eşidə, müdrikləşə bilərsən. Yəni, bu, yaşla əlaqəli deyil.